AZ

Hansı partiya sədrinin süni intellekt müavini var?

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə hər bir dövlət qurumunda, xüsusilə nazirliklərdə, rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahələri üzrə müvafiq müavin vəzifələrinin ayrılması zərurətini bildirib.

"Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır", - dövlət başçısı qeyd edib.

Bildirək ki, Azərbaycanda süni intellekt texnologiyalarının inkişafı yalnız dövlət qurumları üçün deyil, eyni zamanda siyasi partiyalar və digər sahələr üçün də getdikcə önəmli bir istiqamətə çevrilir.

Partiyalar cəmiyyətlə əlaqəni gücləndirmək, üzvlərinə məlumatlılıq vermək, qərar qəbulunu sürətləndirmək və kommunikasiya proseslərini təkmilləşdirmək baxımından bu texnologiyalardan faydalana bilərlər. Ona görə də süni intellektin tətbiqi partiyalarda strateji üstünlük və rəqəmsal transformasiya üçün vacib hesab olunur.

Bəs ölkəmizdə hansı partiyalarda süni intellekt istiqaməti üzrə müavin ayrılıb? Hər hansı partiyanın sədrinin süni intellekt üzrə müavini varmı?

Qeyd edək ki, Azərbaycanda yalnız Vəhdət Partiyasında “Simurq” adlı süni intellekt üzrə müavin təyin olunub. Bu barədə partiyanın sədri Adəm İsmayıl Bakuvi “CebheTV”-yə verdiyi müsahibəsində bildirib.

“Cebheinfo.az” bununla əlaqədar partiyalar arasında sorğu keçirib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, partiyada süni intellekt üzrə müavin yoxdur:

“Burada partiyalar nəzərdə tutulmur, bu, əsasən dövlət qurumları üçün nəzərdə tutulub”.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev qeyd edib ki, partiyada süni intellekt üzrə müavin yoxdur:

“Hazırda belə bir məsələ haqqında müzakirəmiz olmayıb. Amma süni intellektdən müəyyən mənada istifadə edirik və bunu təbliğ də edirik. 

Artıq süni intellektdən qaçmaq mümkün deyil. Ona görə də bütün partiya üzvlərimizə onun istifadəsini tövsiyə edirik. Gələcəkdə isə əgər belə bir mütəxəssisimiz olsa və faydasını görsək, yəqin ki, bu addımı atarıq”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə vurğulayıb ki, partiyada hazırda süni intellekt üzrə müavin yoxdur:

“Hələlik dövlət qurumlarında cənab Prezidentin təklifi ilə bu sahəyə diqqət yetiriləcək və nazirliklər səviyyəsində müavin postların yaradılması nəzərdə tutulub. Amma siyasi partiyalarda yaxın dövr üçün belə bir vəzifənin lazım olacağını düşünmürəm.

Təbii ki, texnologiyalara əlçatanlıq və mövcud yeniliklərin tətbiqi baxımından bu prosesləri diqqətdə saxlayırıq. Partiyalarda bu sahədə məlumat və bacarıqlara malik mütəxəssislərimiz var. Ehtiyac olacağı təqdirdə, gələcəkdə yəqin ki, edəcəyik”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev söyləyib ki, partiyada süni intellekt üzrə müavin yoxdur:

“Partiyada süni intellekt üzrə müavin təyin edilməyib. Amma bizim partiyada mənim uşaqlarım süni intellekt üzrə müavin kimi mənə kömək edirlər”. 

Azad Vətən Partiyasının sədri Akif Nağı deyib ki, partiyada süni intellekt üzrə müavin yoxdur:

“İndi getdikcə sürət artır və süni intellektlə bağlı proseslər davam edir. Dövlət səviyyəsində bu məsələyə ciddi diqqət yönəldilir. Hələlik ilk növbədə dövlət qurumlarında müavin vəzifəsi nəzərdə tutulur və bu istiqamətə daha çox diqqət yetiriləcək. Amma zamanla, təbii ki, partiyalarda da belə bir struktur olmalıdır.

Bizdə analitik təhlil mərkəzi fəaliyyət göstərir və orada süni intellekt imkanlarından istifadə olunur. Bu proses yavaş-yavaş irəliləyir, amma konkret şəkildə partiya daxilində müavin təyin etmək müəyyən səbəblərdən hələlik ehtiyac yoxdur.

Lakin təhlil mərkəzinin fəaliyyətini genişləndirərək süni intellekt imkanlarından daha səmərəli istifadə etmək zamanın tələbidir və bu istiqamətdə işlərimiz olacaq”. 

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə bildirib ki, partiyada süni intellekt üzrə müavin yoxdur:

“Ümumiyyətlə, kommunikasiya və əlaqələr məsələsi bizim siyasi şurada iş bölgüsünə görə baxılır. Biz müavin prinsipi ilə təyinat etmirik. Siyasi qurul üzvlərinə elə sahəvi istiqamətlərdə fəaliyyətə nəzarət həvalə olunub. Bu istiqamət üzrə də işlər bu şəkildə baxılır. 

Təbii ki, əgər gələcəkdə belə bir zərurət yaransa, bu məsələ nəzərdən keçiriləcək”.

Azərbaycan Ümid Partiyasının sədr müavini Tamilla Qulami qeyd edib ki, hələlik partiyada süni intellekt üzrə müavin şöbəsi yoxdur:

"Əlbəttə ki, yeni texnologiyalarla ayaqlaşmaq lazımdır, çünki dünya texnologiyalar dünyasıdır. Mən çox istərdim ki, Azərbaycan da dünyada öz texnologiyası və süni intellekt ilə tanınsın.

Bizim kifayət qədər gənclərimiz var ki, ciddi şəkildə süni intellekt sahəsində nailiyyətlər əldə edə bilirlər. Hazırda partiyamızda süni intellekt üzrə müavin şöbəsi yoxdur, amma yaxın zamanda bu istiqamətdə addımlar ata bilərik".

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Açar sözlər:

partiya sədri süni intellekt

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr