AZ

Su çərşənbəsi ilkin yaradılışın rəmzidir - Aytən Cəfərova (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

Təbiətin ölüb-dirilməsi, Boz ay mərhələsi və ilaxır çərşənbələrin mifoloji kökləri Azərbaycan folklorunda xüsusi yer tutur.

Bu barədə Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri Aytən Cəfərova TurkicWorld- ə müsahibəsində danışıb.

Ekspert bildirib ki, xalq təsəvvüründə qış Böyük Çillə, Kiçik Çillə və Boz ay olmaqla üç mərhələyə bölünür və qədim inanclarda bu dövr təbiətin “ölməsi” kimi xarakterizə olunur.

“Boz ay dönəmində ölmüş sayılan təbiət yenidən dirilir. Elə buna görə də Boz ay xalq arasında ‘ağlar-gülər ay’ adlandırılır. Bu mərhələ ilin sonuncu çərşənbələrinin cəmləşdiyi zamandır”, – deyə o vurğulayıb.

“İlaxır çərşənbələr mifoloji düşüncədən qaynaqlanır”

Aytən Cəfərovanın sözlərinə görə, Novruz mərasiminin öncəsi olan çərşənbələr qədim mifoloji təsəvvürlərlə sıx bağlıdır.

“Su, od, yel və torpaq dünyanın yaranmasında iştirak edən yaradıcı ünsürlər kimi xalq təfəkküründə dərin iz buraxıb. İlaxır çərşənbələrin bu ünsürlərlə əlaqələndirilməsi də həmin mifoloji düşüncənin davamıdır”, – deyə folklorşünas qeyd edib.

“Su – ilkin yaradılışın stixiyasıdır”

Alim vurğulayıb ki, su türk mifoloji sistemində xüsusi mövqeyə malikdir.

“Su aydınlıq, saflıq və sağlamlıq rəmzidir. ‘Su kimi təmiz’, ‘su qədər saf’ ifadələri xalqın suya münasibətini göstərir. Su dünyanın ilkin yaradılış stixiyasıdır və mifoloji düşüncədə yaradıcı başlanğıc hesab olunur”, – deyə o bildirib.

Aytən Cəfərova əlavə edib ki, Azərbaycan nağıllarında su övlad bəxş edən, möcüzə yaradan qüvvə kimi təqdim olunur. “Kəl Həsənin nağılı”, “Reyhanın nağılı” kimi süjetlərdə suyun həyatverici funksiyası aydın şəkildə görünür.

“Su çərşənbəsi Novruzun başlanğıcı sayılır”

Folklorşünasın sözlərinə görə, su ilə bağlı mifoloji düşüncələr mövsüm mərasimlərinə də təsir göstərib.

“Boz ayın ilk çərşənbəsi ilkin yaradılışın başlanğıcı olan su ilə bağlanır və Su çərşənbəsi adlanır. Bu gün xalq arasında ‘Sular Novruzu’, ‘Gözəl çərşənbə’ kimi də tanınır”, – deyə o bildirib.

Aytən Cəfərova qeyd edib ki, xüsusilə Naxçıvan bölgəsində su çərşənbəsi ilə bağlı çoxsaylı ayinlər icra olunur. Axar suya getmək, evə təzə su gətirmək, həyətə su səpmək, yuxunu suya danışmaq kimi rituallar qədim su kultunun izləridir.

“Su çərşənbəsində axar su üzərindən tullanmaq, su içərək arzu tutmaq, qorxusu olan insanın başına su qırxlamaq kimi mərasimlər bu gün də yaşayır”, – deyə o vurğulayıb.

“Su kultu türk dünyasında sakral məna daşıyır”

Alim bildirib ki, su kultu təkcə Azərbaycan folklorunda deyil, ümumtürk mifoloji sistemində özəl yer tutur.

“Xalq deyimlərində – ‘Suyun lalından, adamın yerə baxanından qorx’, ‘Səfərə çıxanın arxasınca su atarlar’ kimi ifadələr suyun sakral statusunu göstərir”, – deyə o qeyd edib.

Müsahibənin sonunda Aytən Cəfərova bildirib ki, Su çərşənbəsi xalqın yaddaş kodu, milli kimliyin mühüm tərkib hissəsidir:

“Su çərşənbəsi insanın paklanması, yenilənməsi və ümidin təzələnməsi günüdür. Dədə Qorqudun alqışında deyildiyi kimi, ‘Qamən axan görklü suyunuz qurumasın!’”.

Seçilən
13
turkic.world

1Mənbələr