Bu gün Türkiyənin İzmir şəhərində yerləşən xəstəxanada ağır ürək əməliyyatın zamanı Milli Məclisinin sabiq deputatı Mahir Aslanov vəfat edib.
"Cebheinfo.az" keçmiş deputatın bioqrafiyasını təqdim edir.
Mahir Aslanov 1949-cu il noyabrın 22-də Naftalan şəhərində anadan olub.
Mahir Aslanov Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini bitirib. Əmək fəaliyyətinə 1971-ci ildə Xabarovsk vilayətinin Teploozyorski sement zavodunda mexanik kimi başlayıb.
1973-1978-ci illərdə "Aztransqaz" İstehsalat Birliyində mühəndis, böyük mühəndis və avtomobil təsərrüfatının müdiri vəzifələrində çalışıb. 1978-1992-ci illərdə Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyində təhlükəsizlik texnikası üzrə mühəndis, böyük mühəndis, şəhərlərarası sərnişindaşıma avtobus parkında baş mühəndis, avtokombinatda aparıcı mühəndis, baş mühəndisin müavini və baş mühəndis olub.
1992-ci ildən "Azəravtonəqliyyat" Dövlət Konsernində aparıcı mühəndis kimi fəaliyyət göstərib. 1993-cü ildən "Azazmoimport", 1995-ci ildən isə "Kəpəz" firmasının direktoru vəzifəsində çalışıb.
Mahir Aslanov Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olub. O, Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, həmçinin Belçika, Bolqarıstan, Finlandiya, Gürcüstan və Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü kimi fəaliyyət göstərib.
Mahir Aslanov 2010-2020-ci illərdə iki çağırış Milli Məclisin deputatı olub.
Mahir Aslanov ailəli idi, 3 övladı var.
"Cebheinfo.az"