
ABŞ-ın şimal-şərqində tüğyan edən şiddətli qar fırtınası həyatı iflic edib. Hazırda 40 milyondan çox insan fırtına xəbərdarlığı ilə üz-üzədir.
AFN.az xəbər verir ki, Milli Meteorologiya Xidməti şimal-şərq sahillərində "bomba siklonu" kimi xarakterizə edilən fərtına nəticəsində qar örtüyünün bəzi bölgələrdə 60-70 santimetrə çatacağı barədə xəbərdarlıq edib.
7 ştatda "Fövqəladə vəziyyət"
Qar fırtınası xüsusilə Nyu-York, Filadelfiya və Boston kimi iri şəhərlərdə gündəlik həyata ciddi zərbə vurub. Ümumilikdə 7 ştatda (Nyu-York, Nyu-Cersi, Konnektikut, Delaver, Rod-Aylend, Massaçusets və Pensilvaniya) qubernatorlar tərəfindən "Fövqəladə vəziyyət" elan edilib. Vətəndaşlara şərait yaxşılaşana qədər evlərini tərk etməmək tapşırılıb.
Nəqliyyat və enerji infrastrukturu çöküb
Aviareyslər: "Flightaware" saytının məlumatına görə, əksəriyyəti Nyu-York, Nyu-Cersi və Boston hava limanlarında olmaqla, 5 mindən çox uçuş ləğv edilib.
Elektrik kəsintiləri: "Poweroutage" portalı xəbər verir ki, şiddətli külək və qar səbəbindən 680 minə yaxın təsərrüfat işıqsız qalıb. Ən ağır vəziyyət 290 min abonentlə Massaçusets və 130 min abonentlə Nyu-Cersi ştatlarındadır.
Hərəkət məhdudiyyəti: Nyu-Yorkun meri Zohran Mamdani vacib ehtiyac olmadığı təqdirdə nəqliyyatla yola çıxmamaq barədə xəbərdarlıq edib. Bir çox magistral yollar, körpülər və küçələr hərəkət üçün bağlanıb. Nyu-Cersidə isə günorta saatlarına qədər səyahət qadağası qüvvədədir.
Meteoroloqlar qar fırtınasının bu gün günortadan sonra səngiyəcəyini proqnozlaşdırırlar.