AZ

Mariya Stadnik: Milli komandada istedadlı qızlar var - MÜSAHİBƏ

Bakı, 24 fevral, Cavid Əliyev, AZƏRTAC

Olimpiya Oyunlarında Azərbaycanın yeganə 5 qat iştirakçısı, 4 qat mükafatçısı, 2 qat dünya və 10 qat Avropa çempionu, Avropa Oyunları və İslam Həmrəylik Oyunlarının 2 qat qalibi Mariya Stadnik AZƏRTAC-ın suallarını cavablandırıb. Ötən gün U-17 və U-15 yaş qrupu üzrə milli komandanın böyük məşqçisi vəzifəsinə təyin edilən keçmiş güləşçi fikirlərini bölüşüb.

- U-15 və U-17 yaş qrupları ilə işləmək gələcəyin çempionlarını yetişdirmək deməkdir. İlk işiniz nədən başlayacaq?

- İlk növbədə federasiya rəhbərliyinə mənə etimad göstərdikləri üçünü təşəkkürümü bildirirəm. Düşünürəm ki, bu yaş qrupu çox vacibdir. Çünki gələcək adına əsas fundamenti məhz U-17 və U-15 yaş qrupunda qoyuruq. Artıq Azərbaycan çempionatı bitdikdən sonra fəaliyyətimizə start verilir. Milli komandanın tərkibi formalaşır. Bizi qarşıda təlim-məşq toplanışları gözləyir. Avropa çempionatı öncəsi yoxlama xarakterli beynəlxalq turnirdə də çıxış edəcəyik. Daha sonra qitə birinciliyi ərəfəsində son toplanışımız olacaq. Ardınca isə Avropa çempionatına yollanacağıq.

- Məşqçilər heyətində Rövşən Umudov və Solmaz Adilova ilə birgə çalışacaqsınız. Bu komanda işindən gözləntiləriniz nələrdir?

- Bizim çox yaxşı məşqçi heyətimiz var. Rövşən Umudov Azərbaycan qadın güləşində böyük təcrübəyə sahibdir. Eyni sözləri Solmaz Adilova haqqında da deyə bilərəm. Ölkəmizə medallar qazandıran və böyük perspektiv vəd edən qız güləşçilər yetişdiriblər. Məşqçilik sahəsində debüt etsəm də, onların məşqçilik və mənim idmançı təcrübəmin sintezini yaradaraq maksimum dərəcədə komanda üzvlərinə kömək etməyə çalışacağıq. Ölkəmizi beynəlxalq arenalarda ən yüksək səviyyədə təmsil etmək üçün əlimizdən gələni edəcəyik. Komandama və hər şeyin yaxşı olacağına inanıram.

- Yeniyetmə qızlarımızın potensialını necə dəyərləndirirsiniz?

- Komandamızda bir çox istedadlı qız var. Ötən il ilk dəfə U-15 yaş qrupu üzrə Avropa çempionatında tam heyətlə iştirak etdik. Qızlar bu yarışda ilk medallarını qazandılar və böyük arzuları yolunda önəmli addım atdılar. Mən onlara inanıram.

- Aralarında yeni Mariya Stadniklərin yetişəcəyinə inanırsınızmı?

- Çox istərdim ki, hər biri öz gücünə inansın və adını Azərbaycan qadın güləşi tarixinə yazdırmaq üçün əlindən gələni etsin.

Seçilən
7
2
azertag.az

3Mənbələr