Türkiyəli alimlər Ay və Mars torpağının imitasiyasında pomidor yetişdiriblər.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Türkiyəli alimlər kosmik tədqiqatlar sahəsində mühüm uğura imza ataraq, Ay və Marsın reqolit (səth toz və süxur təbəqəsi) imitatorları üzərində pomidor yetişdirməyə nail olublar.
TÜBİTAK-ın dəstəyi ilə həyata keçirilən və Ege Universitetinin Biologiya fakültəsinin dosenti Rengin Özgür Uzildayın rəhbərlik etdiyi layihə çərçivəsində ilk dəfə olaraq bu planetlərin səth şəraitini simulyasiya edən mühitdə məhsul alınıb.
Tədqiqatın əsas məqsədi ekstremal şəraitə davamlı bitkilərdən istifadə etməklə Ay və Mars torpağını kənd təsərrüfatı üçün yararlı hala gətirməkdir. Alimlər bu prosesdə bitkilərin stressə qarşı verdiyi reaksiyaları və inkişaf yollarını dərindən araşdırırlar.
Layihə üzərində Rengin Özgür Uzilday ilə yanaşı, onun həyat yoldaşı dosent Barış Uzilday və Ege Universitetinin Kənd təsərrüfatı fakültəsinin dosenti Tansel Kayqısız da fəaliyyət göstərirlər.
“Ay və Mars reqolit imitatorlarının kənd təsərrüfatı üçün yararlı hala gətirilməsi” adlı layihə çərçivəsində sınaqlar və laboratoriya təcrübələri hazırda da davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az