İsveç–amerikalı biznes-ledi Barbro Ehnbom, qadınların biotexnologiya, maliyyə və digər “kişi dominant” sahələrdə irəliləməsi üçün yaratdığı proqramın iştirakçılarının fotolarını on ildən artıq müddətdə maliyyəçi Cefri Epşteynə göndərib.
Ölkə.Az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin açıqladığı və "Politico" tərəfindən araşdırılan məktublara görə, Ehnbom “Best & Brightest” (BBB) klubunun bəzi üzvləri ilə Epşteyn arasında görüşlər təşkil etməyi təklif edib. Fotoların yanında isə onların yaşı və xarici görünüşü barədə qeydlər yer alıb: “balaca, gözəl, tünd saçlı qız”, “ÇOX CƏLBEDİCİ”, “çəhrayı donlu balaca sarışın… çox gözəldir, deyəsən, zövqünüzə uyğundur”, “bu gün 22 yaşı tamam oldu!!”
Yazışmalar 2005–2018-ci illəri əhatə edir – yəni Epşteynin 2008-ci ildə məhkum olunmasından və həbsdə olduğu dövrdən sonrakı vaxtı da. Məktublar göstərir ki, tərəflər arasında münasibətlər qarşılıqlı marağa əsaslanıb. Ehnbom Epşteyndən İsveçdəki layihələri üçün maliyyə dəstəyi istəyib, o cümlədən İsveç–Amerika Həyat Elmləri Sammiti, BBB klubu və “İlin Ən Yaxşı Qadın İqtisadçısı” təqaüd proqramı üçün.
Yazışmalarda Epşteynin Ehnbomla əlaqəli qurumlara 25 min dollardan 100 min dollara qədər vəsait köçürdüyü qeyd edilir.
Ehnbom vasitəsilə Epşteynlə tanış olan bəzi qadınlar görüşlər barədə müsbət fikirlər səsləndiriblər. Onlardan biri onun dəstəyi ilə Afrikaya səfər etdiyini, digəri isə bu səfəri “arzunun gerçəkləşməsi” adlandırıb.
Bununla belə, Ehnbom sonradan bildirib ki, “bir çox qızların məruz qaldığı sui-istifadə və zərər onu dərindən hiddətləndirir” və Epşteynlə hər hansı əlaqədən “iyrənir”.
Maraqlıdır ki, o, Epşteyn həbsdə olarkən belə əlaqəni kəsməyib. 2008-ci ilin aprelində yazdığı məktubda belə deyirdi: “Cefri hələ də Parisdədir? [ad silinib] Liondan onun yanına gələ bilərmi? Fotoları əlavə edirəm! Xəbər edin!”
Yazışmalarda Nyu-York, Paris və İsveçdə görüşlərin təşkili, hətta bəzi hallarda qadınların Epşteynlə birbaşa "Skype" vasitəsilə əlaqələndirilməsi də yer alıb.
Epşteynə qarşı cinsi cinayətlərlə bağlı istintaq başlayandan sonra da Ehnbom ona dəstək verib. 2007-ci ilin sentyabrında – Epşteyn məhkəmə qarşısına çıxarkən o yazırdı: “Niyə o qadını təqib etmirlər??!! ... Bütün bunları yaşadığınıza görə çox üzgünəm”.
Ehnbom bir vaxtlar Stokholm "School of Economics"də kommersiya hüququ və etika fənlərini tədris edib, həmçinin İsveç–Amerika Ticarət Palatasının idarə heyətində yer alıb. O, proqramlarının məqsədinin qadınlara peşəkar imkanlar yaratmaq olduğunu, Epşteynlə tanışlıq üçün platforma olmadığını vurğulayıb.
Reuters-in Epşteynin onun fonduna ianələri barədə xəbərindən sonra Stockholm School of Economics 2015-ci ildə Ehnbomla əlaqələri kəsib. Məktəb sonradan bildirib ki, vəsaitlərin mənşəyindən xəbəri olmayıb və mediada açıqlanan faktlardan özünü uzaq tutur.
Politico yazır ki, bu yazışmalar Ehnbom və Epşteyn arasında mürəkkəb, tranzaksion xarakterli münasibətləri üzə çıxarır: maliyyə dəstəyi qarşılığında gənc peşəkar qadınlarla əlaqələrin qurulması.