“Barselona”nın baş məşqçisi Hansi Flik komanda daxilində nizam-intizam qaydalarına yenidən baxıb. Almaniyalı mütəxəssis artıq gecikən futbolçuları cəza olaraq əsas heyətdən kənarlaşdırmır, lakin onları ciddi maliyyə sanksiyaları gözləyir.
İdman.Biz xəbər verir ki, futbolçuların İspan mediasına açıqlamasına görə, cərimələrin məbləği on minlərlə avroya çatır. Ferran Torresin sözlərinə görə, məşqə cəmi 10 dəqiqə gecikmənin cəriməsi 40 min avro (80 min AZN) təşkil edir. Pedri isə bildirib ki, Flik hətta üç saniyəlik gecikməni belə bağışlamır və dərhal cərimə tətbiq edir.
Buna baxmayaraq, məşqçi futbolçuların asudə vaxtlarına və əyləncələrinə qarşı daha mülayim yanaşır. Belə ki, Flik oyunçuların paltardəyişmə otağında “TikTok” üçün videolar çəkməsinə və müxtəlif zarafatlarına mane olmur. Onun üçün əsas şərt iş qrafikinə və meydandakı tapşırıqlara tam peşəkar yanaşmanın göstərilməsidir.
Xatırladaq ki, Flik vəzifəsinin icrasına başladığı ilk vaxtlarda Jul Kunde kimi ulduzları iclasa gecikdikləri üçün birbaşa ehtiyat oyunçular skamyasına göndərməklə yadda qalmışdı. İndi isə o, oyunçuları meydandan kənarlaşdırmaq əvəzinə, onların “ciblərini hədəfə almağa” üstünlük verir.