AZ

İran pərdəarxası planın bir parçasıdır – Böyük oyun başlayır

ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırması regionda yeni geosiyasi mərhələnin başlandığını göstərir. Proseslərin miqyası və intensivliyi onu deməyə əsas verir ki, söhbət yalnız taktiki addımdan deyil, daha uzunmüddətli strateji planlamadan gedir. Azərbaycanın yerləşdiyi coğrafiya nəzərə alınarsa, bölgədə baş verən hər bir dəyişiklik həm təhlükəsizlik, həm də enerji maraqları baxımından diqqətlə təhlil olunmalıdır.

Politoloq Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, ABŞ-ın Yaxın Şərqdə genişmiqyaslı hərbi qüvvə cəmləşdirməsində hədəf təkcə İran deyil:

“Əsas hədəf İranın mövcud siyasi rejimi və siyasət kursudur, lakin Vaşinqtonun planı bununla məhdudlaşmır. Bu proses daha çox uzunmüddətli regional möhkəmlənmə strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Ekspert qeyd edib ki, ABŞ-ın 50-dən artıq iri hərbi gəmisinin təxminən yarısının artıq bölgəyə yönləndirilməsi təsadüfi deyil və bu, ən azı 50–60 illik perspektivə hesablanmış siyasətin siqnalıdır. Gələcək administrasiyaların bu kursu davam etdirib-etdirməyəcəyi ayrıca məsələ olsa da, hazırkı mərhələdə Trampın regionda uzunmüddətli mövcudluq hədəflədiyi görünür”.

Aydın Quliyev vurğulayıb ki, bu strategiya ilk növbədə enerji amili ilə bağlıdır:

“Tramp həm seçki platformasında, həm də indiki siyasi xəttində ənənəvi enerji resurslarına – neft və qaza xüsusi önəm verir. Yaxın 50–60 il ərzində bu resursları tam əvəz edə biləcək alternativ enerji mənbələrinin formalaşması real görünmür. Məhz buna görə də o, alternativ və “yaşıl enerji” siyasətinə tənqidi və bəzən istehzalı münasibət sərgiləyir.

Yaxın və Orta Şərq həm geoiqtisadi, həm də geosiyasi baxımdan dünyanın ən strateji əhəmiyyətli bölgəsidir və Avrasiya ilə birlikdə bu sahədə alternativi yoxdur. ABŞ bu regionun gələcəkdə qlobal enerji və siyasi sistem üçün həlledici rol oynayacağını nəzərə alaraq burada möhkəmlənməyə çalışır. Bu möhkəmlənmə eyni zamanda Çin və Rusiyanın bölgədə təsir imkanlarının məhdudlaşdırılmasına hesablanıb. Quliyev qeyd edib ki, Rusiya və Avropa ölkələrinin regiondakı mövqeləri əvvəlki illərlə müqayisədə zəifləyib”.

Onun sözlərinə görə, hazırda ABŞ və İsrail üçün bölgədə əsas qarşıdurma xətti İranla bağlıdır və Vaşinqton Tehranın təsir imkanlarını minimuma endirməyi strateji hədəf kimi müəyyənləşdirib:

“Bununla yanaşı, Yəmən kimi münaqişə ocaqlarının zəiflədilməsi, Rusiyanın, Avropanın və Çinin regiona gələcək müdaxilə imkanlarının məhdudlaşdırılması da planın tərkib hissəsi kimi qiymətləndirilir. Eyni zamanda, ABŞ-ın Türkiyəni daha çox öz geosiyasi xətti çərçivəsində görmək istəyi də diqqət çəkir. Vaşinqtonun uzunmüddətli planında Yaxın və Orta Şərqdə möhkəmlənməklə yanaşı, Mərkəzi Asiya və Qafqaz üzərində təsir imkanlarını genişləndirmək niyyəti də var. Bu baxımdan, mövcud hərbi eskalasiyanın hədəfi yalnız İranla məhdudlaşmır. İran faktoru daha geniş və uzun illərə hesablanmış geosiyasi strategiyanın ön plan elementi kimi çıxış edir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr