AZ

Heç kimin inanmadığı mütəxəssis skudettoya doğru addımlayır - Kivu İnzaqidən sonra “İnter”də nəyi dəyişdi?

Ötən mövsümün sonunda Simone İnqazi Çempionlar Liqasının finalındakı darmadağını unudaraq tələsik Yaxın Şərqə yollandı. Gedərkən onu da dedi ki, “İnter”dəki missiyası bitib. Klub rəhbərliyi çətinliklə üzləşdi: aydın oldu ki, komandaya rəhbərlik etməyə hazır olan top səviyyəli bekar məşqçi yoxdu. “İnter”də perspektivi düşünmək istədilər, bu üzdən seçim zamanı ilk variant Sesk Fabreqas oldu. Ancaq “Komo”da maraqlı komanda quran ispan dərhal imtina etdi. Onda diqqətlər “Parma”nı aşağı dəstəyə yuvarlanmaqdan xilas edən Kristian Kivuya yönəldi.

"Football-plus.az" bildirir ki, Kivunun təyinatı məntiqli görünsə də, ambisiyalı addım deyildi. Çoxlarına elə gəldi ki, rumıniyalı mütəxəssisi köhnə əlaqələrə görə gətiriblər – axı o, uzun illər “İnter”in gəncləri ilə çalışıb. Ancaq Kivu “Parma”nın baş məşqçi postunda (ilk təyinatı idi!) inanılmazı bacarmışdı: yarım il ərzində cəmi üç oyunda uduzmaqla 16-cı yeri tutmuşdu.

Kivu daha yığcam məşqçidi
Mövsüm başlamamış insayderlər yazırdılar ki, Kivu ilk növbədə oyun sxemini dəyişəcək – 3-5-2-nin əvəzinə 3-4-2-1-ə keçəcək. Yəni komanda iki yox, insaydların dəstək verdiyi bir forvard ilə oynayacaq. Əslində bu nəzəriyyə qismən doğruldu. “İnter”dəki futbolçu potensialı bu planda yetərincə yığcam olmağa imkan verir.

Yığcamlıq, yəqin ki, rumıniyalı məşqçinin ən əsas keyfiyyətlərindən biridi. O hələ “Parma”da olarkən hücumameyilli 4-3-3 ilə başladı, 4-2-3-1 və 4-1-4-1-i də sınadı, amma sonda 3-5-2-nin üzərində dayandı. Aydındı ki, “Parma” konkret bir rəqibin oyun üslubuna uyğunlaşa bilirdi, “İnter”də də həmin şey baş verir: üç müdafiəçili sxemin içində müxtəlif variasiyalar mövcuddu ki, Kivu oyunun gedişindən asılı olaraq bunlardan birinə əl atır. Formasiya 3-4-2-1-ə, 3-4-1-2-yə və ya zərurət olarsa, hətta 5-3-2-yə çevrilir.

“İnter” aqressiv olub
Ekspertlərin yenilənmiş “İnter”in oyununda vurğuladığı ilk məqan odu ki, hücumlar daha şaquli, pressinq daha intensiv olub. “Neradzurra” indi topa çox nəzarət edir. İnzaqinin vaxtıbda müdafiə fərqli idi – “İnter” pressinqə dərhal əl atmırdı, lazımi məqamı gözləyirdi. İndi isə komanda daha fəal oynayır, oyunu öz qapısından uzaqda saxlayır, rəqibə əl-qol açmağa imkan vermir. Kivu şaquli oyuna həvəs göstərməklə müdafiəçilərlə yarımmüdafiəçilərin işini asanlaşdırıb. Məsələn, diaqonal ötürmələrin sayı artıb, meydanın özünə aid hissəsində topa nəzarət faizi aşağı düşüb.

“Quru” nəzarətdən imtina
“İnter”in hücumları daha kəskin, sürətli və şaquli xarakter alıb. Eyni zamanda, komanda topa nəzarəti də əldən vermir. İnzaqinin vaxtında “İnter” oyun vaxtının təxminən 59,8 faizində topa nəzərət edirdisə, Kivunun vaxtında bu rəqəm 60,3-ə çatıb. Ekspetlərin fikrincə, topa nəzarət daha keyfiyyətli olub – artıq futbolçular boş-boşuna top fırlatmqla hücum üçün münasib məqan gözləmək əvəzinə daha fəal təsir bağışlayırlar.

Zədələr və rotasiya
“İnter”in cari mövsümdəki uğurlarını təmin edən amillərdən biri də ağır zədələrin yoxluğudu. Yalnız Denzel Dyumfris ilə Mateo Darmian uzun müddətə sıradan çıxıb, əsas heyətin qalan oyunçuları isə ardıcıl 5 oyundan artıq buraxmayıblar.

“İnter”in azarkeşləri bir nəfər kimi deyirlər ki, hər şeyin başında daha ağıllı rotasiya dayanır. Yetərincə yaşlı heyətlə çalışmalı olan Kivu yükləməni təcrübəli və gənc oyunçular arasında çox savadlı şəkildə paylaşdı. Halbuki İnzaqinin vaxtında, demək olar ki, dəyişməyən əsas heyət formalaşmışdı. Məhz buna görə kimsə ağır zədə alanda komandanın oyununda ciddi problemlər yaranırdı.

Uğurun sirri
Əvvəlcə “İnter”də Kivunun vəzifəsi bu idi: əla çalışan sistemi korlamamaq. Ancaq bütün amillər qəribə şəkildə üst-üstə düşdü və yeni məşqçinin uğur qazanması üçün ideal şərait yarandı.

Birincisi, Kivu “sükan arxasına” keçənə qədər də oyunçularla tanış idi, onların güclü və zəif tərəflərini bilirdi. “İnter”in əsas heyətinin yayda faktiki dəyişməməsi də rumıniyalı mütəxəssisin işinə yaradı. Bəli, yeni simalar peyda oldu, ancaq komandanın özəyi yerində qaldı.

İkincisi, Kivu gələn kimi hər şeyi radikal şəkildə dəyişmədi. Oyun sxemi həminki kimi qaldı, sadəcə, tədricən əsas prinsiplər dəyişikliyə məruz qaldı. Yeni məşqçi intensivliyi tədrucən qaldırdı, elə etdi ki, futbolçular dəyişikliklərə öyrəşə bilsin.

Nəhayət, üçüncü: yeni çalışdırıcı çox yığcam mütəxəssis çıxdı. Bu keyfiyyət həm konkret rəqib üçün taktika seçimində, həm taktiki eksperimentlərdə, həm də təcrübəli kadrların ağıllı rotasiyasında özünü göstərir.

Bir sözlə, Kivu İnzaqinin qazandığı uğurları möhkəmlətmək üçün özünün unikal oyun prinsiplərini hazırlamalı oldu. İndi meydankı mənzərə İnzaqinin vaxtındakından fərqlənir, ancaq bir qədər də irəli getmək mümkündü. Kristan eksperimentlərə açıq olan məşqçini xatırladır.

Seçilən
3
1
football-plus.az

2Mənbələr