“Kalaşnikov” konserni 2026-cı ilin dövlət müdafiə sifarişi çərçivəsində qısaldılmış AK-12K avtomatlarının ilk partiyasını Rusiya Ordusuna təhvil verib.
“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, bu məhsula xüsusi hərbi əməliyyat zonasında böyük tələbat var və cari ildə onun istehsal həcmi əhəmiyyətli dərəcədə artırılıb.
Qısaldılmış 5.45 mm-lik AK-12K avtomatı “Kalaşnikov”un konstruktor kollektivi tərəfindən Hava-Desant Qoşunlarının hücum və kəşfiyyat bölmələrinin tələbi əsasında hazırlanıb və qısa müddətdə planlı seriya istehsalına buraxılıb.
AK-12K müasir döyüşün tələblərinə cavab verən təkmilləşdirilmiş texniki, erqonomik və istismar xüsusiyyətləri ilə seçilir. Daha kiçik ölçü və çəki göstəricilərinə baxmayaraq, o, tamölçülü 5.45 mm-lik AK-12-nin bütün əsas keyfiyyətlərini qoruyub saxlayıb. Silah aşağı səs-küylü atəş cihazı (səsboğucu) ilə komplektləşdirilib.
“Kalaşnikov” avtomatlarının istehsalında ilk dəfə tətbiq edilən “Multicam” rənglənməsi istifadəçilər tərəfindən döyüşçülərin və onların silahlarının effektiv maskalanmasını təmin etdiyinə görə müsbət qiymətləndirilib.
AK-12K avtomatının əsas texniki xüsusiyyətləri:
Kalibr: 5.45 mm
İstifadə olunan patron: 5.45×39 mm
Maqazinsiz, kəmərsiz və ləvazimatsız kütlə: 3.4 kq-dən çox deyil
Maqazin tutumu: 30 patron
Avtomatın uzunluğu (səsboğucusuz):
Döyüş vəziyyətində: 810 mm
Yürüş vəziyyətində: 570 mm
Lülə uzunluğu: 290±20 mm