AZ

Xocalı soyqırımı: qisas qiyamətə qalmadı



XX əsrin sonlarında baş vermiş Xocalı soyqırımı bütün bəşəriyyətin yaddaşında silinməz iz qoymuşdur. Həmin gecə dinc sakinlərə qarşı həyata keçirilən hücum öz qəddarlığı ilə dünya tarixində nadir hallarda rast gəlinən vəhşilik nümunəsi olmuşdur.

Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımını belə xarakterizə etmişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür”.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş Sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmişdir. Dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla divan tutulmuşdur. Şəhəri tərk edən əhali pusquya salınmış, qadın və uşaqlar dağlarda donvurma nəticəsində həlak olmuşdur. Hücum zamanı şəhərdə qalan əhali əsir götürülmüş, bir çoxu xüsusi qəddarlıqla öldürülmüşdür. Rəsmi rəqəmlərə görə, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 ahıl həyatını itirmişdir. 8 ailə tamamilə məhv edilmiş, 56 nəfər xüsusi qəddarlıqla öldürülmüşdür. İşğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrilmiş, 3200 fərdi yaşayış binası, 105 sosial-məişət obyekti, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və 1 tarix-diyarşünaslıq muzeyi dağıdılmışdır. Şəhərdə XIV–XV əsrə aid türbələr, günbəzlər və məzarlar yerlə-yeksan olunmuşdur.

Xocalı soyqırımı bir çox ölkələr tərəfindən parlament aktları ilə tanınmışdır. Bu ölkələr arasında Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya, Əfqanıstan və Bolqarıstan vardır. ABŞ-ın 24 ştatı da Xocalı soyqırımını tanımışdır.

20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilmişdir. 2013-cü ilin fevral ayında Misirin Qahirə şəhərində keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılmışdır.

Hazırda xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur. Bu abidələr həm faciənin xatirəsini yaşadır, həm də dünya ictimaiyyətinə Xocalının tarixi əhəmiyyətini çatdırır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyev tərəfindən 2008-ci ildə başlanan “Xocalıya Ədalət” kampaniyası dünya ictimaiyyətini Xocalı soyqırımı haqqında məlumatlandırmaq və qurbanların xatirəsini yaşatmaq məqsədini daşıyır. Kampaniya 100 minlərlə insan və 115 təşkilat tərəfindən dəstəklənir. Sərgilər, konfranslar, seminarlar, sosial şəbəkələrdə təşviqat və digər tədbirlər vasitəsilə faciə haqqında ətraflı məlumatlar verilir.

2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusu 30 ilədək müddətdə işğal altında qalan torpaqları azad edib. 44 günlük müharibədə Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz Xocalı qurbanlarının da qisasını alıb. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusu Xocalını separatçılardan təmizləyib. Dövlətimizin başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Hər il fevralın 26-sı “Ana harayı” abidəsi önündə minlərlə insanın iştirakı ilə anım mərasimi keçirilir. 2022-ci ildə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir. Bu yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, dini konfessiyaların başçıları və siyasi partiyaların nümayəndələri iştirak etmişdir.

2024-cü il fevralın 26-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin təməlqoyma mərasimi baş tutmuşdur. Kompleks Xocalının tarixi, coğrafi mövqeyi və bu faciə haqqında məlumatları əks etdirəcək, həmçinin rayonun maketi memorialın bir hissəsi olacaqdır.

2026-cı il yanvarın 19-dək Xocalı şəhəri və kəndlərinə 881 ailə (3602 nəfər) köçürülmüşdür. Məqsəd burada həyatın normal qaydada bərpasını təmin etmək, şəhidlərin xatirəsini yaşatmaq və Xocalı soyqırımı haqqında həqiqətləri gələcək nəsillərə ötürməkdir.


Heydər Əsədov
Milli Məclisin deputatı



Seçilən
11
2
aia.az

3Mənbələr