AZ

Bir gecənin faciəsi

1994-cü il fevralın 24-də Milli Məclis Xocalı soyqırımı ilə bağlı ayrıca qərar və dünya azərbaycanlılarına müraciət qəbul edib

İlham Əliyev: Hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq. Bu təbiidir, biz insanıq, ancaq, eyni zamanda, biz böyük xalqın nümayəndələriyik. O xalqın ki, öz gücü ilə o əsarətdən çıxdı, o xalq ki, bir yumruq kimi birləşərək düşmənin belini qırdı, o düşmənin ki, onun arxasında o vaxt və bu gün böyük dövlətlər dayanır

Xocalı, 26 fevral 2024-cü il

Tarixin bu günündə - 1994-cü il fevralın 24-də Milli Məclis qan yaddaşımızda əbədi qalacaq Xocalı faciəsi ilə bağlı ayrıca qərar və dünya azərbaycanlılarına müraciət qəbul edib. Bəhs olunan qərara əsasən, ölkəmizdə 26 fevral “Xocalı soyqırımı günü” kimi müəyyənləşdirilib.

Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda kimi faciələrlə bir sırada dayanan Xocalı soyqırımı

Ermənilər yeri gəldi-gəlmədi özlərini dünyaya “mədəni xalq” kimi təqdim etməyə çalışırlar. Ancaq bu təbliğat mifik səciyyə daşıyır. Ermənilərin zaman-zaman Azərbaycan xalqına münasibətdə əl atdıqları qəddarlıqlar, yol verdikləri müharibə cinayətləri onların “mədəni xalq” mifində həqiqət payının sıfıra bərabər olduğunu əyani şəkildə təsdiqləyir.  Xalqımız  təkcə XX əsrdə ermənilər tərəfindən 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə olmaqla düz dörd dəfə dəhşətli deportasiyalara məruz qalıb.

Xocalı faciəsi də ermənilərin qəddarlığını bütün cəhətləri ilə açıb ortaya qoyur. Bu faciə dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda kimi soyqırımları ilə bir sırada dayanır.

Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb.

Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri işğalın nəticəsində xarabalığa çevrilib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.

AXC- “Müsavat” iqtidarı Xocalı faciəsinə hüquqi-siyasi qiymət verməyə tələsmədi

Xocalı faciəsini törədən, uşaqları, qadınları, qocaları xüsusi qəddarlıqla qətlə yetirən və sonradan bunu milli səviyyədə “qəhrəmanlıq dastanına” çevirən ermənilərin mənəviyyatsızlığı, insanlıqdan kənar olmaları öz yerində. Belə əməllər yalnız nifrətə layiqdir. Ancaq o dövrdə Azərbaycana rəhbərlik edən şəxslərin məsuliyyətsizliyi də heç bir ölçüyə sığmır. Həmin ərəfədə ermənilərin silahlanmasına, hücuma keçməyə hazırlaşmalarına aid xəbərlər gəlirdi.  Xocalı sakinlərinin yaratdıqları yerli özünümüdafiə dəstələrinin müqavimətinə baxmayarq, şəhər ətrafında mühasirə həlqəsi getdikcə daralırdı. Bakıdan, respublika rəhbərliyindən kömək istənilirdi. Bununla belə, xocalıların fəryadına ögey münasibət bəslənildi. Şəhərin müdafiəsi, oradan əhalinin çıxarılması üçün hansısa bir tədbir görülmədi və nəticədə faciə qaçılmaz oldu.

Eyni zamanda, siyasi çəkişmələrin nəticəsi olaraq 1992-ci ilin yazında qeyri-qanuni yolla hakimiyyətə gələn AXC-“Müsavat” iqtidarı Xocalı faciəsinə hüquqi-siyasi qiymət verməyə tələsmədi. Bu da səbəbsiz deyildi. Bəhs olunan cütlük hakimiyyətə aparan yollarını xalqın məhrumiyyətləri və faciələri üzərindən açmışdılar. Onların yeganə məqsədi hakimiyyətə gəlmək idi və bu istəklərinə çatdıqdan sonra verdikləri bütün vədləri unutdular.

Xocalı faciəsinə siyasi qiymət 1993-cü ilin yayında xalqın tələbi ilə Azərbaycanın siyasi hakimiyyətinə qayıdan böyük siyasətçi Heydər Əliyevin təkidli səyləri sayəsində verildi. Milli Məclisdə bəhs olunan qərar da məhz Heydər Əliyevin təşəbbüsü əsasında çıxarıldı. Bundan sonra Prezident Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib. Həmçinin 1998-ci ildə Heydər Əliyevin müvafiq Sərəncamında Xocalı faciəsi soyqırımı adlanıb. 2002-ci ildə isə Milli Məclisdə soyqırımının 10 illiyi qətnaməsində 1992-ci ilin 26 fevralında baş verənlər soyqırımı kimi tanınıb.

Xocalının azadlığına qovuşması

Vətən müharibəsində işğal altındakı ərazilərimizin böyük hissəsi geri qaytarılsa da, Xankəndi, Xocalı, və bəzi başqa yaşayış məntəqələridə suverenliyimiz hələ də təmin olunmamışdı. Qalib Azərbaycan tarixi ərazilərimizdə, o cümlədən də Xocalıda separatizm yuvasının qalması ilə barışa bilməzdi. Buna görə də Vətən müharibəsi şanlı Zəfərimizlə başa çatandan sonra Azərbaycan cəmiyyətində haqlı suallar yaranmışdı: Bəs Xankəndi, Xocalı necə olacaq? Həqiqətən də, biz necə barışa bilərdik ki, zamanında bir gecənin içində yerlə-yeksan edilən, soyqırımı faciəsi yaşayan Xocalı separatçıların əlində qalsın. Əslində, Özünün təbirincə desək, nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyev Xankəndinin, Xocalının və digər yaşayış məntəqələrimizin də separatçılardan təmizlənməsinin planlarını götür-qoy etmişdi. Sadəcə, O, bu planların həyata keçirilməsi üçün uyğun zamanın gəlməsini, müvafiq şəraitin yetişməsini gözləyirdi. Nəhayət, dövlətimizin başçısı 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi ilə bağlı tapşırıqlarını verdi. Silahlı Qüvvələrimizin yüksək peşəkarlıqla həyata keçirdiyi antiterror tədbirləri cəmi 23 saat ərzində uğurla tamamlandı və separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. Digər yaşayış məntəqələrimiz kimi, Xocalı da azadlığına qovuşdu.

Hazırda Xocalı şəhərində və rayonun yaşayış məntəqələrində bərpa-quruculuq işləri böyük sürətlə davam etdilir. Eyni zamanda, xocalıların yurd həsrətinə də son qoyulur. Belə ki, indiyədək Xocalıya da bir neçə köç karvanı yola salınıb. Bu günlərdə - fevralın 19-da Xocalı rayonunun Xanabad kəndinə ilk köç həyata keçirilib.  Xanabad kəndinə ilkin mərhələdə 154 nəfərdən ibarət 38 ailə qayıdıb.

Mübariz FEYİZLİ

Seçilən
1
yeniazerbaycan.com

1Mənbələr