ABŞ Prezidenti tərəfindən idxala 10 faizlik rüsum tətbiqi təşəbbüsü beynəlxalq iqtisadi müstəvidə ciddi müzakirələrə səbəb olub. Qərarın hüquqi tərəfi ilə bağlı ölkə daxilində fikir ayrılıqları yaransa da, əsas sual bu addımın qlobal bazarlara, xüsusilə valyuta məzənnələrinə mümkün təsiri ilə bağlıdır. Azərbaycanın maraqları baxımından isə proseslərin diqqətlə izlənilməsi və mümkün dolayı təsirlərin düzgün qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
İqtisadçı Natiq Cəfərli Editor.az-a açıqlamasında bildirib ki, hazırkı mərhələdə dolların məzənnəsinə ciddi təsir müşahidə olunmur. Onun sözlərinə görə, son günlər valyuta bazarlarında kəskin dalğalanmalar qeydə alınmayıb:

“Tramp administrasiyasının strateji hədəflərindən biri dolların qlobal miqyasda nisbətən zəifləməsidir. Bu yanaşma ABŞ-ın ixrac potensialını artırmaq məqsədi daşıyır. Dolların digər valyutalara nisbətdə ucuzlaşması Amerika məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətini yüksəldə, eyni zamanda ölkəyə turist axınını stimullaşdıra bilər. Milli valyutanın müəyyən qədər dəyər itirməsi ixracın artmasına və iqtisadi fəallığın genişlənməsinə xidmət edən alət kimi qiymətləndirilir”.
Tarif məsələsinə gəldikdə isə, iqtisadçı vurğulayıb ki, ABŞ-ın daxili qanunvericiliyində bu sahədə kifayət qədər mürəkkəb və çoxşaxəli mexanizmlər mövcuddur:
“Ali Məhkəmənin mövqeyinə baxmayaraq, prezidentin müəyyən hüquqi alətlər vasitəsilə rüsum tətbiq etmək imkanları qalır. Yəni əvvəlki qərarların dayandırılması yeni mexanizmlərlə alternativ rüsumların tətbiqini istisna etmir. Hüquqi baxımdan Tramp üçün bu siyasəti davam etdirməyə imkan verən alətlər və fürsətlər mövcuddur və proseslərin hansı istiqamətdə inkişaf edəcəyi yaxın aylarda daha aydın görünəcək”.
// Gülnarə Abasova, Editor.az