AZ

Münhen Hava Limanı və "Lufthansa"da xaos - Sərnişinlər təyyarədə qaldı

Münhen Hava Limanı və "Lufthansa"da xaos - Sərnişinlər təyyarədə qaldı

Almaniyanın mühüm aviasiya mərkəzlərindən olan Münhen Hava Limanı və ölkənin milli aviadaşıyıcısı "Lufthansa" qar fırtınası zamanı yüzlərlə sərnişinin təyyarələrdə aciz qalması səbəbindən sərt tənqidlərlə üzləşib.

Münhen Hava Limanında 19 fevral cümə axşamı gecəsi yaşanan əməliyyat böhranının əks-sədası davam edir. Şiddətli qar və personal çatışmazlığı təxminən 500 sərnişinin gecəni terminal əvəzinə uçuş zolağındakı təyyarələrin içində keçirməsinə səbəb olub. Sinqapur, Kopenhagen və Venesiya reysləri zamanı yaşananlar ictimaiyyətin ciddi narazılığına səbəb olub.

Kopenhagen sərnişinlərinin ifadələrinə görə, uçuşların ləğv edildiyi gecə yarısından sonra elan olunsa da, sərnişinləri terminala daşımaq üçün bir dənə də olsun avtobus tapılmayıb. Əsas ehtiyaclara çıxışın məhdud olduğu dar kabinlərdə saatlarla gözlədilən sərnişinlər hava limanı və aviaşirkət rəhbərliyinin məsuliyyəti bir-birinin üzərinə atmasına etiraz ediblər. Hər iki tərəfin məsuliyyətdən qaçması sərnişin hüquqları və aviasiya təhlükəsizliyi standartlarının sorğulanmasına səbəb olub. Yaşanan böhran ictimaiyyətdə idarəçilik iflası və ağır səhlənkarlıq kimi qiymətləndirilir.

Avropanın ən müasir tranzit mərkəzlərindən biri hesab edilən Münhen Hava Limanı və "Lufthansa"nın böhran idarəetmə potensialı yaşananlardan sonra ciddi nüfuz itkisi ilə üzləşib. Alman mətbuatındakı analizlərdə hava şəraitinin günlər öncədən proqnozlaşdırılmasına baxmayaraq, zəruri tədbirlərin görülməməsi əməliyyat zəifliyi kimi dəyərləndirilib.

Şərhlərdə bildirilib ki, Münhendə baş verənlər Alman infrastrukturunun nə qədər kövrək hala gəldiyinin sübutudur: "Avropanın ən müasir hava limanlarından biri bir gecəlik qar ilə funksiyasız bir terminala çevrildi".

Artan narazılıqlardan sonra "Lufthansa" və Münhen Hava Limanı rəhbərliyi rəsmi açıqlama yayıb. Tənqidlərin hədəfində olan "Lufthansa" təyyarələrin hava limanı qaydalarına uyğun olaraq uzaq dayanacaqlarda gözlədildiyini açıqlayıb. Açıqlamada terminal qapılarının dolu olması və avtobus çatışmazlığı səbəbindən təxliyənin gecikdiyi bildirilərək aşağıdakı ifadələrə yer verilib:

"Heyətimiz sərnişinləri daim məlumatlandırmış, təyyarədəki imkanlar daxilində qida və içki xidməti ilə ən yaxşı qayğını göstərməyə çalışmışdır. Sərnişinlər ancaq saatlar sonra avtobuslarla təxliyə edilə bilmişlər".

Münhen Hava Limanı rəhbərliyi də fövqəladə hallar planlarının mövcud olduğunu və mütəmadi olaraq yeniləndiyini bildirərək, bu vəziyyətdən təsirlənən bütün sərnişinlərdən üzr istəyib.

Seçilən
11
afn.az

1Mənbələr