AZ

Folklorşünas: Su çərşənbəsi təbiətin oyanışının və həyatın ilkin başlanğıcının rəmzidir

Bakı, 24 fevral, Günel Alıyeva, AZƏRTAC

Su kultu türklərin dünyagörüşündə ən qədim inanc qatlarına söykənən sakral anlayışlardan biridir. Qədim türklər “su” sözünün yerinə “sub” ifadəsini işlədirdilər və bu anlayış “Yer–Su” inancı ilə sıx bağlı idi. “Yer–Su” konsepti torpaqla suyun birlikdə müqəddəsləşdirilməsini ifadə edir, təbiətdə görünməyən, lakin varlığına inanılan sakral güclərin mövcudluğunu özündə ehtiva edirdi. Qədim təsəvvürlərə görə dağın, ağacın, odun, suyun öz ruhu vardı və bu ruhlar “İzi” və ya “İye” adlandırılırdı. Hər çayın, hər bulağın bir iyesi olduğuna inanılır, suyun həm həyatverici və qoruyucu, həm də zərurət olduqda cəzalandırıcı gücə malik olduğu düşünülürdü. Buna görə də suya hörmətlə yanaşmaq qədim türk dünyagörüşünün ayrılmaz hissəsi idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, folklorşünas Könül Həsənova bildirib.

Onun sözlərinə görə, şaman ənənələrində su təmizləyici və qoruyucu sakral element kimi qəbul olunurdu. Pis ruhları qovmaq, xəstəlikləri sağaltmaq, ölülərin ruhları ilə əlaqə yaratmaq məqsədilə su səpmə mərasimləri keçirilir, hidromantiya - suya baxaraq fal açma ayinlər icra olunur, suya dua və niyyət edilirdi. Su kultu ilə bağlı rituallar həm keçmişdə , həm də bu gün müxtəlif formalarda yaşamaqdadır.

K.Həsənova qeyd edib ki, Novruz mərasimləri Boz ayın başlanğıcı ilə start götürür və insanın kosmosla münasibətini mədəni kodlar vasitəsilə ifadə edir. Onun sözlərinə görə, Novruzun atributları – səməni, tonqal, qoğal, şəkərbura, paxlava, boyanmış yumurta – kainatın miniatür modeli kimi çıxış edir. Qədim insanlar təbiətdə baş verən prosesləri – göy cisimlərinin hərəkətini, gecə ilə gündüzün bərabərləşməsini, günəşin isinməsini, torpağın oyanışını diqqətlə izləyib, axar suların səsində həyatın sirrini və zamanın axışını duyurdular.

Folklorşünas bildirib ki, xalq arasında “Sular Novruzu”, “Gül çərşənbə”, “Əzəl çərşənbə” kimi tanınan Su şərşənbəsi ilin ilk çərşənbəsi hesab olunur və təbiətin oyanışının, həyatın ilkin başlanğıcının rəmzidir. Onun ilk olması təsadüfi deyil. Çünki təbiətdə əvvəlcə su oyanır, sonra torpaq dirçəlir. Buzların əriməsi, çayların coşması, suyun şaqraq səsi torpağı oyadır, ona can verir.

Onun sözlərinə görə, dünya suyun içindən formalaşır, insan da su mühitində inkişaf edir. Amniotik maye özü yaddaş daşımır, lakin insan həmin mühitdə formalaşdığı üçün su ilə arxaik, mifoloji bağlılıq şüuraltı səviyyədə qorunub saxlanılır. Buna görə də insan doğulduqdan sonra da su və su simvolları ilə dərin mənəvi əlaqə hiss edir.

“Su çərşənbəsi göylə yerin, təbiət ünsürlərinin görüş nöqtəsidir. O, son nəfəsini verən qışın göz yaşları, həyatı təmsil edən baharın isə sevinc dolu qəhqəhəsidir”, - deyə K.Həsənova vurğulayıb.

Seçilən
7
1
azertag.az

2Mənbələr