AZ

“Gənclər çərşənbələrimizi, kosa-keçəli məsxərəyə qoyurlar, sən bunu edəndən sonra əcnəbi nə etsin?” - FOTO+ÖZƏL

“Su Novruzun ilk çərşənbəsidir. O vaxt su üzərindən hoppanırdılar, suya arzular danışardılar və evə bulaqdan su aparardılar. Tanrı ilk olaraq suyu yaradıb. Ona görə də dünya sudan başlayır. Bulaq başından gətirilən su həyət-bacaya səpilər, quyuların, ağacların dibinə tökülərdi ki, il bərəkətli, ruzili olsun. Bu çərşənbədə süfrəyə su qoyulur və o sudan hamı içir. Ümumilikdə götürəndə Novruz bayramı böyük bir mədəniyyət, mənəviyyat kompleksidir. Burada xalqın bütün təsərrüfat həyatı, düşüncələri, sabaha olan inamı, yaşam tərzi, folkloru öz əksini tapıb. Bəzən görürsən ki, onun içərisində vaxtilə uşaqlar üçün əyləncələr də nəzərdə tutulub. Yumurta döyüşdürmək, qapı pusmaq və s. Uşaqların da bu çərşənbələrdə aktiv iştirakını nəzərə alıblar. Çərşənbələr təbiətin oyanması ilə bağlı olaraq 4 ədəddir. Həqiqətən də bu gün elm sübut edir ki, insan yaşayışında 4 ünsürün vacibiyyəti mütləqdir. Bunlar su, od, torpaq və küləkdir. Təbiətin oyanışını özündə ehtiva edir. Çərşənbələr hər həftənin ikinci günü qeyd olunur. Yalnız ikinci günlər xatırlanır. İkinci gün bütün dünya xalqlarında təbiətin təqvimi ilə uyğun gəlir”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış etnoqraf-tarixçi Təvəkkül Səlimov deyib.
 
O daha sonraa getdikcə bəzi adətlərin unudulduğunu bildirib:
“Çərşənblər onu təsdiq edir ki, insan əsrlərcə, minilliklərcə təbiətdən asılı olub. Təbiətlə bağlı olub. İnsan təbiətin bir parçasıdır. Bu həqiqətdir. Bütün xalq oyunlarımızın 90 faizi Novruzda yaranıb. Arzulayıram ki, bu Novruzda da ilimiz bərəkətli gəlsin. İlk çərşənbədə gərək yaxşı şeylər arzulayasan, ürəyindən yaxşı şeylər keçirəsən ki, bayram da gözəl gəlib keçsin. Ona görə də deyirlər ki, bir qapını pusmağa gedəndə yaxşı niyyətlə get ki, yaxşı sözlər eşidəsən. Evdə də yaxşı söz danış ki, sənin sözün kiminsə bəlkə taleyində bir rol oynadı?! Bu inancların real kökü var. Bir də ondan narazıyam ki, gənclər son illər Novruza, onun çərşənbələrinin üstünə hücuma keçiblər. Amerikanlılar görün öz milli bayramlarını necə dünya səviyyəsinə gətirib çıxardılar?! Görün onların gəncləri nə gözəl təbliğ edir?! Bizdə də yaxşı, savadlı gənclər var. İstəsələr Novruzu, milli çərşənbələrimizi dünyada təbliğ edə bilərlər. Belədə ki, dünya istəyir qəbul etsin, istəyir yox. Novruz da, onun çərşənbələri də mənim doğma, milli bayramımdır. Biz milli-mənəvi dəyərlərimizi qoruyub saxlamalıyıq. Bəzən keçəl-kosanı məsxərəyə qoyurlar. Sən bunu edəndən sonra daha xarici nə etsin?”, - deyə Təvəkkül Səlimov bildirib.
Seçilən
19
moderator.az

1Mənbələr