AZ

Aİ-nin altı ölkəsində qaz ehtiyatları kritik həddən aşağıdüşdü

Avropa İttifaqının altı ölkəsində yeraltı qaz anbarlarında (YQA) ehtiyatların səviyyəsi 25 faizdən aşağı enib.

Redaktor.az xəbər verir ki, bu barədə RIA Novosti Avropanın qaz infrastruktur operatorlarının assosiasiyası Gas Infrastructure Europe (GIE) tərəfindən fevralın 23-nə olan məlumatlara istinadən xəbər yayıb.

Məlumata görə, qaz ehtiyatlarının ən aşağı səviyyədə olduğu ölkələr Almaniya, Niderland, Fransa, Latviya, Xorvatiya və Belçikadır. Danimarkada vəziyyət nisbətən yaxşıdır bu ölkənin yeraltı qaz anbarlarında doluluq səviyyəsi 26,8 faiz təşkil edir.

Ümumilikdə Avropa ölkələrində yeraltı qaz anbarlarının orta doluluq səviyyəsi 31 faizdən çox deyil. Bu göstərici son 16 ilin statistikası üzrə rekord minimumlardan biri hesab olunur. Daha ağır vəziyyət yalnız 2022-ci ildə, Aİ-nin Rusiya qazından sürətlə imtina cəhdləri və sanksiyalar fonunda yaranmış logistik problemlər zamanı qeydə alınmışdı.

Bəzi ölkələrdə vəziyyət digərlərinə nisbətən daha çətindir. Bu, əsasən, yeraltı qaz anbarlarının həcmi böyük olan və tam doldurulması daha çətin olan dövlətlərə aiddir. Məsələn, Aİ-də yeraltı qaz saxlama gücünə görə lider olan Almaniyada ehtiyatların cəmi beşdə biri qalıb.

Oxşar vəziyyət Avropada yeraltı qaz anbarlarının həcminə görə dördüncü yerdə qərarlaşan Fransada da müşahidə olunur. Təxminən bir həftə əvvəl anbarların doluluq səviyyəsi 25 faizə yaxın olduğu halda, hazırda bu göstərici 21,1 faizə enib.

Latviyada qaz ehtiyatları 20 faizə, Belçikada isə 24 faizə yaxınlaşıb. Ən çətin vəziyyət isə Aİ-də yeraltı qaz anbarlarının həcminə görə üçüncü yerdə olan Niderland və Xorvatiyada qeydə alınıb. Bu ölkələrdə ehtiyatların səviyyəsi müvafiq olaraq 11,8 faiz və 12,7 faiz təşkil edir.

TASS agentliyinin GIE məlumatları əsasında apardığı hesablamaya görə, Avropada yeraltı qaz anbarlarındakı hazırkı ehtiyat səviyyəsi fevral ayının sonu üçün tarixi minimum hesab olunur. Aİ ölkələri ötən yay topladıqları qaz ehtiyatlarını artıq tam istifadə ediblər və əvvəlki illərdə yığılmış strateji ehtiyatlardan istifadə etməyə başlayıblar.

Nuriyyə NATİQQIZI

Seçilən
11
redaktor.az

1Mənbələr