AZ

“ABŞ istədiyi an Rusiyanı tam çökdürə bilər...”- Ukraynaya təcavüzün 5-ci ili başlayır...-MÜSAHİBƏ

“Fikrimcə, yaxın 15-20 ildə biz Rusiyanın daxili savaşlarla xırdalanan nəhəng olduğunun şahidinə çevriləcəyik...”
 
“Belə çıxır ki, dünyanın ən geniş torpaqlarına və təbii resurslarına malik ölkəsinin taleyi ABŞ-ın əlində imiş...”
 
Siyasi şərhçi və analitik Heydər Oğuz Rusiyanın Ukraynaya qarşı təcavüzkar savaşının başlanmasının 4-cü ildönümündə gəldiyi nəticələrlə bağlı Moderator.az-a müsahibə verib.
-Heydər bəy, 4-cü ildönümündə və artıq 5-ci ilinin başlanğıcında Rusiyanın Ukraynaya qarşı təcavüzkar savaşı barədə gəldiyiniz nəticələr nədən ibarətdir? 
 
-Rusiya-Ukrayna savaşı şimal qonşumuzun tarixində ən uzun çəkən müharibələrdən biridir. Məlumdur ki, II Cahan savaşı dövründə Rusiyanın “Böyük Vətən müharibəsi” adlandırdığı müharibə belə, 4 il çəkməmişdir. Artıq 4-cü ilini tamamlayan Ukrayna savaşının nə zaman bitəcəyi isə məlum deyil. Rusiya prezidenti Vladimir Putinin inadkarlığı və Avropa dövlətlərinin Rusiyanı tükəndirmə səyləri müharibənin tam çöküşə qədər davam etməsinə münbit şərait yaradır. Yəqin ki, müharibə qeyri-müəyyən vaxta qədər uzanacaq. Bununla belə, müharibənin nəticəsi indidən bəllidir: Rusiya müharibəyə başladığı dövrdə qarşısına qoyduğu heç bir hədəfə çata bilmədi. Nə NATO qüvvələrini öz sərhədlərindən uzaqlaşdıra, nə rus dilini Ukraynanın rəsmi dilinə çevirə bildi, nə də ölkənin milli hakimiyyətinə yıxıb yerinə özünün “5-ci kalon”unu gətirməyə müəssər oldu. Əksinə, Ukrayna NATO-nun faktiki üzvü olmasa da, bu alyansın ən müasir silahları ilə təchiz edildi. Finlandiya və İsveç kimi ölkələr də alyansa qoşularaq, Rusiyanın Qərbə açılan ikinci qapısı Baltik dənizini də tam nəzarətə götürdülər. Ukrayna xalqı rus dilinə və mədəniyyətinə elə böyük nifrətə kökləndi ki, yüzillər boyu iki slavyan dövləti arasında mehriban münasibətləri bəlkə də bərpa etmək mümkün olmayacaq. Bir milyondan artıq Rusiya gənci Ukrayna cəbhəsində mənasız təcavüzə qurban getdi. Rusiya iqtisadiyyatının tənəzzülü başlandı. I Pyotrun zamanında təməlləri atılan Qərbə yönəlmə siyasəti tamamilə çökdü. Rusiya üzünü yenidən Şərq aləminə çevirdi və Çinin təsiri altına düşdü, Avropanın enerji bazarını itirdi və yəqin ki, bu bazarı bir daha qaytarmaq şansı da olmayacaq. Rus ordusu yalnız hərbi qüdrətini itirməklə qalmadı, həm də mental məğlubiyyətə uğradı. Bir vaxtlar “rus ordusu” deyiləndə qorxudan dodaqlar çatladığı halda, indi hətta Estoniya kimi Rusiyanın bir əyalətindən kiçik olan dövlətlər belə, ona meydan oxuyurlar. Bu, artıq Rusiyanın çəkindirmə gücünü də itirməsi anlamına gəlir. Bir sözlə, Rusiya bu müharibədən nəinki heç nə qazanmadı, həm də bütün strateji hədəflərində ağır məğlubiyyətlə üzləşdi. İndi Donetskin 20% ərazisini ələ keçirmək üçün az qala ABŞ-a, Qərb ölkələrinə yalvarır, “dövlət qürurumu qorumaq üçün o əraziləri mənə verin, müharibədən çəkilim” deməyə belə, utanmır. Bütün bunlar sözsüz ki, Rusiyanın strateji məğlubiyyəti deməkdir və müharibə uzandıqca onun itkiləri daha ağır olacaq. Fikrimcə, Rusiya bu durumdan çıxmaq üçün özünü daha artıq çətinə salmadan geri çəkilməli və reallıqla razılaşmalıdır. Di gəl ki, özündənmüştəbehlik hissi buna da imkan vermir. Bu isə Rusiyanı yoxoluşa doğru sürükləyir...
 
-Hazırda döyüş cəbhəsindəki və siyasi diplomatiya meydanındakı durumu necə xarakterizə edərdiniz? 
 
-Diplomatiyanı təsirli edən amil cəbhə xəttində qazanılan uğurlardır. Bayaq da dediyim kimi, Rusiyanın bu sahədə əldə tutulan faktiki uğuru yoxdur. Bu da istər-istəməz onu hər iki sahədə çarəsiz vəziyyətə salır. Xüsusilə “Starlink” xidmətinə girişinin bağlanmasından sonra Rusiyanın cəbhə xəttində torpaq itkiləri ilə üzləşməsi ölkənin nə qədər acınacaqlı halda olduğundan xəbər verir. Məlum olur ki, Rusiya bu zamanadək rəqiblərinin və düşmənlərinin texnoloji nailiyyəti hesabına ayaqda durmağı bacarırmış. Bu faktın üzə çıxması Rusiyanın vəziyyətini daha da həssaslaşdırır. Belə çıxır ki, dünyanın ən geniş torpaqlarına və təbii resurslarına malik ölkəsinin taleyi ABŞ-ın əlində imiş. ABŞ istədiyi an onu internetdən məhrum edərək tam çökdürə bilər. Bu sirrin ortaya çıxmasının özü belə, Rusiyanın ən böyük məğlubiyyəti və zəifliyidir. Moskva bu problemi yaxın zamanlarda həll edə bilməsə, dünyanın ən şanssız 3-cü dövlətinə çevriləcək...
-Bəs yaxın gələcək üçün Rusiya-Ukrayna savaşı üçün nələri proqnozlaşdırmaq olar?
 
-Yəqin ki, Rusiyanı potensial təhlükə olmaqdan çıxarmaq üçün Qərb dövlətləri onu tədricən parçalayacaqlar. Bunu indiyədək etməmələri hələ də onun nüvə gücü olmasından irəli gəlir. Amma nüvə dövləti olması belə, Rusiyanı özündən qat-qat zəif Ukrayna qarşısında məğlub vəziyyətə düşməkdən qoruya bilmədi. Məhz bu səbəbdən də Qərb dövlətləri onu bir neçə yerə parçalamaqdan da çəkinməyəcəklər. Fikrimcə, yaxın 15-20 ildə biz Rusiyanın daxili savaşlarla xırdalanan nəhəng olduğunun şahidinə çevriləcəyik...
 
Söhbətləşdi:
Sultan Laçın
 
Seçilən
4
1
moderator.az

2Mənbələr