AZ

Tarixi dəyərlərə və ortaq maraqlara sədaqət

Azərbaycan və İran arasında çoxtərəfli əlaqələrin ümumi məzmunu belədir

İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqi Bakıda rəsmi səfərdədir. Nazir Azərbaycan–İran iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası müştərək komissiyanın 17-ci iclasında iştirak edir.

İclasın gündəliyinə əməkdaşlığın mövcud vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, qarşıya çıxan maneələrin aradan qaldırılması, habelə nəqliyyat, enerji, ticarət və mədəniyyət sahələrində birgə layihələrin icrasının sürətləndirilməsi daxildir. Bu mühüm təmaslar İranın yol və şəhərsalma nazirinin səfərinin yalnız rəsmi protokol xarakteri daşımadığını, həm də qarşılıqlı maraqların əlaqələndirilməsi və uzun illər müzakirə olunan layihələrin real icra mərhələsinə keçməsi baxımından əhəmiyyətini təsdiqləyir.

Müzakirələrdə nəqliyyat sektorunun xüsusi yer tutması tərəflərin strateji hədəfləri ilə birbaşa bağlıdır. Azərbaycan artıq özünü Avrasiya məkanında etibarlı tranzit və logistika mərkəzi kimi təsdiqləmiş, beynəlxalq yük daşımaları və ticarət axınlarında sarsılmaz tərəfdaş olduğunu sübut edib. İran isə regionun “cənub qapısı” kimi strateji mövqeyə malik olmaqla, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının kəsişməsində həlledici rol oynayır.

Bu çərçivədə əlaqələrin genişləndirilməsi həm iqtisadi, həm də geosiyasi baxımdan müstəsna əhəmiyyət kəsb edərək, bütövlükdə regionun ticarət xəritəsinə köklü təsir göstərir. Hind okeanını Baltik dənizi ilə birləşdirən Şimal–Cənub marşrutu Süveyş kanalına alternativ, daha qısa və səmərəli yol təklif edərək Avrasiyanın tranzit potensialını maksimuma çatdırmaq imkanına malikdir. Gələcəkdə bu dəhlizlə yükdaşımaların illik həcminin 15 milyon tona çatdırılması nəzərdə tutulur ki, bu da Azərbaycana ildə 250–300 milyon dollar həcmində birbaşa iqtisadi gəlir gətirəcəkdir.

Bakı və Tehranın koordinasiyalı fəaliyyəti artıq bu marşrut üzrə konkret infrastruktur layihələrində özünü büruzə verir. Azərbaycan tərəfindən Astaraçay üzərində yeni körpünün inşası və İranın Astara şəhərində Cənub Yük Terminalının qurulması dəhlizin əsas halqalarını formalaşdırır. Dəhlizin tam gücü ilə fəaliyyət göstərməsi üçün prioritet hesab olunan Rəşt–Astara dəmir yolu xəttinin tamamlanması isə bütün regionun ticarət potensialını xeyli artıracaqdır. Hazırda İranla Rusiya arasında əməkdaşlıq bu istiqamətdə davam etdirilir.

Digər tərəfdən, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Araz dəhlizi də strateji əhəmiyyəti ilə iclasda diqqət mərkəzindədir. Zəngilanın Ağbənd qəsəbəsi və Naxçıvanda İran üzərindən bağlantı yaradacaq körpülərin inşası Qara dənizlə Körfəzi birləşdirən yeni iqtisadi platformanın təməlini qoyur.

İqtisadçı ekspert Mahir Zeynalovun da qeyd etdiyi kimi, tranzit yük həcminin artırılması və infrastrukturun modernləşdirilməsi yalnız iqtisadi artıma təkan vermir, həm də regional inteqrasiyanı gücləndirərək qarşılıqlı investisiya imkanlarını genişləndirir: “Azərbaycan və İran arasında infrastruktur layihələrinin birgə icrası uzunmüddətli perspektivdə ticarət dövriyyəsini artırmaqla yanaşı, regional əməkdaşlıq üçün etibarlı platforma rolunu oynayır. Hər iki ölkənin iqtisadiyyatına sərmayə yatırımlarını artırır”.

Onun sözlərinə görə, iki ölkənin nəqliyyat, logistika, enerji və sənaye sahələrində koordinasiyalı fəaliyyəti uzunmüddətli perspektivdə ticarət dövriyyəsini artırmaqla yanaşı, regional əməkdaşlıq üçün etibarlı platforma rolunu oynayır: “Energetika sahəsində əməkdaşlıq da strateji bağların möhkəmləndirilməsinə xidmət edir. 2024-cü ildə istifadəyə verilmiş “Xudafərin” və “Qız Qalası” hidroelektrik kompleksləri həm enerji təminatı, həm də kənd təsərrüfatında suvarma sistemlərinin inkişafı baxımından mühüm nailiyyətdir. “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi, 330 kV-luq İmişli–Parsabad elektrik xəttinin qurulması, eləcə də Azərbaycan, İran və Rusiya arasında regional enerji bazarının yaradılması bu əməkdaşlığın sistemli və uzunmüddətli xarakter aldığını göstərir. Şübhəsiz ki, tərəflər arasında mövcud olan inzibati baryerlərin aradan qaldırılması, biznes mühitinin liberallaşdırılması və qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi hər iki ölkənin iqtisadi potensialını gücləndirən fundamental amillərdir. Xüsusilə sahibkar təşəbbüslərinin dövlət səviyyəsində dəstəklənməsi və birgə sənaye layihələrinin icrası iqtisadi əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verir”.

İqtisadçı sonda vurğuladı ki, iki qonşu dövlətin nəqliyyat və logistika sahəsindəki sıx koordinasiyası, enerji və sənaye sektorlarında həyata keçirdiyi müştərək fəaliyyətlər qarşılıqlı investisiya mühitini daha da stimullaşdırır: “Azərbaycan və İran tərəfindən infrastruktur layihələrinin birgə icrası uzunmüddətli perspektivdə ticarət dövriyyəsini artırmaqla yanaşı, regional əməkdaşlıq üçün etibarlı və sarsılmaz platforma rolunu oynayır. Atılan hər bir konkret addım yalnız milli iqtisadiyyatların inkişafına deyil, həm də bütövlükdə regionun dayanıqlı tərəfdaşlıq məkanına çevrilməsinə xidmət edir. Bu baxımdan, Azərbaycan–İran əməkdaşlığı yalnız iqtisadi və logistik mülahizələrlə məhdudlaşmayaraq, regionun geosiyasi dayanıqlığının, enerji və ticarət təhlükəsizliyinin təmin olunmasında strateji sütun kimi çıxış edir. Şübhəsiz ki, sözügedən əməkdaşlıq yalnız iqtisadiyyatla məhdudlaşmır. Əməkdaşlıq həm də siyasi sahədə genişlənir. Azərbaycanın müəllifi olduğu “3+3” regional əməkdaşlıq formatı, eləcə də Azərbaycan–Rusiya–İran və Azərbaycan–İran–Türkiyə üçtərəfli platformaları təhlükəsizlik və tərəfdaşlıq müstəvisində unikal imkanlar yaradır. Eyni zamanda, ECO, İƏT, D8 və ŞƏT kimi nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsindəki səmərəli fəaliyyət hər iki ölkənin qlobal arenada strateji manevr imkanlarını genişləndirir. Yekun olaraq qeyd etmək lazımdır ki, Bakı və Tehranın qarşılıqlı etimada əsaslanan bu kursu regionun gələcək inkişaf modelinin müəyyənləşməsində həlledici faktor olaraq”.

Beləliklə, Azərbaycan–İran münasibətləri artıq lokal çərçivədən çıxaraq regional miqyasda sabitliyin və iqtisadi tərəqqinin qarantına çevrilib. Bakıda keçirilən Azərbaycan–İran iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası müştərək komissiyanın 17-ci iclası və aparılan müzakirələr göstərir ki, hər iki dövlət qarşılıqlı maraqların uzlaşdırılması və konkret nəticələrə söykənən əməkdaşlıq modelinə sadiqdir. Azərbaycan öz balanslaşdırılmış xarici siyasət kursu çərçivəsində qonşu dövlətlərlə qarşılıqlı faydalı əlaqələri prioritet hesab edir və İranla münasibətlərin yüksələn xətlə inkişafı bu strateji kursun uğurlu təzahürüdür. Birgə həyata keçirilən nəqliyyat və enerji layihələri gələcək nəsillər üçün firavanlıq və tərəfdaşlıq mirası qoyaraq, regionu qlobal iqtisadiyyatın ən mühüm qovşaqlarından birinə çevirir. Azərbaycan və İran arasındakı bu yaxınlaşma yalnız iqtisadi dividend xarakteri daşımır, eyni zamanda, regionun geosiyasi dayanıqlığının təmin olunmasında strateji sütun rolunu oynayır.

P.ƏFƏNDİ
XQ

Seçilən
10
1
xalqqazeti.az

2Mənbələr