AZ

Novruzun ilk müjdəçisi Su çərşənbəsi cənub bölgəsində necə qeyd olunur? FOTO

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Lənkəran, 24 fevral, İlkin Adıyev, AZƏRTAC

Bu gün Su çərşənbəsidir. Novruzun ilk müjdəçisi sayılan bu əlamətdar gün xüsusilə Azərbaycanın cənub bölgəsində - Lənkəran və ətraf rayonlarda zəngin adət-ənənələrlə qeyd olunur.

Səhər tezdən insanlar bulaq və çay kənarlarına üz tutur, axar sudan evlərinə su gətirirlər. İnsanlar suyun üzərindən atlanaraq arzularını diləyir, qızlar isə su falına baxırlar. Xalq inancına görə, axar sudan götürülən su saflığın və paklığın rəmzi, eyni zamanda, şəfa mənbəyi sayılır, dərdlərə çarə hesab olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəranın Boladı kənd sakini 80 yaşlı Xalidə Rzayeva da uşaqlıq illərindən bu günədək Su çərşənbəsinin bütün adət-ənənələrini yaşadanlardandır.

Xalidə nənə deyir ki, əvvəllər Su çərşənbəsində kəndin qız-gəlinləri dan yeri sökülməmiş axar su başına yollanardılar: “Səhər tezdən bir yerə toplaşar, çayın kənarına enərdik. Bayatılar söyləyər, nəğmələr oxuyardıq. Niyyət edərdik ki, su dərdlərimizi özü ilə aparsın, ilimiz bolluq-bərəkət içində keçsin. Su dirilikdir, bala… Su həm təmizləyər, həm də şəfa verər”.

Lənkəranda xalq inancına görə, axar su gecə ilə səhər arasında daha pak və müqəddəs hesab olunur. Qızlar sübh çağı suyun üzərindən atlanar, suya sikkə ataraq niyyət edərmişlər. Hər kəs inanardı ki, həmin an edilən dua və dilək qəbul olar.

Götürülən su isə evə gətirilərdi. Ruzi-bərəkət üçün evin içinə səpilər, bol məhsul arzusu ilə həyətdəki ağacların dibinə tökülərdi. Xalçaların, qapı-bacanın üstünə çilənərdi ki, ocağa təmizlik, aydınlıq və uğur gəlsin.

Xalidə nənənin sözlərinə görə, həmin axar sudan xəstələrə də içirərmişlər: “Deyərdilər ki, axar su dərdi özü ilə aparar. Xəstə adama o sudan verərdik ki, tez sağalsın. Bəzi ailələr gətirilən suyu evdə saxlayardı, ilboyu “niyyət suyu” kimi istifadə edərdi. Həmin su körpələrin üzünə çəkilər, xəstələrin alnına sürtülərdi ki, şəfa tapsınlar”.

Xalidə nənə bu gün də Su çərşənbəsində qədim ənənəsinə sadiq qalır — həyəti təmizləyir, səliqə-sahman yaradır, xalçaları çırpır, torpağı belləyir.

“Dörd çərşənbə var, ilki Su ilə başlayır. Axırıncı çərşənbəyə qədər hər yer təmiz və hazır olmalıdır. İnanca görə, Su çərşənbəsində təmizlənən evə bolluq-bərəkət gələr. Hətta bəzi kəndlərdə həmin gün su arxları təmizlənər, bulaqların gözü açılar. Ancaq təəssüf ki, gənc nəsil bu adət-ənənələri əvvəlki kimi davam etdirmir. Zaman keçdikcə bu qədim mərasimlər unudulmaq təhlükəsi ilə üz-üzə qalır. Qorxuram ki, adət-ənənələrimiz zaman keçdikcə yaddan çıxsın, unudulsun” , - deyir Xalidə nənə.

Amma Xalidə nənənin nəvələri onun yolunu davam etdirirlər. Onlar Su çərşənbəsi səhəri axar su üstünə gedir, oradan su gətirir və nənələrindən öyrəndikləri adətləri yaşadırlar. Beləliklə, ailədə nəsildən-nəslə ötürülən bu ənənə bu gün də davam etdirilir.

Lənkəranda Su çərşənbəsində su falına baxmaq da qədim adətlərdəndir. Qızlar bir qab suyun içinə üzük və ya müxtəlif kiçik əşyalar atar, bayatı söyləyə-söyləyə fal açarlar. Bu mərasim həm şənlik xarakteri daşıyar, həm də gənclərin gələcəklə bağlı arzularının rəmzi sayılır.

Kənd mədəniyyət evləri də bu qədim bayramın ruhunu gənc nəslə ötürmək üçün mühüm rol oynayır. Bayramın mahiyyəti, suyun canlandırıcı qüvvəsi və el inancları haqqında aparılan söhbətlər milli kimliyimizin qorunmasına xidmət edir. Elə 1 saylı Boladı kənd klubunun nümayəndəsi Samirə Ağayeva ilə söhbətimiz də bu mövzuda olur.

“Novruzun ilk müjdəçisi olan Su çərşənbəsi bizim üçün xüsusi önəm daşıyır. Çalışırıq ki, ulu babalarımızdan miras qalan adət-ənənələri bu gün də yaşadaq. Diləyimiz odur ki, bu gün hər ocağa uğur, nur və su kimi saf niyyətlər gətirsin. Xalq inanclarına görə, insanlar axar suyun üzərindən keçərkən “Azarım-bezarım su ilə axıb getsin” deyərək niyyət tuturlar ki, ilboyu xəstəliklərdən uzaq olsunlar. Həmin sudan xəstələrin yaralarına da çiləyirlər ki, tezliklə şəfa tapsınlar”, – deyə 1 saylı Boladı kənd klubunun nümayəndəsi Samirə Ağayeva bildirir.

Beləliklə, Lənkəranda Su çərşənbəsi sadəcə təqvimdə qeyd olunan bir gün deyil, o, paklığın, şəfanın, bolluq-bərəkətin və yenilənən ümidlərin rəmzi kimi yaşadılır...

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
azertag.az

3Mənbələr