AZ

Politico: Aİ ölkələri Avropa Komissiyasını məhkəməyə verə bilər...

Avropa Parlamentinin səlahiyyətlərinin genişləndirilməsi Brüsseldə institusional qarşıdurma yaradıb...

Avropa İttifaqına üzv ölkələr Avropa Komissiyasını məhkəməyə vermək imkanını nəzərdən keçirirlər. Buna səbəb Komissiyanın Avropa Parlamentinin səlahiyyətlərini genişləndirmək barədə qərarıdır.

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri Aİ Şurasının məktub layihəsinə istinadən məlumat yayıb.

Sənədin yekun mətninin fevralın 25-də üzv dövlətlər tərəfindən təsdiqlənəcəyi gözlənilir. Layihədə 2025-ci ilin sentyabrında Avropa Parlamenti ilə Avropa Komissiyası arasında əldə olunmuş və Parlamentin səlahiyyətlərini genişləndirən razılaşmaya etiraz ifadə olunur. Qeyd edilir ki, Şura iki institut arasında bağlanmış çərçivə sazişi ilə bağlı dəfələrlə ciddi şübhələrini dilə gətirib.

Məktub layihəsində bildirilir ki, razılaşma Aİ-nin təsis müqavilələrində əks olunan prinsiplərə uyğunluq baxımından suallar doğurur. Həmin prinsiplərə əsasən, qərarların qəbulunda daha geniş səlahiyyətlər Aİ Şurasına məxsusdur və bu qurum Avropa Parlamentindən daha üstün mövqedə dayanır.

Avropa Şurasını narazı salan məqamlardan biri Avropa Parlamenti deputatlarına beynəlxalq danışıqlarda iştirak imkanı verilməsidir. Bundan əlavə, sənədə əsasən, Avropa Parlamentinin üzvləri ticarət sazişlərinin ratifikasiyasından əvvəl Avropa Komissiyasının ilkin razılaşdırma addımlarını təsdiqləmək hüququ əldə edirlər. Həmçinin, Komissiya Parlamentin qanun layihəsinin hazırlanması ilə bağlı sorğusunu yerinə yetirmədiyi halda, bunun səbəblərini ətraflı şəkildə əsaslandırmalı olacaq.

Məlumata görə, sözügedən çərçivə sazişi 9 sentyabr 2025-ci ildə imzalanıb. Onun mətni martın 9-dan 12-dək keçiriləcək plenar iclasda Avropa Parlamentində ratifikasiya edilməlidir. Bundan sonra sənəd Avropa Komissiyası tərəfindən də imzalanacaq.

Beləliklə, Avropa İttifaqı daxilində səlahiyyət bölgüsü məsələsi ətrafında gərginlik artır və üzv dövlətlərin mümkün hüquqi addımı Brüsseldə institusional balansla bağlı yeni mübahisələrə yol aça bilər.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr