AZ

"Şimal" "Cəbrayıl"a qarşı - YENİLƏNİR

Bu gün və sabah futbol üzrə ölkə çempionatının 1-ci liqasında 16-cı turun oyunları keçiriləcək. Turun bir qarşılaşması – “Səbail” – “Baku Sportinq” matçı “CBC Sport”da, qalan görüşlər isə Peşəkar Futbol Liqasının “1-ci liqa/2-ci liqa” “yutub” kanalında canlı yayınlanacaq.

"Football-plus.az" xəbər verir ki, açılış oyununda “Şimal” “Cəbrayıl”ı qəbul edəcək. Düzdü, meydan sahibi Xaçmaz təmsilçisidi. Lakin sonuncu pillədə qərarlaşan, bu səbəbdən 2-ci liqaya düşməyə real namizəd sayılan komandanın bu görüşdə qalib gəlmək şansı azdı. Odu ki, favorit mövsümə ürəkaçan səviyyədə başlamasa da, sonradan xal ehtiyatını artırmağa nail olan “Cəbrayıl”dı. Günün ikinci oyununda “Səbail” “Baku Sportinq”lə üz-üzə gələcək. Rəqibini “doğma divarlar” arasında sınağa çəkməyə hazırlaşan Bayıl təmsilçisi bu görüşdə mütləq qələbə qazanmalıdı. Əks halda, çempionluq iddiasına növbəti böyük zərbə vurulacaq. Bu üzdən “dənizçilər”in xal fərqini azaltmaq üçün dəridən-qabıqdan çıxacağı gözlənilir. Qonaqlar liderin – “Şəfa”nın ən yaxın izləyicisidi. Buzovnalılar çempionluq yolunda büdrəmək istəmirsə, səfərdə mütləq qələbə qazanmalıdı.

Sabah keçiriləcək görüşlərə gəlincə, “Şahdağ Qusar” “Zaqatala”nı, “Difai” “Şəfa”nı, “Mingəçevir” MOİK-i qəbul edəcək. Qusarlılarla zaqatalalıların duelini həm də ortababların qarşılaşması kimi xarakterizə edə bilərik. İş ondadı ki, Rüstəm Məmmədovun komandasının daha təcrübəli futbolculardan qurulması meydan sahibləri üçün əsl təhlükə mənbəyinə çevrilə bilər. Yəni Qusar təmsilçisi özüylə eyni xala malik, qonşu pillədə qərarlaşan rəqibinə qarşı ehtiyatı əldən verməməlidi. Axı “Zaqatala” oyun tərziylə iddialı kollektivlərə qarşı belə başağrısı ola bilib. Öz aramızdı, bu baxımdan “Difai”ni də fərqləndirə bilərik. Çünki Ağsu təmsilçisi tez-tez olmasa da, bəzən sürpriz nəticələrə imza atır. Odu ki, “Şəfa” meydanda özünü təmkinli aparmalı, rəqibin turnur cədvəlindəki mövqeyinə görə arxayın olmamalıdı. Onsuz da bu il hələ qələbə qazana bilməyən komandanın 1-ci sıradakı yeri təhlükədədi. Bu durumda daha diqqətli olmaqda fayda var. Bəhsə “Mingəçevir” – MOİK görüşüylə yekun vuraq. “Nur şəhəri”nin təmsilçisi tarixində ilk dəfə 3-cü sıraya qədər yüksəlib. İndi təkcə mövqeyi qorumaq yox, ilk və ikinci sırada qərarlaşan rəqiblərlə aradaki xal fərqinin azalmasına çalışmaq mühüm işdi. Meydan sahibləri xal itkisindən qaçmalı, “hərbçilər”in ötən həftə çempionluq uğrunda mübarizə aparan “Səbail”i məğlub etdiyini unutmamalıdı.

24 fevral
Şimal – Cəbrayıl 0:0
Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.00.

Səbail – Baku Sportinq
Bakı, “Bayıl Arena”. Saat 17.00.

25 fevral
Şahdağ Qusar – Zaqatala

Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.00.

Difai – Şəfa
Ağsu, şəhər stadionu. Saat 15.00.

Mingəçevir – MOİK
Mingəçevir, Yaşar Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança). Saat 15.00.

Xal durumu: Şəfa - 33, Baku Sportinq - 32, Mingəçevir, Səbail - 26, Şahdağ Qusar, Zaqatala - 21, MOİK - 18, Cəbrayıl - 13, Difai - 12, Şimal – 5.

Bombardir: Seyxan Fərəcov (MOİK) – 12.

KƏNAN BAHADIR

Seçilən
2
2
football-plus.az

3Mənbələr