Suraxanı Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Mehdi Səmədovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Muradovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Mehdi Səmədov Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilib.
İttihama əsasən, Mehdi Səmədov zərərçəkmiş - “Rifah Qrup” MMC-nin direktoru ilə 03 aprel 2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən şirkətə məxsus “Evol” mebel mağazasında mağaza meneceri vəzifəsində işləyib. Eyni tarixdə onunla tam maddi məsuliyyət haqqında müqavilə də bağlanıb və ona etibar edilmiş nağd pul və digər maddi sərvətlərin qorunması öhdəliyi tapşırılıb.
Araşdırma zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs 15 iyul 2023-cü il tarixdən 03 noyabr 2023-cü il tarixədək olan müddətdə mağazada satılmış mallara görə müxtəlif müştərilərdən qəbul etdiyi vəsaitləri kassaya mədaxil etməyib. Belə ki, ayrı-ayrı şəxslərdən 150 manat, 460 manat, 1000 manat, 1320 manat və 1655 manat məbləğində pul vəsaitləri qəbul edilsə də, həmin məbləğlər kassaya köçürülməyib.
Bundan əlavə, 03 noyabr 2023-cü il tarixli aktla mağaza bağlanarkən aparılmış inventarlaşma zamanı anbarda 243 manat dəyərində bir ədəd çarpayı, kassada isə 1483 manat məbləğində pul çatışmazlığı aşkar edilib. Nəticədə, zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 6311 manat məbləğində ziyan vurulduğu müəyyən olunub.
Məhkəmə iclasında Mehdi Səmədov elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib və ibtidai istintaqda verdiyi ifadəni təsdiqləyib. O deyib ki, 03 aprel 2023-cü il tarixdən “Rifah Qrup” MMC-də mağaza müdiri kimi işləməyə başlayıb, sonradan Hövsan qəsəbəsində yerləşən “Evol-Hövsan” mağazasına rəhbərlik edib. 03 noyabr 2023-cü ildə mağaza bağlandıqdan sonra aparılmış sayım zamanı çatışmazlıq müəyyən olunub.
Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, müxtəlif müştərilərdən alınmış ödənişləri – o cümlədən 1320 manat, 460 manat, 1655 manat, 150 manat və 1000 manat məbləğlərini kassaya köçürməyərək şəxsi ehtiyaclarına sərf edib. Onun sözlərinə görə, atası onkoloji xəstə olduğundan həmin vəsaitləri müalicə xərclərinə yönəldib və ay sonunda qaytarmaq niyyətində olub. Lakin mağaza bağlandığı üçün bunu edə bilməyib. O, xəstəxana xərclərinə dair sənəd təqdim edə bilmədiyini də bildirib.
Mehdi Səmədov həmçinin söyləyib ki, işlədiyi dövrdə əmək haqqı tam şəkildə verilməyib və kassada yaranmış 1483 manat çatışmazlıq əmək haqqı ilə əlaqələndirilib. O, şirkətin baş mühasibi tərəfindən bir sıra qanunsuzluqların törədildiyini və həmin şəxs barəsində hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxıldığını bildirib.
Sonuncu məhkəmə iclasında təqsirləndirilən şəxs vurduğu zərəri tam ödədiyini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini və mülki iddianı da tam həcmdə ödədiyini qeyd edib. O, əməlindən peşman olduğunu bildirərək barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş edib.
Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiqləyərək bildirib ki, “Rifah Qrup” MMC mebel və məişət əşyalarının satışı ilə məşğuldur və təqsirləndirilən şəxs əvvəlcə “Evol-Hökməli”, daha sonra “Evol-Hövsan” mağazasında mağaza meneceri kimi fəaliyyət göstərib. Onun sözlərinə görə, şirkətdə aparılmış yoxlama zamanı satılmış mallara görə qəbul edilmiş bəzi ödənişlərin kassaya köçürülmədiyi müəyyən edilib.
Nümayəndə məhkəmədə deyib ki, Mehdi Səmədov tərəfindən vurulmuş zərər və mülki iddia tam şəkildə ödənildiyindən hazırda şirkətin ona qarşı heç bir şikayət və tələbi yoxdur.
Həmçinin, MMC-nin direktoru tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 24 dekabr 2025-ci il tarixli ərizədə də Mehdi Səmədov tərəfindən dəymiş ziyanın tam ödənildiyi və şirkətin ona qarşı hər hansı iddia və tələbinin olmadığı göstərilib.
Kamal Məmmədov