Bakı, 24 fevral, AZƏRTAC
Qədim türk mifologiyasında su, kainatın ilkin ünsürü sayılırdı. Hətta bəzi miflərdə dünya əvvəlcə sudan yaranmış kimi təsəvvür edilir. Bu baxımdan Su çərşənbəsi kosmoqonik düşüncənin izlərini yaşadır.
Bu fikirlər filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovanın Su çərşənbəsi ilə bağlı yazısında qeyd olunub. AZƏRTAC yazını təqdim edir.
Su çərşənbəsi Novruz öncəsi dörd çərşənbənin birincisidir və xalq inanclarına görə həyatın başlanğıcını simvolizə edir. “Su çərşənbəsi təkcə Novruz ənənəsi deyil, həm də qədim türklərin su kultu ilə bağlıdır. Su müqəddəs sayılır, ona and içilir, suyun “canlı” olduğuna inanılırdı. Bu inamlar !Kitabi-Dədə Qorqud” dastanında da öz əksini tapır – su həm təmizləyici, həm də qoruyucu qüvvə kimi təqdim olunur. İnama görə, Su çərşənbəsi gecəsi bütün sular “təzələnir”. Buna görə də xalq inancında insanlar sübh tezdən bulaq başına gedər, suyun üzərindən atlanar, əl-üzlərini yuyar, niyyət tutardılar. Bu, sadəcə gigiyenik akt deyil, ruhani təmizlənmə rəmzi idi.
Azərbaycan xalqının böyük sevgi ilə qeyd etdiyi bayramların ən önəmlilərindən biri Novruz bayramıdır. Uzun və sərt qışdan sonra baharın gəlişi insanlarda xüsusi sevinc və ümid hissi yaradır. Təbiətin oyanışı ilə bağlı olan Novruz yenilənmə, başlanğıc, bolluq və bərəkət rəmzi kimi qəbul edilir.
Qədim dövrlərdən bəri insanları bir araya gətirən bu bayram bütün Türk dünyasında dirçəliş və oyanışın simvolu hesab olunur.
Novruz mərasim kompleksində su ilə bağlı inanclar xüsusi yer tutur. İlk su, axar su və lal su kimi anlayışlar xalqın su kultuna bağlılığını göstərir. Xüsusilə bölgələrimizdə suyun paklıq və təmizlənmə rəmzi olduğuna inanılır. Bu səbəbdən də bir-birinin üzərinə su tökmək paklanma ritualının tərkib hissəsi kimi qəbul edilir.
Keçmişdə Su çərşənbəsi günü “ilahi başlanğıc” hesab olunduğundana suyu çirkləndirmək, su üstündən hörmətsiz keçmək, suya natəmiz bir şey atmaq, su üstündə bəd dua etmək günah sayılırdı.
Bəzi bölgələrdə axşam vaxtı su qabına üzük və ya başqa əşya ataraq fal açardılar. Bu mərasim bəzən “lal su” adlanırdı – yəni su gətirilərkən danışmaq olmazdı. Danışılan sözün niyyətə təsir etdiyinə inanılırdı.
Qazax, Borçalı, Şirvan və Qarabağ bölgələrində Su çərşənbəsi ilə bağlı mərasimlərdə müəyyən fərqlər müşahidə olunur: bəzi yerlərdə evin künclərinə su səpilir, bəzi bölgələrdə isə su qapı ağzına qoyulur ki, “uğur evə axsın”.
Xalq təqviminə görə, bu gündən sonra çayların buzları daşmağa başlayar. “Su oyandı” ifadəsi işlədilər. Bu isə yazın gəlişinin ilk əlaməti hesab olunurdu.
Su çərşənbəsi xalq təfəkküründə həyatın başlanğıcı kimi qəbul olunur. Qədim inama görə, kainat əvvəlcə sudan yaranmışdır. Su – saflığın, təmizliyin, diriliyin rəmzidir. Su çərşənbəsi günü insanlar səhər tezdən axar su üstünə gedər, əl-üzlərini yuyar, niyyət tutar, suyun üzərindən atlanardılar. Bu, sadəcə bir ənənə deyil, mənəvi yenilənmə mərasimidir. Xalq arasında belə bir deyim var: “Su təmizləyər, su aydınlıq gətirər.” Qədim türk inanclarında su müqəddəs sayılmışdır. Hətta “Kitabi-Dədə Qorqud” dastanında su həyat və paklıq mənbəyi kimi təqdim olunur. Suya and içilməsi, suyun qoruyucu qüvvə hesab edilməsi bu kultun qədimliyini göstərir.