ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Bir neçə həftə əvvəl Bakıda yaşanan olay lombardlarla bağlı problemi yenidən aktuallaşdırıb. Belə ki, Türkanə Ağayeva adlı şəxs Bakıxanov qəsəbəsi ərazisində işlədiyi müddətdə 17 nəfərin etibarından sui-istifadə edərək külli miqdarda mənimsəmə və dələduzluq törədib. Müəyyən olunub ki, o, müştərilərdən kredit qarşılığında girov götürdüyü qızıl-zinət əşyalarını borc tam ödənilsə də geri qaytarmayıb. “Lombard Türkanə” kimi tanınan qadının zərərçəkmişlərə vurduğu ümumi ziyanın 400 min manata yaxın olduğu bildirilib.
Lombardların hüquqi tənzimlənməsi necədir? Girov qoyulan əşyalar notarial qaydada təsdiqlənir?
Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, lombardların fəaliyyəti Mülki Məcəllə və “Lombardlar haqqında” Qanun ilə tənzimlənir:
“Lakin qeyd olunan hal açıq-aşkar dələduzluq faktıdır. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməklə hər bir epizod üzrə ayrıca və ya bütün ərizələr birləşdirilməklə cinayət işinin başlanması mümkündür. Qızıl məmulatlarının lombarda təhvil verilməsi və ümumilikdə lombard müqavilələri tərəflər arasında notariat qaydasında təsdiqlənmir. Tərəflər arasında bağlanan müqavilə əsasında girov münasibətləri yaranır və lombardın qəbul etdiyi qızıla uyğun olaraq girov bileti təqdim olunur. Həmin andan etibarən girov predmetinin qorunmasına və qaytarılmasına görə məsuliyyət lombardın üzərinə düşür”.
Ramil Süleymanov
Hüquqşünas bildirib ki, lombard qoyulan girovu yalnız borc ödənildiyi halda sahibinə qaytarmalıdır:
“Hazırkı vəziyyətdə isə 17 nəfərə məxsus qızılın mənimsənilməsi Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə tövsif olunur və vurulmuş zərərin məbləğindən asılı olaraq müvafiq cəza nəzərdə tutulur”.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində sərbəst mühakimə edilən xanım müttəhim ittihamlarla razılaşmasa da, toplanmış sübutlar əsasında təqsirli bilinib. Hökmə əsasən, Türkanə Ağayeva 5 il 8 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Ləman İmran
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.