AZ

Ermənistan Pralay alır: Regionda yeni raket yarışı başlayır? TƏHLİL

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

Sülh sazişi danışıqlarından sonra silahlanma ilə İrəvan etimad mühitini sarsıdır

Ermənistan Azərbaycanın hava hücumundan müdafiə imkanlarını neytrallaşdırmaq məqsədilə Hindistan istehsalı olan “Pralay” taktiki ballistik raketlərini arsenalına daxil etməyi nəzərdən keçirir.

Bu addım birbaşa olaraq Azərbaycanın İsrail istehsalı “Barak MX” hava hücumundan müdafiə sistemlərinə qarşı yönəlib.

“Israel Aerospace Industries” (IAI) tərəfindən hazırlanmış “Barak MX” HHM sistemi 150 kilometrədək məsafədə hədəfləri məhv etmək qabiliyyətinə malik modul şəbəkədir və aktiv radar tuşlama sistemi sayəsində klassik ballistik raketlərə qarşı yüksək effektivlik nümayiş etdirir. Məhz bu imkanlar Ermənistanı daha çətin aşkarlanan və tutulması mürəkkəb olan raketlərə yönəldib.

Bu kontekstdə Hindistanın Müdafiə Tədqiqatları və İnkişaf Təşkilatı (DRDO) tərəfindən hazırlanmış “Pralay” raketi İrəvan üçün prioritet seçim kimi qiymətləndirilir. “Pralay” ənənəvi ballistik raketlərdən fərqli olaraq kvazi-ballistik, daha alçaq trayektoriya üzrə uçur və hədəfə yaxınlaşarkən yayınma manevrləri edə bilir. Bu xüsusiyyətlər “Barak MX” kimi müasir HHM sistemlərinin dəqiq tutma nöqtəsini hesablama imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a bildirib ki, Ermənistan son dövrlər, xüsusilə Azərbaycanla sülh sazişinin mətninin paraflanmasından sonra Hindistandan müxtəlif təyinatlı silah sistemləri əldə etmək istiqamətində fəallığını artırıb. Ekspertin fikrincə bu proses regionda etimad mühitinin formalaşdırılmasına xidmət etmir və sülh gündəliyinin praktiki mərhələyə keçidi baxımından əlavə suallar yaradır:

“Xatırladım ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfindən istifadə edilən bir sıra taktiki və ballistik raketləri havada zərərsizləşdirə bilmişdi. Bu nəticənin əldə olunmasında ölkənin çoxpilləli hava hücumundan müdafiə şəbəkəsi mühüm rol oynadı. Xüsusilə İsrail istehsalı “Barak MX” hava hücumundan müdafiə sistemi və S-300 zenit-raket kompleksləri strateji obyektlərin və yaşayış məntəqələrinin qorunmasında effektiv istifadə olundu. Bu sistemlər raketlərin trayektoriyasını erkən mərhələdə aşkarlamaq, izləmək və məhv etmək imkanları sayəsində mümkün itkilərin qarşısının alınmasına ciddi töhfə verdi. Məhz bu təcrübə göstərdi ki, regionda artıq yalnız hücum silahlarının deyil, raketdən müdafiə və hava hücumundan müdafiə texnologiyalarının da həlledici rolu var. Ermənistanın silahlanmasında mövcud olan bir çox silah sistemi əsasən Rusiya istehsalı olan və texnoloji baxımdan köhnəlmiş nümunələrdir. Bu silahların dəqiqliyi və effektivliyi də ciddi suallar doğurur. Azərbaycanda isə operativ-taktiki raket kompleksləri sırasında İsrail istehsalı olan yüksək dəqiqlikli “LORA” sistemləri mövcuddur. Bundan əlavə, yeni raket kompleksləri də hərbi paradda nümayiş etdirilib”.

Ə. Verdiyev qeyd edib ki, Ermənistanın Hindistandan daha manevrli və tutulması çətin hesab edilən raket kompleksləri əldə etməyə çalışması da müəyyən mənada Azərbaycanın mövcud HHM imkanlarını kompensasiya etmək cəhdidir:

“Digər tərəfdən, Ermənistanın arsenalında olan raket komplekslərinə yaxın imkanlara malik, eyni zamanda 8 hədəfə paralel şəkildə atəş aça bilən “Polonez” reaktiv yaylım atəş sistemlərimiz də var. Ermənistan isə, görünür, aradakı hərbi-texnoloji fərqi azaltmaq məqsədilə Hindistandan “Pralay” taktiki raket komplekslərini əldə etməyə çalışır. Məlumatlara əsasən, Ermənistan və Hindistan arasında “Pralay” raketləri ilə bağlı danışıqlar yekun mərhələyə yaxınlaşıb. Razılaşma baş tutacağı təqdirdə, Ermənistan bu raketin ilk xarici alıcısı olacaq və bu da Azərbaycanın arsenalında mövcud olan “LORA” ballistik raketlərinə qarşı əlavə balans yaratmaq məqsədi daşıyacaq.

Fikrimcə silahlanma yarışının genişlənməsi real təhlükəsizlik təminatı yaratmır, əksinə, tərəflərin hərbi planlaşdırmada yenidən ssenarilər qurmasına səbəb olaraq siyasi razılaşmaların davamlılığını risk altına sala bilər. Bu baxımdan, hərbi balansın süni şəkildə dəyişdirilməsi cəhdləri bölgədə uzunmüddətli sabitliyə deyil, daha çox qarşılıqlı çəkindirmə modelinin sərtləşməsinə xidmət edir və gözlənilən sülh sazişinin ruhuna uyğun gəlmir.

 “Pralay” raket komplekslərinin indiyədək intensiv müharibə şəraitində tətbiq edilmədiyini xatırladan hərbi ekspert deyib ki, bu raketləri bu günə qədər heç bir ölkə satın almayıb:

“Lakin onların müəyyən müsbət xüsusiyyətlərə malik olduğunu da inkar etmək olmaz. Ermənistanın bu raketləri əldə etməsi istisna deyil. Ancaq bu, yalnız ixrac (export) versiyası çərçivəsində mümkündür. Yəni atəş məsafəsinin 300 kilometrədək, döyüş başlığının kütləsinin isə 500 kiloqramadək məhdudlaşdırılması şərti ilə Ermənistan həmin sistemləri ala bilər. Hesab edirəm ki, Azərbaycan tərəfi Ermənistanın silahlanmasına qarşı müəyyən addımlar atmalıdır. Hamıya məlumdur ki, Ermənistan bu silahlardan bu gün istifadə etməsə belə, gələcəkdə ölkədə hakimiyyət dəyişər və revanşist qüvvələr iqtidara gələrsə Azərbaycana qarşı tətbiqi tamamilə mümkündür. Buna görə də hökumət bu məsələləri daim diqqətdə saxlamalıdır. Ermənistanın intensiv şəkildə silahlanması kövrək sülhü yenidən poza bilər.

Bu isə nəticə etibarilə Cənubi Qafqazda formalaşmaqda olan təhlükəsizlik mühitini yenidən Ermənistanın ucbatından risk altına salar. Ermənistanın Hindistandan taktiki raket kompleksləri almağa çalışması mövcud güc balansındakı fərqi azaltmağa yönəlmiş addım kimi qiymətləndirilə bilər. Ermənistanın qonşuluğunda olan digər dövlətlərlə müharibə niyyətinin olmadığı məlumdur və onun hərbi doktrinasında da belə bir istiqamət göstərilmir.

Lakin Azərbaycana qarşı ərazi iddialarının hələ də Ermənistan Konstitusiyasında qalması fonunda bu silahlanma prosesi birmənalı şəkildə Azərbaycana qarşı yönəlmiş fəaliyyət kimi dəyərləndirilə bilər.”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
sherg.az

1Mənbələr