AZ

Qubada keçirilən 10 oyunun nəticəsinə yenidən baxılmalıdı? - "Spartak" - "Syon" oyunu kimi!

Bazar günü Quba Olimpiya İdman Kompleksində keçirilən “İmişli” - “Şamaxı” oyunundan əvvəl başverənlər gündəm olub. Belə ki, oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov bildirib ki, qapılardan biri digərindən 11 sm hündür imiş.

Ümumiyyətlə, bu problemi kim aşkarlayıb? Klubun mətbuat katibi Yusif Hüseyn “Futbol+”ə açıqlamasında dedi ki, fərqi klubun əməkdaşlarından biri görüb. Daha sonra AFFA nümayəndəsinə məlumat verilib, problem aradan qaldırılıb.

Ümumiyyətlə, bu problem necə yaranıb? Əvvəlki oyunlarda da eyni hal yaşanıbmı? Sualı PFL-in Media və Marketinq direktoru Sənan Abdullayevə ünvanladıq:

“Oyunların təşkili məsələlərində əsas şəxslərdən biri AFFA nümayəndələridi. Bu şəxslər öz müəyyən etdikləri, bir çox hallarda isə klublar tərəfdən edilən müraciətlər, şikayətlər əsasında oyunun təşkilinə mane ola biləcək çatışmazlıqların aradan qaldırılması yönündə çalışır. Bu barədə PFL-ə məlumat verilir, ardından isə məsləhətlər əsasında işlər yoluna qoyulur. Bu dəfə də eyni hal yaşanıb. Quba Olimpiya Kompleksinin stadionunda qapıların ölçüsündə hansısa problem olmayıb. Sadəcə, meydança təbii örtüklü olduğundan dünyanın hər bir yerində tez-tez rast gəldiyimiz qapıçıların dayandığı nöqtədə kiçik çöküntü yaşanıb. Bu barədə “Şamaxı”dan AFFA nümayəndəsinə xəbər verilib. Yoxlamadan sonra 7-8 sm çöküntü olduğu aşkarlanıb və dərhal da yoluna qoyulub. Ayxan müəllimin bildirdiyi kimi qapının standartları ilə bağlı “qlobal” bir hal yaşanmayıb. Burda şişirdiləcək bir şey olmayıb. Təbii örtüklü meydançalarda tez-tez yaşanan hadisədi. Əvvəlki oyunlarda belə problem olmayıb”.

Sənan Abdullayev Ayxan Abbasovun bu problemi mətbuat konfransında bildirməsini etik olmadığını da dedi:

“Ümumiyyətlə, bu tip halların klublar tərəfindən AFFA nümayəndəsinə bildirilməsində qəbahət bir şey yoxdu. Məsələn, oyunöncəsi iclasda iştirak edən rəqib komandanın nümayəndəsi isti suda problem yaşandığını bildirməsə, AFFA nümayəndəsi onu necə bilə bilər? Və ya təcili tibbi yardım, elektron tablo və s. problemlər barədə klubların nümayəndəni məlumatlandırması və problemin aradan qaldırılması standart bir prosedurdu. Məsələn, fevralın 5-də ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində Şamaxıda keçirilməli olan matç ərəfəsində güclü qar yağmışdı. Qarın təmizlənməsi yalnız klubun ümidinə qalsaydı, oyun baş tutmayacaqdı. Ancaq bu barədə klubdan məlumat veriləndən sonra AFFA və PFL-in birlikdə səyləri ilə ora sırf bu işlər üçün nəzərdə tutulmuş qartəmizləyən maşın göndərildi, oyunun vaxtında 20 dəqiqəlik gecikmə imkanı yaradıldı və s. Nəticədə oyun keçirildi. İndi Qubada belə bir halın yaşanması, təbii ki, çatışmazlıqdı və çatışmazlığın aradan qaldırıması da normal haldı. Amma bunun mətbuat konfransında səsləndirilməsini etik saymırıq”.

Xatırladaq ki, futbolda qapıların hündürlüyü 2,44, uzunluğu isə 7,32 metrdi. İndi belə çıxır ki, Qubada qapılardan birinin hündürlüyü 2,55 metr olub. Daha bir maraqlı məqam var. UEFA kubokunun 1997/98 mövsümündə “Spartak” – “Syon” oyunu məhz “Lokomotiv” stadionundakı qapılardan biri standartlardan 12-15 sm alçaq olduğuna görə yenidən keçirilmişdi. İndi belə çıxır ki, Qubada keçirilən 9 çempionat, 1 kubok oyununun nəticəsinə də yenidən baxılmalıdı?

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
10
1
football-plus.az

2Mənbələr