AZ

İsraildən xəbərdarlıq: Nə şiə, nə sünni oxuna icazə verəcəyik!

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Aralıq dənizi regionu və Yaxın Şərqdə bütöv bir sistem və ittifaq qurulur.

“Bu ittifaqa Hindistan, ərəb ölkələri, Afrika ölkələri, eləcə də Yunanıstan və Kipr kimi Aralıq dənizi dövlətləri daxildir. Həmçinin hazırda adlarını açıqlaya bilmədiyim bəzi Asiya ölkələri də bu quruma qatılır. Məqsədimiz reallığı, qarşıdakı çağırışları və hədəfləri eyni baxış prizmasından qiymətləndirən ölkələr oxu yaratmaqdır. Həm radikal şiə, həm də radikal sünni təhdidlərinə qarşı birgə addımlar atılacaq,” – deyə o bildirib.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Rüstəm Tağızadə deyib ki, Baş nazir Netanyahu regionda həm “radikal şiə oxu”, həm də yaranan “radikal sünni oxu”na qarşı genişmiqyaslı bir ittifaq yaratmaq niyyətini açıqlayıb:

“Hindistan, Yunanıstan, Kipr və adı açıqlanmayan bəzi ərəb, Afrika və Asiya ölkələrini əhatə edəcək bu “altıbucaqlı” (hexagon) struktur, Yaxın Şərq geosiyasətində yeni reallıqların xəbərçisidir.

Netanyahunun bu çıxışı, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən hərbi cinayətlər ittihamı ilə üzləşdiyi, Qəzzadakı müharibə səbəbindən İsrailin beynəlxalq təcridə məruz qaldığı bir məqamda verilib. Belə strateji mesajlar, əsasən bir neçə məqsədə xidmət edir. “İsrail tək deyil, onun güclü müttəfiqləri var” narrativi ictimai rəydə təhlükəsizlik hissini gücləndirir, mövcud siyasətə dəstəyi artırır. Eyni zamanda, Netanyahunun yeni ittifaq qurucusu rolunu vurğulaması, diqqəti beynəlxalq tənqidlərdən başqa istiqamətə yönəltmək məqsədi daşıyır.

“Radikal sünni oxu” kimi qeyri-müəyyən təhdidin vurğulanması, həm Türkiyə kimi regional rəqiblərə, həm də Səudiyyə Ərəbistanı kimi potensial tərəfdaşlara qarşı təzyiq elementinə çevrilə bilər. Lakin ittifaqın uzunömürlülüyü sual altındadır, çünki Netanyahunun siyasi taleyi qeyri-müəyyəndir və onun vizyonuna bağlı qurulan ittifaq da zəif təməl üzərində dayanır.

Hindistanın bu konstruksiyaya daxil edilməsi ittifaqa qlobal ölçü qazandırır. Hindistan üçün İsrail həm müdafiə texnologiyaları təminatçısı, həm də Çinin “Bir Kəmər, Bir Yol” layihəsinə alternativ marşrutların Aralıq dənizinə çıxışı baxımından strateji əhəmiyyət kəsb edir. Lakin bu, Hindistanın ənənəvi enerji tədarükçüləri ilə münasibətlərini gərginləşdirə bilər, çünki ölkənin neftinin böyük hissəsi hələ də Fars Körfəzi ölkələrindən gəlir.

Yunanıstan və Kiprin ittifaqa cəlb edilməsi, İsrailin Şərqi Aralıq dənizindəki enerji ehtiyatlarının (EastMed layihəsi) Avropaya nəqli üçün təhlükəsizliyi təmin etmək məqsədini güdür. Bu həm də bölgədə ən böyük orduya sahib olan və Şimali Kiprə nəzarət edən Türkiyəni enerji oyunundan kənar qoymaq niyyətini göstərir. Nəticədə Ankara ilə münasibətlər daha da gərginləşə və Türkiyəni İranla yaxın əməkdaşlığa sürükləyə bilər”.

Ekspert qeyd edib ki, ittifaqın əsas zəifliyi Səudiyyə Ərəbistanı kimi güclü sünni ərəb dövlətinin iştirak etməməsidir:

“Qəzzadakı müharibə və İsrailin Fələstin siyasəti səbəbindən Ər-Riyadla normallaşma prosesi dayandırılıb. Ərəb dünyasının lideri olmadan qurulacaq ittifaq, ciddi regional dəstəkdən məhrum qalacaq və daha çox “dostluq qrupu” xarakteri daşıyacaq.

Dağınıq coğrafiya və enerji asılılıqları üzvlər arasında ümumi təhlükəsizlik təhdidini zəiflədir. İttifaqın qurulması ABŞ-nin dəstəyinə bağlıdır, çünki Vaşinqton getdikcə daxili problemlərə və Asiya-Sakit okean regionuna (Çinə qarşı) fokuslanır. Heç bir regional güc, təkbaşına ABŞ-nin təmin etdiyi təhlükəsizlik şemsiyəsini əvəz edə bilməz”.

“Nəticə etibarilə, Netanyahunun elan etdiyi “altıbucaqlı” ittifaq, dəyişən Yaxın Şərq geosiyasətində İsrailin özünə yeni yer tapmaq cəhdini əks etdirir. Hindistan, Yunanıstan və Kiprlə əlaqələrin dərinləşdirilməsi İsrailin beynəlxalq təcriddən çıxmaq və iqtisadi-texnoloji əməkdaşlığı genişləndirmək niyyətini göstərir. Lakin Səudiyyə Ərəbistanı, Misir və BƏƏ kimi əsas sünni oyunçular iştirak etmədən, ittifaqın regional təsir gücü məhdud qalır və hazırda daha çox “seçilmiş tərəfdaşlıq” kimi qiymətləndirilə bilər”.

Atilla Rzasoy

 

Seçilən
11
nocomment.az

1Mənbələr