Bu ilin yanvar ayında Avropada TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə təbii qazın orta nəğd bazar (spot – red.) qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 12 ABŞ dolları səviyyəsində olub.
Bu barədə “APA-Economics” Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatına istinadən xəbər verir.
Belə ki, yanvarda TTF satış mərkəzi üzrə qazın orta qiyməti aylıq müqayisədə 27% artıb, illik müqayisədə isə 31% azalıb.
Hesabatda bildirilir ki, yanvar ayında NBP qaz satış qovşağında (Böyük Britaniyanın əsas virtual qaz ticarət məntəqəsidir və Avropada təbii qazın spot bazarı üzrə ən nüfuzlu mərkəzlərdən biri hesab olunur – red.) qazın orta spot qiyməti 12,22 dollar təşkil edib, bu da aylıq müqayisədə 28% artım, illik müqayisədə isə 20% azalma deməkdir.
“Avropada spot qaz qiymətlərinin aylıq artımı əsasən mövsümi normadan daha soyuq hava şəraiti, geosiyasi risklərin güclənməsi, yeraltı qaz anbarlarından intensiv qaz çıxarılması, habelə hava şəraiti ilə əlaqədar ABŞ-dan LNG ixracında yaranan fasilələr fonunda baş verib”, - hesabatda qeyd olunur.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.