AZ

Novruzəli Aslanov: “Xocalı faciəsi təşkilatçılarının və qatillərin hələ də məsuliyyətə cəlb olunmaması, qlobal siyasətdə beynəlxalq hüququn tətbiqinin real sərhədlərini ortaya qoyur”



“Tarixi perspektivdən baxıldıqda, Xocalı faciəsi region münaqişəsinin dərinləşməsinin, dövlətlərin zəif idarəçiliyinin və etnik qarşıdurmaların niyyətli siyasətə çevrilməsinin mümkün nəticələrini göstərir. Bu soyqırımı aktı Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri kimi xalqımızın qan yaddaşına əbədi həkk olunub. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Azərbaycanın qədim tarixi məkanlarından olan Xocalı şəhəri işğalın nəticəsində xarabalığa çevrildi. Azərbaycana öz faciəsini dünyanın diqqət mərkəzinə çıxara bilmək üçün uzun illər lazım oldu. Halbuki, hüquqşünaslar və müstəqil araşdırmaçılar da vurğulayırlar ki, planlaşdırılmış hücumun dinc əhali üzərində törədilməsi, bu insanlara qarşı zorakılıq aktlarının sistematik şəkildə aparılması və cinayətin etnik mənsubiyyətə görə törədilməsi, Xocalı hadisəsinin soyqırımı tərifi ilə beynəlxalq hüquqi çərçivədə səbəb nəticə əlaqəsini təşkil edir. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir. Bu gün artlq bir sıra ölkələr və parlament orqanları bu Xocalı faciəsini qınayıb və soyqırımı aktı kimi tanıyıb. Eyni zamanda beynəlxalq təşkilatlar — İslam Əməkdaşlıq Təşkilatı, müxtəlif parlament assambleyaları və diaspor təşkilatları faciənin beynəlxalq ictimaiyyətə çatdırılması üçün kampaniyalar aparıblar. Bununla belə, beynəlxalq hüquqi məhkəmələr səviyyəsində qatil və təşkilatçıların məsuliyyətə cəlb olunmasına hələ də nail olunmayıb. Bu fakt, qlobal siyasətdə güc balanslarının və beynəlxalq hüququn tətbiqinin real sərhədlərini ortaya qoyur.”

Bu fikirləri Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Daha sonra millət vəkili diqqət mərkəzinə belə bir mühüm faktı gətirib ki, Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verən Ulu Öndər Heydər Əliyev olmuşdur: “1994-cü il fevralın 24-də Milli Məclis Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi və BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş qanlı Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Az öncə də qeyd etdiymiz kimi, müəyyən qüvvələrin səyləri nəticəsində ermənilərin Azərbaycana qarşı törətdiyi bu vəhşiliyə qarşı dünya ictimaiyyəti uzun müddət susqunluq göstərmişdir və əgər bu gün vəziyyət bizim xeyrimizə dəyişirsə, bu, birmənalı olaraq Xocalı qətliamı ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və cinayətkarların layiqli cəzalandırılması istiqamətində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyasının və xarici siyasətin bariz nəticəsidir. Xocalı faciəsi Azərbaycan üçün yalnız qanlı bir tarixi hadisə deyil. Bu, həm də milli yaddaşın, kimliyin və ədalət hissinin formalaşmasında vacib rol oynayan bir olaydır” – deyə, Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.



Seçilən
18
1
aia.az

2Mənbələr