AZ

Şamil Sabiroğlu: Xocalıda şahidi olduğum səhnələr ömrüm boyu yaddaşımdan silinməyəcək

Bakı, 24 fevral, AZƏRTAC

Xocalı faciəsinin şahidi olmuş “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin həmtəsisçisi, müharibə veteranı, jurnalist Şamil Sabiroğlu həmin günlərin ağrı-acısını illər keçsə də unutmadığını deyir. O, AZƏRTAC-a müsahibəsində deyib ki, faciədən təxminən iki həftə əvvəl Xocalıda vəziyyətin son dərəcə gərgin olduğu hiss edilirdi.

“Hadisədən 15 gün əvvəl təhlükənin yaxınlaşdığını artıq görürdük. Xocalının işğal oluna biləcəyi ilə bağlı Bakıda aidiyyəti qurumlara məlumat vermişdim. Həmin dövrdə “Səhər” qəzetinin bölgə müxbiri kimi fəaliyyət göstərirdim. Fevralın 11-də 18 nəfər Xocalı sakinini Bakıya gətirmişdim. Onların dövlət orqanlarının nümayəndələri ilə görüşü təşkil olundu. Fevralın 12-si axşam isə Təhlükəsizlik Şurasında Ayaz Mütəllibovla görüş keçirildi. Bildirildi ki, Xocalıya kömək göstəriləcək. Təəssüf ki, vəd yerinə yetirilmədi”, – deyə müsahibimiz xatırlayır.

Şamil Sabiroğlu soyqırımı törədilən gün Ağdamın Şelli–Qaraqaya istiqamətində olduğunu deyir. Onun sözlərinə görə, hadisələr başlandıqdan sonra əsas məqsəd yaralıların xilas edilməsi olub.

“Çox ağır və dəhşətli mənzərə idi. Ermənilər dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq törədirdilər. Hətta körpələrə belə aman verilmirdi. İnsanlara işgəncə verilirdi. Biz yaralıları xilas etməyə çalışırdıq. Bu ağrını ifadə etmək çətindir. İllər keçsə də, o səhnələr gözümün önündən getmir. Sülh müqaviləsi imzalansa belə, içimizdəki soyqırımı harayı susmayacaq. Yaşadıqlarımız qan yaddaşımıza çevrilib”, – deyə jurnalist vurğulayır.

Xocalının və digər işğal altındakı torpaqların azad olunması xəbərini böyük qürur və sevinc hissi ilə qarşıladığını deyən Şamil Sabiroğlu bunu Azərbaycan dövlətinin və xalqının gücünün təntənəsi kimi qiymətləndirir.

“Torpaqlarımız azad olunanda keçirdiyimiz hissləri sözlə ifadə etmək çətindir. Bu, sadəcə bir şəhərin deyil, bütövlükdə Vətənin azadlığı idi. Azərbaycan öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi. Bu torpaqlarda aparılan quruculuq işləri isə böyük gələcəyin başlanğıcıdır”, – deyə o qeyd edir.

Şamil Sabiroğlu işğaldan azad olunduqdan sonra iki dəfə Xocalıya səfər etdiyini də bildirib. O vurğulayıb ki, uğrunda bu qədər mübarizə aparılan torpaqlara yenidən qayıtmaq həm qürurverici, həm də kövrək anlarla doludur.

 

Seçilən
10
1
azertag.az

2Mənbələr