AZ

Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib » AzadMedia.az


Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə əvvəlcə soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində açılışı institutun direktoru İbrahim Cəfərov edərək 1992-ci il 26 fevral tarixində baş vermiş Xocalı faciəsinin Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib, həmin dövrdə ölkəmizin mürəkkəb ictimai-siyasi şəraitdə olduğunu qeyd edib. O vurğulayıb ki, xalqımız o illərdə böyük ağrılar yaşasa da, milli iradəsini itirməyib və zaman keçdikcə güclü, müstəqil və qalib dövlətə çevrilib.

Direktor tarixi keçmişlə bu günü müqayisə edərək bildirib ki, bu gün Azərbaycan beynəlxalq aləmdə söz sahibi olan, ərazi bütövlüyünü bərpa etmiş güclü dövlətdir. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atıldığını qeyd edib və tarixi ədalətin bərpasının xalqımızın birliyi və gücünün bariz nümunəsi olduğunu vurğulayıb.

Çıxışının sonunda o, Xocalı qurbanlarının xatirəsinin daim uca tutulacağını, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin hər birimizin borcu olduğunu bildirib.

Sonra çıxış edənlər – Qabil Bayramov, Xəyalə Abbasova, Namiq Əliyarov, Gülçin Dəmirova, Şəfəq Aslanova və Rumiyyə Məmmədrzayeva Xocalı soyqırımının tarixi həqiqətlərindən bəhs edərək bu faciənin heç zaman unudulmamalı olduğunu, şəhidlərin xatirəsinin daim ehtiramla anılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildiriblər.

Çıxışlarda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli yaddaşın qorunması və Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyəti xüsusi qeyd olunub.

Tədbir iştirakçıları şəhidlərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Seçilən
5
2
azadmedia.az

3Mənbələr