AZ

Rustavidə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Yazını böyüt
Yazını kiçilt

Rustavi Təhsil və Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Hafta.az xəbər verir ki, əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə mərkəzin direktoru Raidə Dərziyeva XX əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Mərkəzin direktoru həmin müdhiş gecədə törədilənləri Rusiya imperiyasının 366-cı alayının vəhşi daşnaklarla birgə həyata keçirdikləri ən qanlı aksiya adlandırıb.

“Dünyanın harasında yaşamasından asılı olmayaraq, heç bir azərbaycanlı xalqımıza qarşı törədilmiş bu vəhşiliyi unutmamalı, təkcə xocalıların deyil, bütün şəhidlərimizin xatirəsini hər zaman uca tutmalıdır”, - deyə R.Dərziyeva bildirib.

Sonra ziyalılardan Rafiq Hümmət, Bəhram İsayev və digərləri 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı şanlı Azərbaycan Ordusunun tariximizə əsl Zəfər dastanı yazdığını qeyd ediblər. Bildirilib ki, bu qələbə ilə şəhidlərimizin qisası alınıb, düşmənə layiqli cavab verilib.

Daha sonra Mərkəzin Azərbaycan dili kursunun şagirdi Lalə Mehdiyeva “Xocalı – daim sızlayan yaramız” adlı esse təqdim edib.

Şagirdlər Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Sonda bu ağır faciə ilə bağlı qısametrajlı film nümayiş olunub.

Tədbirdə Rustavi şəhər ziyalıları, valideynlər, Mərkəzin müəllim və şagirdləri iştirak ediblər.

Seçilən
7
1
hafta.az

2Mənbələr