AZ

BDYPİ sürücülərə növbəti dəfə müraciət edib VİDEO

Bakı, 24 fevral, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürücülərə növbəti dəfə müraciət olunub.

Bu barədə AZƏRTAC-a BDYPİ-dən məlumat verilib.

Məlumata əsasən, aparılan müşahidələr göstərir ki, bir sıra hallarda respublika əhəmiyyətli avtomobil yollarında sürücülər tərəfindən qarşıda hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlanılmır, eləcə də nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarına lazımi səviyyədə riayət olunmur. Bu kimi hallar isə yol-nəqliyyat hadisələrinin başvermə riskini əhəmiyyətli dərəcədə artırır: ”Qanunvericiliyin tələblərinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti qəfil azaltdıqda və ya gözlənilmədən dayandıqda, toqquşmanın qarşısını ala bilsin. Nəzərə alınmalıdır ki, nəqliyyat vasitələrinin texniki göstəriciləri, xüsusilə də tormoz sisteminin effektivliyi və dayanma məsafəsi fərqlidir. Bu səbəbdən sürücülər idarə etdikləri nəqliyyat vasitəsinin texniki xüsusiyyətlərini, yolun vəziyyətini və tətbiq olunan sürət rejimini nəzərə alaraq, təhlükəsiz ara məsafəsini düzgün müəyyən etməlidirlər. Sürət artdıqca ara məsafəsinin də mütənasib şəkildə artırılması zəruridir. Eyni zamanda, yol şəraitinə uyğun müəyyən edilmiş sürət həddinin aşılması yolverilməzdir. Yüksək sürət zamanı sürücünün reaksiyası və təhlükəni vaxtında qiymətləndirmə imkanı azalır ki, bu da ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər”.

BDYPİ bildirib ki, əhəmiyyətsiz hesab edilən hər bir qayda pozuntusunun sonda faciəvi nəticələrə gətirib çıxara biləcəyi unudulmamalıdır. ”BDYPİ bir daha sürücüləri sükan arxasında məsuliyyətli, diqqətli və intizamlı olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır”, - deyə məlumatda vurğulanıb.

Seçilən
48
42
azertag.az

10Mənbələr