AZ

Ankarada Xocalı soyqırımına həsr olunmuş “Adsız qadın” tamaşası göstərilib

Ankaradakı “Akün” Mərkəzində Xocalı soyqırımına həsr olunmuş “Adsız qadın” tamaşası nümayiş etdirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən teatr tamaşası qanlı faciənin 34-cü ildönümünə həsr olunub.

Tamaşanın rejissoru Mine Bayrakteri AZƏRTAC-a bildirib ki, “Adsız qadın” əsəri geniş ictimaiyyəti Azərbaycanın mülki əhalisinə qarşı törədilən dəhşətli cinayətlər barədə məlumatlandırmaq üçün yazılıb.

Onun sözlərinə görə, Azərbaycanəsilli türk yazıçısı Aygün Həsənoğlunun eyniadlı əsəri əsasında yazılmış pyes Cəfər Cabbarlı adına Türk-Azərbaycan Teatrı tərəfindən səhnələşdirilib. Tamaşada baş rolu istedadlı aktrisa Kəmalə Kamilqızı canlandırıb. Hekayə Xocalı soyqırımı zamanı ermənilər tərəfindən əsir götürülmüş bir qadının taleyi üzərində qurulub. “Tamaşanın əsas mövzusu cəsarət və Vətənə sevginin istənilən sınaqdan, işgəncədən və vəhşilikdən daha güclü olmasıdır”, - deyə M. Bayrakteri qeyd edib.

Tamaşa arxiv görüntüləri, həmçinin Azərbaycan və Türkiyə bəstəkarlarının musiqi əsərləri ilə müşayiət olunub.

Diplomatlar, siyasi partiyaların nümayəndələri, hərbi kursantlar və digər tamaşaçılar Cəfər Cabbarlı adına Türk-Azərbaycan Teatrının aktyorlarının məharətini alqışlarla qarşılayıblar.

Seçilən
6
2
ikisahil.az

3Mənbələr