AZ

Biləsuvarda rəqəmsal savadlılıq təlimləri keçirilib

Azərbaycanın dünya ədəbiyyatına bəxş etdiyi ən qüdrətli şairlərdən biri də dahi Nizami Gəncəvi ilə eyni dövrdə yaşamış Əfzələddin Xaqani Şirvanidir. Onun çox zəngin ədəbi irsi var. Klassik poeziyanın demək olar ki, bütün janrlarında şeirlər yazıb.  

Əsərlərinin hamısı ərəb və fars dillərindədir. Əksər araşdırıcılar bunu dövrün, zamanın tələbi ilə əlaqələndirirlər. Ancaq hansı dildə yazılmasından asılı olmayaraq, bu əsərlərin çoxu türk ruhuyla yoğrulub. Onun şeirlərinin çoxunun türk düşüncəsindən süzülüb gəldiyini duymaq çətin deyil. Şair bütün yaradıcılığı boyu zəngin türk ağız ədəbiyyatından böyük ustalıqla bəhrələnmiş, onun obraz, süjet və motivlərindən dönə-dönə istifadə etmiş, bu yolla fikrin poetik ifadəsini daha da gücləndirmişdir.

Xaqani Şirvaninin yaradıcılığını şərti olaraq iki dövrə bölmək olar. Bu bölgü zamanla yox, əsərlərin məzmunu ilə bağlıdır. Birinci dövrdə şair daha çox mədhiyyələr düzüb-qoşmuş, məddah kimi tanınmışdır. Odur ki, bir çox çağdaşları onu saray şairi adlandırmışlar. Yaradıcılığının ikinci dövründə yazdığı əsərlər Xaqaniyə şöhrət qazandırmış, onu xalqa sevdirmiş, adı dildən-dilə düşüb, eldən-elə gəzmişdir. Çünki bu əsərlərdə şair mədhiyyəçilikdən uzaqlaşmış, insan taleyini ön plana çəkmiş, müasirlərinin arzu və hisslərinin, duyğu və düşüncələrinin bədii ifadəsinə üstünlük vermişdir.

Şair yaradıcılığının ikinci dövründə şahların və onların ətrafındakı əyan-əşrəflərin zülmü, haqsızlığı, ədalətsizliyi, habelə xalqın dərisini soyan amansız qanun-qaydalarıyla barışmır. Əzilən, tapdalanan, haqqı yeyilən, min cür əzab-əziyyət çəkən insanların dərdini-sərini, duyğu və düşüncələrini qələmə alırdı. Əgər mədhiyyələrində şahları, varlı və imkanlı adamları, vəzifə tutanları tərifləyirdisə, sonrakı şeirləri büsbütün xalq ruhuyla yoğrulmuşdu. "Zəmanədən şikayət", "Yenə zəmanədən şikayət", "Zəmanədə axtarma rahatlıqdan bir əsər", "Çörək", "İndi ki, yer üzündə insafdan yoxdur nişan ...", "Cahandan kənarda özünə yer axtar", "Ürəyimə zəmanənin əli neştər vurduğundan...", "Zəmanədə qalmamışdır vəfadan bir əlamət...", "Bu zülmkar dövranda bir vəfa görmədim...", "Nə vaxtadək sitəm çəkəcəyəm mən?" belə şeirlərdir. Şairin onlarla belə kəskin ruhlu, xalqın ürəyindən tikan çıxardan şeiri var. Bu şeirlərin hamısının əsas qayəsi insan, onun həyatı, taleyi, arzu və düşüncələri, hiss və həyəcanlarıdır. Şair bu dövrdə saraya, şahlara, onun ətrafında quyruq bulayıb xalqa zülm verənlərə, zülmə, zalımlığa, haqsızlığa, ədalətsizliyə, bütün bu deyilənlərlə nəfəs alan zəmanəsinə qarşı çox sərt, barışmaz mövqe tutmuşdur.

Xaqani həbsxanada onun əsərlərinin şahı sayıla biləcək "Həbsiyyə"ni yazmışdır. Həcmcə o qədər də böyük olmayan bu əsər şairin həmin vaxtlardakı hiss, həyəcan, duyğu, fikir və düşüncələrinin bənzərsiz poetik ifadəsidir. Bu şeirləri Əhsitan sarayının, ordakı ab-havanın, dövrün güzgüsü adlandırsaq, yanılmarıq. Onlarda  əzən və əzilən, zülm verən və zülm çəkən, haqqı yeyən və haqqı yeyilən, harın və sadə, əli qamçılı və boynu zəncirli, qolu qandallı, ayağı kündəli insan obrazları üz-üzə qoyulur, onların bütün daxili aləmləri, iç dünyaları açılıb göstərilir. Bu şeirləri oxuyub o saray və zaman haqqında çox şeyləri öyrənmək mümkündür.  

"Həbsiyyə"yə daxil olan şeirlər yalnız şairin ağrı-acılarıyla, sızıltılarıyla, türmədə çəkdiyi əzab-əziyyətlərlə, orada verilən işgəncələrlə, ahla, amanla, giley-güzarla yoğrulmayıb. Onlarda şair özünün kimliyini açıb göstərir. Böyüklüyünü, qüdrətini, sözünün dəyərini, kəsərini və zamanın, nadanların gözləri kor olduğuna görə bütün bunları görmədiyini, duymadığını, dəyərləndirmədiyini cəsarətlə qələmə alır. Axı o sarayın da, o zindanın da havasını başda Əhsitan olmaqla şairi sevməyən, ürəklərində millət və Vətən məhəbbəti olmayan insanlar yaratmışdılar. Ancaq şairin qüdrəti o qədər böyüdü ki, onun səsini zindan da boğa bilmirdi. Müşkünün ətri hər yana yayılırdı:

Oxşaram müşkə, məni gər yüz hasara salsalar,

Çulğayar dünyanı öz ətrilə reyhanım mənim.

Yaxud:

Əql məndə, feyz məndə, qəlbü can da məndədir,

Aləmin həqqi nədir ki, verə fərmanım mənim.

Ülviyəm, ruhaniyəm, qeybi doğuldum qüdsdən,

Qoy bunu inkar qılsın xəsm-nadanım mənim.

Bu beytin üçü də "Həbsiyyə"dən götürülüb. "Həbsiyyə"nin poetik dəyərini, fikir tutumunu artıran söz inciləridir. 

Xaqani şeirlərinə bənzərsiz, özünəməxsus, bir-birindən gözəl epitetlərlə, bənzətmələrlə və s. elə bəzəklər, naxışlar vurmuşdur ki, onlar oxuyan adamı heyrətləndirir, ovsunlayır, öz ağuşuna alır, könlünü isidir, ovundurur və düşündürür:

Sirlər yuvasından uçan bir quşam, 

Səslə, qəfəsinə gəlib qonmuşam.

Qızıl papaqlı səhər qəşəng qəba büründü,

Gecə qunduz xəzini atıb, üryan göründü.

Sübh, dağlar başından aşıb gəldi sanki çay,

Sudan çıxan balığa bənzəyirdi göydə ay.

Günəşin nizələri ayın üzünə düşdü,

Bu nizələr qızıldı, Ay haləsi gümüşdü. 

Bənövşəyi niqabda ərəb kimiydi gecə,

Niqabını açırdı o, Günəşi görüncə.

Sübh açılantək gecə qaçdı qara tülkütək,

Başına qoydu papaq saf qızıldan fələk.

Yaralanmış könlüm oxşar barlı arı şanına, 

Verdiyim bal bulanmışdır ürəyimin qanına. 

Bu misraları, beytləri oxuyub heyrətlənməmək mümkündürmü?! Onların hər biri güclü istedadın, hüdudsuz poetik təfəkkürün, elmlə, biliklə, hiss və həyəcanlarla dolu olan ürəyin pıçıltılarıdır. Şeirin dəyəri də məhz həmin misra və beytlərin daşıdığı poetik yükün, bədii fikrin ağırlığıyla, sanbalıyla ölçülür.

Şair birinci beytdə özünü sirlər yuvasından uçan bir quşa bənzədir. Sirlər yuvası deyəndə haranı nəzərdə tutduğu bilinmir. Bu yuva əmisinin evi də ola bilər, Şirvan da - fərqi yoxdur. Əsas məsələ odur ki, şair sirlər yuvasından çıxmışdır, yəni bütün sirlərə bələddir. İkinci beytdə gecənin qara rəngli qunduz dərisini soyunduğunu, səhərin günəşin qızıl şəfəqlərini papaq kimi başına qoyduğunu təsvir edir. Sonrakı beytlərdə göydəki ayı sudan çıxmış balığa, Günəşin şəfəqlərini qızıl nizəyə, gecəni bu dəfə bənövşəyi niqablı ərəbə oxşadır və gözəl poetik lövhələr yaradır. Sonuncu beytdə şair könlünü balla dolu arı şanına bənzədir. Bu şanı o, sözlə doldurmuşdur. Onun balı sözdür. Sözü də ürəyinin qanına bulanmışdır, çünki şair şeirlərini ürəyindən qara qanlar axa-axa yazmışdır. Qələm ürəkdən su içir. Ürəyin də suyu qandır.

Xaqaninin şeirlərində çoxlu türk sözləri, geyim və xaqan adları işlənmiş, mifoloji obraz, süjet və motivlərindən istifadə edilmişdir. Qaftan bir türk geyimidir. Onun adına "Dədə Qorqud" dastanında çox rast gəlinir. Çovqan topla oynanılan qədim bir türk oyunudur. Onu atla oynayırlar. "Dədə Qorqud"da oğuzların çovqan oynadıqları haqqında zəngin bilgilər var.

Klassik poeziyamızda ərəb hərflərinin yazılışından və mənasından fikrin poetik ifadəsini gücləndirmək və obrazlılıq yaratmaq məqsədilə geniş şəkildə istifadə edilmişdir. Bunu Xaqaninin yaradıcılığında da görmək olur. Şair yeri gəldikcə sözlərin və hərflərin yazılışından ustalıqla istifadə edərək fikrin poetik tutumunu və sanbalını qat-qat artırır: 

Deyirlər ki, özümüzük dəniz güclü o xaqan,

Bəli, onlar Xaqanidir, ortasından atsan "qa"nı.

Xaqani sözünün ortasındakı "qa"nı atanda "xani" qalır. Xani öz qarnını güdən alavaclara deyilir. Xaqani öz paxıllarına və bədxahlarına deyir ki, sizdən Xaqani olmaz, ancaq xani ola bilərsiniz. Belə misalların sayını istənilən qədər artırmaq olar. 

Azərbaycan ədəbiyyatının korifeylərindən, dünya ədəbiyyatının dahi simalarından biri olan Əfzələddin Xaqani Şirvaninin həyat və yaradıcılığı hərtərəfli öyrənilmiş, haqqında monoqrafiyalar, yüzlərlə məqalələr yazılmışdılr. Lakin şairin yaradıcılığı hələ sirri açılmamış misra və beytlərlə o qədər zəngindir ki, onun əsərlərini hər dəfə oxuyanda təzə nə isə tapmaq mümkündür. Şair bir şeirində özünün "sirlər yuvasından çıxmış quş" olduğunu yazırdı. Onun poeziyası da sözün həqiqi anlamında sirlər yuvasıdır.

İslam SADIQ,

filologiya elmləri doktoru

Seçilən
14
azerbaijan-news.az

1Mənbələr