AZ

Meksikada iğtişaşlar zamanı həbsxanadan 23 məhbus qaçıb

Meksikada "Halisko yeni nəsil" narkotik kartelinin başçısının öldürülməsindən sonra başlayan iğtişaşlar zamanı Halisko ştatının Puerto Vallarta şəhərindəki regional həbsxanadan azı 23 nəfər qaçıb.

"Report"un məlumatına görə, "Nmas" telekanalı bu barədə ştatın ictimai təhlükəsizlik katibi Xuan Pablo Hernandezə istinadən xəbər verib.

"Hazırda yoxlamada olan məlumatlara əsasən azadlıqdan məhrum edilmiş 23 nəfər qaçıb. Onların tutulması üçün federal orqanlara müvafiq xəbərdarlıqlar göndərilib", - o deyib.

Rəsmi şəxsin sözlərinə görə, qaçış məhbusların əlbir olduğu şəxslərin iğtişaşlar zamanı həbsxanaya atəş açmasından, daha sonra isə nəqliyyat vasitəsindən istifadə etməklə qapıları sındıraraq müəssisəyə daxil olmalarından sonra mümkün olub. Atışma zamanı həbsxana mühafizəçilərindən biri öldürülüb.

Daha əvvəl Meksikanın Milli Müdafiə Nazirliyi "El Menço" kimi tanınan kartel lideri Ruben Oseqer Servantesin zərərsizləşdirildiyini açıqlayıb. Nazirliyin məlumatına görə, o, təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı ağır yaralanıb və hərbi xəstəxanaya aparılarkən ölüb.

Xüsusi əməliyyatdan sonra ölkə daxilində geniş yayılmış yolların bağlanması, avtomobillərin və kommersiya obyektlərinin yandırılması barədə məlumat verilib. Meksika Prezidenti Klaudiya Şeynbaum bazar ertəsi gününə qədər ictimai təhlükəsizlik sahəsində vəziyyətinin tamamilə nəzarət altına alındığını bildirib.

Seçilən
18
far.az

1Mənbələr