AZ

Deputat: Məcburi köçkünlər evlərini özləri tikməlidirlər

Yazını böyüt
Yazını kiçilt

“Qarabağa qayıdan keçmiş məcburi köçkünlər evlərini özləri tikməlidirlər”.

Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü plenar iclasında deputat Razi Nurullayev səsləndirib.

Deputat qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə mühüm işlər görülür. Lakin dövlətin bütün prosesləri təkbaşına həyata keçirməsi və bütün maliyyə yükünü üzərinə götürməsi uzunmüddətli həll yolu deyil. Onun sözlərinə görə, bu model nə dövlət büdcəsi baxımından dayanıqlıdır, nə də insanların həmin ərazilərdə möhkəm şəkildə məskunlaşması üçün optimal yanaşmadır.

R.Nurullayev vurğulayıb ki, məcburi köçkün öz evini özü tikəndə torpağa daha çox bağlanır:

“İnsan evi tikə-tikə həmin məkana öyrəşir, ətrafı tanıyır, dolanışıq yolları axtarır, qonşuluq münasibətləri formalaşır. Bu, psixoloji və sosial baxımdan daha sağlam modeldir. Üstəlik, bu yanaşma dövlət büdcəsi üçün də daha qənaətlidir. Vətəndaş öz evini mövcud qiymətlərlə müqayisədə daha aşağı xərc ilə inşa edə bilər”.

Deputat əlavə edib ki, Qarabağın bərpası yalnız dövlət layihələri hesabına mümkün deyil. Bölgə dövlət nəzarəti altında olmaqla real şəkildə özəl sektora açılmalıdır:

"Kiçik və orta sahibkarlıq üçün daha əlverişli, süründürməçilikdən uzaq mühit yaradılmalı, uzunmüddətli kredit mexanizmləri tətbiq olunmalı, torpaq icarəsi prosedurları sadələşdirilməlidir. Fabriklərin, emal müəssisələrinin, turizm obyektlərinin və xidmət sahələrinin yalnız sənaye zonalarında deyil, ümumilikdə bütün ərazilərdə yaradılması üçün şərait daha da asanlaşdırılmalıdır".

Seçilən
14
hafta.az

1Mənbələr