AZ

Vərəsə Vüqar Vanın yeni hekayəsi

Kulis.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Vüqar Vanın "Vərəsə" hekayəsini təqdim edir.

Vüqar Vanın “Vərəsə” adlı hekayəsini oxumaq üzrəsən. Bu hekayə saytda dərc olunacaq. Ola bilsin, gələcəkdə kitaba da salınsın, amma indiki halda yalnız saytdan oxuya bilərsən. Əgər telefondan oxuyursansa, təklif edirəm, telefonu səssiz rejimə qoyasan, mesaj, ya da zəng gəlsə, fikrin yayınmasın. Hansı formada rahat oxuyursansa, elə et. Çalış ayaqların yerə dəyməsin, ayaqlarını harasa qoy, divanın, kreslonun, stolun üstünə. Adamın ayaqları yerə dəyməyəndə oxuduğunu daha yaxşı başa düşür. Yox, kompüterdən oxuyursansa, üstəlik gündüzdürsə, ola bilsin, işdəsən. İşdəsənsə, diqqətli ol, işdə başqa şeylə – xüsusən, hekayə oxumaq kimi mənasız bir şeylə – məşğul olduğuna görə səni danlaya bilərlər. Ətrafda iş yoldaşların da olar, çalış səslərə fikir verməyəsən. Tələsmə, təmkinini qoru, diqqətlə oxu ki hekayədən zövq alasan. Hekayə 1375 sözdən ibarətdir. Təxminən beş-altı dəqiqə vaxtın gedəcək. Sonra yenə həyatına qaldığın yerdən davam edərsən. Hekayə belə başlayır. Atası hekayənin baş qəhrəmanını – bundan sonra onun adı “o” olacaq – ayağıyla dürtüb səhərin şirin yuxusundan oyadır. O, gözlərini açan kimi başa düşür ki, ciddi bir hadisə olub. Atası həyəcan və gərginliklə evin içində ora-bura gedirdi. Sifətində çaşqın ifadə vardı, başına təzəcə pis bir hadisə gəlmiş adamlara oxşayırdı. – Gedək o taydakı torpağa baxaq, eşitmişəm orda nəsə tikirlər, – nəhayət, atası dedi. “O tay” rayonun yuxarısıydı, orda on sot torpaqları vardı, amma necə almışdılar, bilmirdi. Nə kiməsə satırdılar, nə də özləri bir şey tikirdilər. Eləcə tikanlı məftillərlə çəpərləyib saxlamışdılar. Key-key atasının sifətinə baxdı, heç nə başa düşmədi. Görəsən orda nə tikirlər? Onların torpağında kim nə tikə bilər? Atası onu özüylə niyə aparmaq istəyir? Çox vaxt belə məsələləri özü tək həll edirdi. Niyə belə həyəcanlanıb? Heç nə demədi, isti yorğanın altından durmaq istəmirdi, amma nə etməli, soyuq, qarlı bir fevral səhəri onun qabağına belə hadisəylə çıxmışdı. Durub hazırlaşdı, evdən çıxdılar.Çoxdandır atasıyla harasa getmirdi. Uşaqlıqda hərdən onun yanına düşüb toya-yasa, dükana-bazara gedərdi. Yol boyu hər kəslə salamlaşardılar, o da həmişə təəccüblənərdi ki, necə olur atası bu qədər adam tanıyır. Elə bil atasını rayonun başqa sakinləriylə, xüsusən öz yaşıdlarıyla hansısa sirli, gözəgörünməz sehrli tellər bağlayırdı. Atası haçan evdən çıxırdısa, yaşıdları da küçədə görünürdü. Dəfələrlə yoxlamışdı, özü tək çöldə-bayırda olanda, atasının dostlarından birinə də rast gəlməzdi. Rayondan on il olardı çıxmışdı və illərdir bir dəfə də olsun o taydakı torpaq yadına düşməmişdi. Atası yadına salmasaydı, heç indi də yadına düşməzdi. Bəs nə xatırlayırdı o torpaqla bağlı? Bura qədər oxumusansa, deməli, nəsə gözləyirsən. Çünki ortada bir intriqa var və bu intriqa səni maraqlandırır. Bəribaşdan deyim ki, yazıçı hələlik gözlədiyin intriqanı yazmayacaq. Bir az darıxdırıcı xatirələrə keçib qəhrəmanın daxili dünyasını açmağa cəhd edəcək. Xatirələr darıxdırıcı olsa da, hekayənin və qəhrəmanın inkişafına xidmət edirlər. Hekayəçilikdə bu fənddən çox istifadə olunur. Torpağı çəpərləməyi yadındaydı. Məktəbdə oxuyurdu. Atası iki fəhlə tutmuşdu, o da fəhlələrə qoşulub gəlmişdi. Fəhlələr yeri qazdılar, hər bir metrdən bir şpal basdırdılar, tikanlı məftil də çəkib, torpağı çəpərlədilər. Fəhlələrdən heç birini tanımırdı. İşləyə-işləyə arada onunla zarafatlaşmışdılar. İşlərini görüb qurtarandan sonra atası kafedə kabab qonaqlığı vermişdi. Fəhlələr araq da içmişdilər. Çəpərləyəndən sonra bir dəfə satmaq istəmişdilər o torpağı, anası razı olmamışdı. “Vərəsə”, “vərəsələr” ...həmin dövrlərdə ən çox bu sözləri eşidirdi, amma nə başa düşürdü, nə də əhəmiyyət verirdi. Torpağı da satmadılar, qaldı. Ondan sonra haçan haqqında söhbət açıldısa, yenə də həmin sözlər dəydi qulağına.Başqa? Başqa nə xatırlayırdı torpaqla bağlı? Universitetə girib tələbə kimi rayona qayıdanda torpağa baxmağa getmişdilər, yayda. Onda anası hələ sağ idi. Yadına gəldi. Atasıyla yanbayan yerimişdilər. Hətta birinci ona salam verən, hal-əhval tutan da tapılmışdı. Torpağa çatanda uşaqlıqda çəkdikləri tikanlı çəpərdən əsər-əlamət qalmamışdı. Şpalların çoxunu söküb aparmışdılar, qalanlar da küləyə, yağışa, qara tab gətirməyib aşmışdılar. Torpaq baxımsızlıqdan, yiyəsizlikdən pis günə düşmüşdü; alaq otları, tikanlar, plastik butulkalar, sellofan torbalar, köhnəlmiş siqaret qutuları, araq-pivə-limonad şüşələri, kartonlar, pamperslər. Atasının qanı qaralmışdı, dilucu buranı zibilxanaya çevirənləri söymüşdü. Bir-iki aşmış şpalı təzədən basdırmışdılar, çəpəri düzəltmişdilər, amma ikisi də elə orda başa düşmüşdülər, bekara iş görürlər, gedən kimi hər şey əvvəlki vəziyyətinə qayıdacaq. Onda istəmişdi atasından soruşsun, niyə torpağı satmırlar? Yenə “vərəsə”, “vərəsələr” sözlərini eşitməyin dərdindən susmuşdu.Daha nə xatırlayırdı o torpaq haqqında? Universiteti bitirmişdi. Anası da iki il idi ki, yataq xəstəsiydi, ayaqları tutulmuşdu. Zirək, vasvası, həmişə hər şeyi bilən, heç vaxt sirlərini heç kimlə bölüşməyən anasının ölümünə yaxın dərdləşmişdilər, söhbət o taydakı torpaqdan düşmüşdü, anası vəsiyyət eləmişdi ki, mən öləndən sonra nəbadə o torpağı satasan. Südümü sənə halal eləmərəm. Bu dəfə “vərəsə”, “vərəsələr” sözlərinin dərdindən yox, anasının vaxtilə elədiyi hansısa səhvinə görə illər keçəndən sonra xəcalət çəkmək istəmədiyindən çox dərinə getməmişdi. Onsuz da, həmin torpaq onun üçün elə də əhəmiyyətli deyildi, çünki bundan sonra rayonda yaşamayacaqdı. Orda nəsə tikməyin də mənası yox idi. Satmaq da olmurdu. Kimdir rayonda, özü də rayonun yuxarısında torpaq alan? Hamı şəhərə qaçır. İndi anası yoxdur. Bu qarlı, şaxtalı vaxtda üç günlük atasının yanına rayona gəlib. Atası da daha qocalıb, yaddaşı pozulub, telefonu öz əlində görənə qədər bütün evi alt-üst eləyir, qazı-suyu açıq saxlayır, danışdığı şeyləri təkrar-təkrar danışır. Görəsən, o da qocalanda yaddaşı pisləşəcək? Hələ otuz yaşı var. Yetmişdə, səksəndə necə olacaq?.. Anası da yaşa dolduqca yaddaşı pozulmuşdu. Di gəl, hədər gedən ömrünün sonunda imkan tapıb vəsiyyətini eləmişdi. Bu səhər torpaq söhbətini eşidəndə də anasının vəsiyyətini xatırlamışdı, anası sanki onu hansısa təhlükədən qorumaq istəyirdi. Hansı təhlükəydi bəs o? Bilmirdi və bundan sonra da heç vaxt bilməyəcəkdi.Torpaqla bağlı xatirələr bitdi. Sən yazıçının niyyətini göydə tutan oxucusan. Yəqin bu xatirələrdən sənə bəzi mətləblər aydın oldu. Hekayənin əvvəlində atası qəhrəmanı ayağıyla oyadır, heç əlini də vurmur. Yolda da danışmırlar. Deməyə ehtiyac yoxdur ki, atayla münasibət pisdir, bəlkə, atası heç doğma deyil, ögeydir. Onu bilmək olmur, gərək özün bir nəticə çıxarasan. Torpağa qalanda isə... məlum məsələdir, torpaq da problemli torpaqdır. Vərəsələr də varsa, belə çıxır başqa ögey övladlar var. Ananın ölüm anındakı vəsiyyət səhnəsini bir də diqqətlə oxumağı tövsiyə edirəm. Deməli, anası illər əvvəl nəsə bir səhv iş görüb, bəlkə, ikinci dəfə evlənib. Bəlkə, torpaq da birinci ərdən qalan torpaqdır. Dediyim kimi, sən hazırlıqlı oxucusan, bu detallardan özün bir nəticə çıxararsan. Hər şeyi açıqlamağa, qışqırmağa ehtiyac yoxdur, çünki mətnin tonu sakitdir, bəzi şeylər üstüörtülü sızdırılmalıdır. Hər şeyi açıq-açıq demək diletantlıqdır. Əsas torpağın kimə aid olub-olması deyil, torpağın fonunda bir ailənin faciəsi və həyatın sürətlə, amansızcasına dəyişməsinin mənzərəsidir. Qayıdaq hekayəyə. Hekayə belə davam edir. İndi də atası əllərini belində birləşdirib, yavaş-yavaş yeriyirdi. İndi də yoldakı adamlar – bir-birini görməyə, allah bilir, neçə ildir öyrəşmiş bu adamlar – atasıyla salamlaşır, lap yaxınlar hal-əhval tutur, ordan-burdan danışırdılar. Ondan bir-iki addım arxada qalmışdı. Siqaret çəkmək istəyirdi, amma atasının yanında çəkmək olmazdı. Məktəbin yanına çatdılar. Təqribi bilirdi o taydakı torpağa çatmağa nə qədər məsafə qalıb. Məktəbə, məktəbin ətrafına diqqətlə baxdı. Onun oxuduğu vaxtlarda məktəb sarı rəngdəydi, indi isə ağdır. Açıq pəncərələri gördü, hansı pəncərənin hansı sinif otağı olduğunu xatırlamağa çalışdı. Bircə Biologiya otağını tanıdı. Dördüncü mərtəbə, sağdan ikinci və üçüncü pəncərə. Həmişə pəncərə qırağında otururdu darıxdırıcı Biologiya dərsində. Yaz aylarında, isti havalarda sinfin açıq pəncərəsindən çölə baxıb tezliklə tənəffüs olmağını arzulayırdı. Nə üçünsə on bir il oxuduğu dördmərtəbəli, böyük məktəb, indi ona çox balaca göründü. Ətrafına baxdı, dönərxanalar, məktəb ləvazimatları satılan mağazalar açılmışdı.Məktəbin balaca asfalt stadionunun yanından keçdilər. Uşaqlar ora-bura o qədər qaçmışdılar ki, stadionun ortasında qar qalmamışdı. Künclərdə isə əksinə, qar çox idi. Məktəblilər – qızlı-oğlanlı – stadiona doluşmuşdular; kimi sürüşür, kimi topla boş qapıya zərbələr vurur, kimi yıxılmadan qol vurmağa çalışır, qalanları da qartopu, qaçdı-tutdu oynayırdılar. Kimdir bu uşaqlar? Niyə onun oxuduğu məktəbdə oxuyurlar, onun oynadığı stadionda oynayırlar? Top görəsən özlərinindir, ya məktəbin? Heç ona dərs deyən müəllimlər də qalmayıblar, təzə müəllimlər gəlib. Bu mənzərənin ondan ötrü yeganə doğma təəssüratı uşaqların əllərinə əlcək yox, corab geyinməsidir. O da uşaq olanda əlcəkləri islanmasın, evdə qar topu oynadığını bilməsinlər deyə özüylə məktəbə corab götürərdi. Corab da tez islanır, oynamaq olmur. Rayondan çıxdığı heç on il deyil, gör nə qədər tanımadığı uşaq doğulub. Dayanıb uzun müddət onlara tamaşa etmək istədi, amma gördü ki, atası nə üçünsə, geriyə – evə qayıdır. Hekayə burda bitdi. Yazıçı finalı açıq saxlayıb. Təbii, bir çox sonluq ola bilərdi. Sən də, əslində, emosional sonluq, bədii həll gözləyirdin. Atası nəsə deyə bilərdi, torpaqla bağlı sirr açılardı, “vərəsə”nin konkret mənası izah edilərdi, torpağın satıldığı bilinərdi, tikintinin kimə aid olması üzə çıxardı, yaxud tamamilə qəfil, gözlənilməz bir sonluq da ola bilərdi.

Ancaq bəzi boşluqları da sən doldurmalısan. Sənin öz mövcud finalın, alternativ sonluğun, proqnozun olmalıdır. Bəlkə də, bu sənin hekayəndir, qəhrəmanla eyni dünyadasız. Əlinə yaxşı fürsət düşüb, təsəvvür elə ki, bu hekayənin qəhrəmanı, ya da müəllifi sənsən. Bir sözlə, Vüqar Vanın “Vərəsə” hekayəsini bitirdin. İndi həyatına qaldığın yerdən davam edə bilərsən.

“Avropanın meydanları” adlı fotosərgi açıldı

Milli Xalça Muzeyində qrup sərgisi: “Aether”

Qərbi Azərbaycan mövzusunda hekayə müsabiqəsinin qalibləri mükafatlandırıldı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
kulis.az

1Mənbələr