AZ

"Bir çox regionda ilkin tibbi-sanitariya yardımı vətəndaşın real ehtiyacını qarşılamır" - Deputat

"Bu gün bir çox regionda ilkin tibbi-sanitariya yardımı infrastrukturu, kadr təminatı və xidmət spektri vətəndaşın real ehtiyacını tam qarşılamır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Müşfiq Məmmədli  “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.

"Biz indiki mərhələdə müştərək maliyyələşmə mexanizmini sərt şəkildə tətbiq etsək, vətəndaş faktiki olaraq keyfiyyətli alternativ xidmət olmadan əlavə maliyyə yükü ilə üz-üzə qalacaq. Bu isə sosial baxımdan həssas qruplar üçün əlavə çətinliklər yaradır. İkinci səbəb odur ki, göndəriş sistemi hələ institusional olaraq formalaşmayıb.Qanunvericilikdə göndəriş mexanizmi nəzərdə tutulsa da, praktikada ailə həkiminin xəstənin marşrutunu müəyyən edən əsas fiqur kimi rolu hələ tam formalaşmayıb. Həmçinin, informasiya sistemləri və vahid elektron göndəriş mexanizmi bütün ölkə üzrə stabil fəaliyyət göstərmir. Belə şəraitdə birbaşa ixtisaslaşdırılmış həkimə müraciətə görə vətəndaşa maliyyə sanksiyası tətbiq etmək, mexanizmi möhkəmləndirmir, əksinə sosial dövlət prinsipləri ilə uzlaşmır. Məqsəd müştərək maliyyələşmə tətbiq etmək yox, davranışı dəyişməkdir. Bu normanın əsas fəlsəfəsi vətəndaşı ailə həkiminə yönləndirməkdir. Amma bu yalnız o halda mümkündür ki, ilkin səhiyyədə qəbul imkanları real olsun, laborator və diaqnostik minimum paket yerində təmin edilsin və ailə həkiminin verdiyi göndəriş sürətli şəkildə icra olunsun. Əks halda vətəndaş üçün ilkin mərhələ əlavə maneəyə çevrilir", - deyə deputat bildirib.

M.Məmmədli qeyd edib ki, icbari tibbi sığortanın maliyyə dayanıqlığı ilkin səhiyyədən başlayır: "Bütün beynəlxalq təcrübə göstərir ki, xəstəxana və ixtisaslaşmış xidmətlər üzərində qurulan sistemlər uzunmüddətli perspektivdə daha baha başa gəlir.
Əgər biz doğrudan da icbari tibbi sığortanın davamlı olmasını istəyiriksə, ilkin mərhələdə erkən diaqnostika, xroniki xəstəliklərin nəzarəti, profilaktika real maliyyə və təşkilati mexanizmlərlə gücləndirilməlidir.
Bu başa çatmadan, müştərək maliyyələşmə mexanizminin tam tətbiqi düzgün ardıcıllıq deyil. Ona görə də hesab edirəm ki, bu uzadılma icbari tibbi sığorta sisteminin mahiyyətinə zidd deyil, əksinə onun sağlam şəkildə qurulması üçün zəruri keçid mərhələsidir və dövlətimizin vətəndaşı ön planda tutmasının bir nümunəsidir. Bu dəyişiklik faktiki olaraq ilkin səhiyyəni aparılan sistemli islahatlar yolu ilə gücləndirərək səhiyyə modelinin mərkəzinə gətirməyə xidmət etməlidir".

Qeyd edək ki, icbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləği gələn il yanvarın 1-dən ödəniləcək.

Anar Kəlbiyev
 

Seçilən
17
17
unikal.az

10Mənbələr