AZ

Ukrayna Prezidenti Kiyevdəki bunkeri ilk dəfə nümayiş etdirib

ain.az, Azertag saytına istinadən bildirir.

Kiyev, 24 fevral, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə olaraq Kiyevin Bankovaya küçəsindəki Ofis binasının altında yerləşən bunkeri və özünün iş kabinetini nümayiş etdirib.

AZƏRTAC bu barədə dövlət başçısının “Telegram” kanalına istinadla xəbər verir.

Volodimir Zelenski Rusiyanın Ukraynaya tammiqyaslı hücumunun başlanmasının dördüncü ildönümü münasibətilə etdiyi çıxışında hərbi təcavüzün ilk aylarını keçirdiyi bunkeri nümayiş etdirib.

“Bu, Bankovaya küçəsindəki bunkerdəki kiçik otaqdır və müharibənin əvvəlində dünya liderləri ilə ilk söhbətlər burada olub. Burada mən Amerika Birləşmiş Ştatları Prezidenti Co Baydenlə danışmışam və məhz bu otaqda eşitmişəm: “Volodimir, təhlükə var, dərhal Ukraynanı tərk etməlisən. Biz kömək etməyə hazırıq”. Mən cavab verdim ki, mənə taksi yox, silah lazımdır”, - deyə Ukrayna Prezidenti bildirib.

Yayımlanan videoda o, həmçinin vətənpərvərlik plakatları ilə bəzədilmiş dəhlizlərdən keçib.

Qeyd edək ki, Ukrayna Prezident aparatı Bankovaya küçəsi 11-də yerləşir. Bu bina 1936-1939-cu illər arasında 1870-ci illərə aid bir binanın təməli üzərində inşa edilib. Əvvəllər burada Kiyev Xüsusi Hərbi Dairəsinin, daha sonra isə Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin qərargahı yerləşirdi. Bina təntənəli Stalin dövrünün imperiya üslubunda tikilib, həmçinin klassik və Ukrayna Barokko üslublarının elementlərini ehtiva edir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
azertag.az

2Mənbələr