AZ

Ağ Evdən verilən mesajlar

Tramp administrasiyasının yeni siyasi kursu və prioritetləri

Ağ Evdə keçirilən son mətbuat brifinqi ABŞ siyasətinin yaxın aylarda hansı istiqamətlərdə formalaşacağını aydın nümayiş etdirdi. Prezident Donald Trampın mətbuat katibi tərəfindən təqdim olunan açıqlamalar yalnız gündəlik siyasi xəbərlərin xülasəsi deyildi, həm də administrasiyanın iqtisadiyyat, enerji, təhlükəsizlik və daxili siyasət üzrə strateji xəttinin konturlarını ortaya qoydu.

Təhlükəsizlik gündəminin ön plana çıxması

Brifinq emosional tonla başlandı. Ağ Ev rəhbərliyi ölkədə böyük rezonans doğurmuş Savanna Qutri işi ilə bağlı yeni müşahidə görüntülərini şəxsən prezident Trampın izlədiyini açıqladı. Prezident bütün amerikalıları Federal Təhqiqat Bürosu (FBI) ilə əməkdaşlığa çağıraraq hadisənin milli təhlükəsizlik və ictimai təhlükəsizlik məsələsi kimi qəbul edildiyini göstərdi. Bu yanaşma Tramp administrasiyasının cinayətkarlıq və hüquq-mühafizə mövzularını siyasi gündəmin mərkəzində saxladığını bir daha təsdiqlədi.

Həftənin əsas beynəlxalq hadisəsi İsrailin baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə keçirilmiş görüş oldu. Bu görüş ABŞ-İsrail münasibətlərinin yeni mərhələyə daxil olmasının siqnalı kimi qiymətləndirilir. Vaşinqtonun Yaxın Şərq siyasətində təhlükəsizlik əməkdaşlığını prioritet saxlaması Trampın əvvəlki prezidentlik dövründə formalaşdırdığı xəttin davamı kimi görünür.

Administrasiya həftənin əsas mövzularından birini enerji sektoruna həsr edib. Prezident Tramp “clean beautiful coal” adlandırdığı kömür enerjisinin ABŞ üçün ən etibarlı və ucuz enerji mənbələrindən biri olduğunu vurğulamağa hazırlaşır. Son qış fırtınaları zamanı yüz milyonlarla amerikalının enerji təminatında yaranan risklər bu arqumenti gücləndirən əsas fakt kimi təqdim olunur. Eyni zamanda, 2009-cu ildə - Obama administrasiyası dövründə qəbul edilmiş “endangerment finding” qərarının ləğvi planlaşdırılır. Ağ Ev bunu ABŞ tarixində ən böyük derequlyasiya addımı kimi təqdim edir və hesab edir ki, bu qərar iqtisadiyyatın təxminən 1,3 trilyon dollar həcmində yükünü aradan qaldıracaq. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) hesablamalarına görə, yeni avtomobillərin qiymətində orta hesabla 2400 dollar qənaət mümkün olacaq.

Vergi siyasəti və orta sinfə mesaj

Brifinqdə iqtisadi mövzu xüsusi yer tutdu. Administrasiya Tramp tərəfindən imzalanmış vergi islahatını ABŞ tarixində orta sinfə ən böyük vergi güzəşti kimi təqdim edir. Yeni qaydalara əsasən, bəxşişlərdən və əlavə iş saatlarından vergi tutulmur, sosial təminat ödənişlərinə qoyulmuş vergi yüngülləşdirilir, uşaq vergi kreditləri artırılır, ABŞ istehsalı avtomobillər üçün kredit faizlərinə güzəştlər tətbiq olunur. Ağ Ev artıq ölkə üzrə minlərlə ailənin minlərlə dollar qənaət etdiyini bildirərək bu siyasəti yaşayış xərclərinin azaldılması strategiyasının əsas elementi kimi qələmə verir.

“Trump Accounts”: yeni sosial-iqtisadi model

Administrasiyanın ən diqqətçəkən təşəbbüslərindən biri “Trump Accounts” adlı investisiya proqramıdır. 1 yanvar 2025 - 31 dekabr 2028 tarixləri arasında doğulan hər bir ABŞ vətəndaşı üçün dövlət tərəfindən 1000 dollar başlanğıc kapitalı ayrılması nəzərdə tutulur. Ailələr illik 5000 dollar, işəgötürənlər isə əlavə 2500 dollar yatırmaq imkanına malik olacaq. Ağ Evin hesablamalarına görə, orta bazar gəlirləri qorunduğu halda bu hesabların dəyəri uşağın 28 yaşı tamam olduqda 1,1 milyon dollara çata bilər. Bu təşəbbüs administrasiya tərəfindən “nəsillərarası sərvət formalaşdırılması” modeli kimi təqdim edilir.

Jurnalistlərin suallarına cavabda Ağ Ev qeyri-qanuni miqrasiya məsələsinə münasibətdə mövqeyini bir daha sərtləşdirdi. Administrasiya bildirir ki, ölkədə qanunsuz yaşayan hər bir şəxs deportasiya edilə bilər, lakin prioritet ağır cinayət törədənlərdir. Rəqəmlərə görə, saxlanılan miqrantların təxminən 70 faizi cinayət ittihamı və ya məhkumluq tarixçəsinə malikdir. Maraqlı məqam isə “zorakılıq olmayan cinayətlər” kateqoriyasına narkotik ticarəti, insan alveri, uşaqlara qarşı cinayətlər və maliyyə fırıldaqları kimi ağır hüquq pozuntularının daxil edilməsi oldu.

İnfrastruktur, sərhəd divarı və “America first”

Brifinq zamanı Kanada ilə Detroytu birləşdirən “Gordie Howe” körpüsü ətrafında yaranan mübahisə də gündəmə gəldi. Prezident Tramp layihədə ABŞ-ın daha böyük paya sahib olmalı olduğunu bildirərək iqtisadi faydaların bölüşdürülməsi məsələsini qaldırıb. Bu mövqe administrasiyanın klassik “America first” yanaşmasının davamı kimi qiymətləndirilir. Eyni zamanda, Texas sərhədində divar tikintisinin sürətləndirilməsi prezidentin əsas prioritetlərindən biri olaraq qalır. Brifinqin sonunda Ağ Ev media ilə münasibətlərdə açıq narazılıq nümayiş etdirdi. Mətbuat katibi iqtisadi göstəricilərin - “Dow Jones” indeksinin 50 min həddini ilk dəfə keçməsi, cinayət səviyyəsinin 125 ilin ən aşağı göstəricisinə düşməsi, kirayə qiymətlərinin 4 ilin minimumuna enməsi kimi xəbərlərin mediada kifayət qədər işıqlandırılmadığını vurğuladı. Bu çıxış administrasiyanın informasiya mübarizəsini də siyasi strategiyanın ayrılmaz hissəsi kimi gördüyünü göstərdi.

Seçkiqabağı siyasi arxitektura

Ağ Evdəki son brifinq Tramp administrasiyasının bir neçə istiqamətdə paralel şəkildə hərəkət etdiyini göstərir: enerji derequlyasiyası, sərt miqrasiya siyasəti, vergi güzəştləri, milli sənayenin qorunması və so?ial investisiya proqramları. Bu yanaşma iqtisadi populizm, milli iqtisadiyyatın müdafiəsi və təhlükəsizlik diskursunun sintezindən ibarət yeni siyasi model formalaşdırmağa yönəlib. Vaşinqtondan verilən mesaj aydındır: administrasiya iqtisadi artım və milli təhlükəsizliyi eyni siyasi paketdə təqdim etməklə həm daxili auditoriyaya, həm də beynəlxalq tərəfdaşlarına ABŞ siyasətində yeni mərhələnin başlandığı mesajını verir.

Seçilən
16
yeniazerbaycan.com

1Mənbələr