AZ

Ukrayna güzgüsü və Azərbaycan paradiqması

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Bu gün bəşəriyyətin tarixində ən ağır günlərdən biridir. 24 fevral 2022-ci ildə Rusiya Ukraynaya hücuma keçdi. Artıq 4 ildir, bu dəhşətli müharibə davam edir. Ukrayna torpaqlarının 20 faizə yaxın bir hissəsi artıq işğal olunub.

Şəhərlər, qəsəbələr, kəndlər dağıdılıb. Ukraynanın paytaxtı - dünyanın ən gözəl şəhərlərindən biri olan Kiyev də daxil olmaqla xeyli şəhərlər atəş altındadır. Açıq havada muzey sayıla biləcək Lvov, Odessa atəş altındadır. Ukraynanın enerji şəbəkələri, həyat üçün vacib infrastrukturu hər gün zərbə alır, hər gün dağıdılır. Artıq dörd ildir, bu barbarlıq davam edir.

İnsan itkilərinə dair rəqəmlər dəhşət saçır, ancaq mən bu rəqəmləri bir daha təkrar burda yazmayacam. Bilirsiniz, niyə?! Təkcə ona görə yox ki, bu rəqəmləri aşağı-yuxarı hamı bilir. Həm də ona görə rəqəm göstərmirəm ki, müharibədə 1 insan həlak oldu, ya 1 milyon insan - ikisi də eyni dərəcədə çoxdur. Azərbaycan xalqı bunun nə demək olduğunu hamıdan, hər halda çoxlarından yaxşı bilir.

Yazının əvvəlini oxuyanlar bəlkə də yarıda dayanacaq, ən yaxşı halda başqa mətnləri oxumağa keçəcəklər. Böyük ehtimalla çoxu artıq vaxt itirmiş kimi hiss edərlər. "Ukraynadan bizə nə?!" deyənlər də olar bəlkə. Ancaq...

Mən daha əvvəl də yazmışdım: Dünya artıq çox kiçilib; Dünyanın bir yerində birinin atdığı güllə hər yerdə hər kəsə dəyir.

Rusiya-Ukrayna müharibəsinin bütün Dünyaya, o cümlədən, bizə gətirdiyi zərərləri çox sadalamaq istəmirəm. Bunu onsuz da hər kəs öz həyatında hiss edir. Hərə bir formada. Azərbaycan da çox yaxından və dərindən hiss edir. Ən azı ona görə ki, Ukraynaya qarşı təcavüzkar müharibə aparan dövlətlə - Rusiya ilə qonşudur və Rusiyada milyonlarla Azərbaycanlı yaşayır. Hələ mən onu demirəm ki, müharibəyə qədər Rusiya və Ukrayna Azərbaycanın ənənəvi ticarət tərəfdaşları olub, hər iki ölkə ilə həm siyasi, həm iqtisadi, həm insani əlaqələr çox sıx idi. İndi bəlli və təbii səbəblərdən bu əlaqələr xeyli zəifləyib.

Ukrayna müharibəsindən niyə yazıram?! Çünki bu müharibə hər kəsi özünə və dünyaya göstərə bilən bir güzgüdür. Hər xalq, hər ölkə, hər insan bu müharibəyə baxanda özünü görür.

Bir vaxtlar Ermənistanla Azərbaycan arasında da belə bir "güzgü" var idi. Orda təcavüzkar da aydın görünürdü, zərərçəkən də. Bu müharibədə haqlı tərəfin - Azərbaycanın yanında duranlar da görünürdü, haqsızın tərəfində duranlar da. Kimin üzündə maska var, müharibədə hamısı açılır, hamı olduğu kimi görünür: zalım-zalım kimi, məzlum -məzlum kimi. "Məzlum" ifadəsini mağmın kimi anlamayın; söhbət haqsızlığa uğramaqdan gedir.

Rusiyanın Ukraynaya qarşı apardığı müharibə də göstərdi ki, Azərbaycan necə böyük bir savaşın qalibidir. Ukrayna hazırda Rusiyadan qorunmağa çalışır. Özü də Ukrayna müharibəyə qədər təbii resurslar, ordu gücü, ərazi, insan resursları, sənaye, kənd təsərrüfatı və sair baxımından Azərbaycandan qat-qat güclü idi. Müqayisəyəgəlməz dərəcədə.

Kimsə düşünə bilər ki, Azərbaycan 30 il müddətində təkcə Ermənistana qarşı Vətən müharibəsi aparmalı olub.

Xeyr!

Bu düşüncə tamamilə yanlışdır. Azərbaycan da Rusiya ilə vuruşurdu. Ermənistan ordusunun tərkibində və yanında aqressiv bir Rusiya var idi. Ən müasir silahlar Ermənistana verilirdi, həm də ya havayı, ya da uzunmüddətli, güzəştli kredit şərtləri ilə. Rusiya Ermənistanla hərtərəfli hərbi və hərbi-texniki əməkdaşlıq edirdi. İndi də edir. Ermənistan iqtisadiyyatının hazırda 80 faizindən çoxu Rusiyanın nəzarətindədir.

Deməyim odur ki, Azərbaycana qarşı Ermənistanın adı altında əslində Rusiya müharibə aparırdı...

Rusiyanın bu işğalçı, dağıdıcı müharibəni öz adından aparmamasının çox səbəbləri var. Onlardan biri Azərbaycana dost görünmək, ticarəti, hər cür başqa dövlətlərarası münasibəti saxlamaq idi. Yəni Rusiya həmişə Azərbaycana dost kimi görünüb, düşmən kimi davranıb.

İkinci əsas səbəb bu idi ki, Ermənistanla Azərbaycanı düşmən tərəflərə çevirəndə onların hər ikisini, bütövlükdə regionu öz təsir dairəsində saxlamaq Rusiya üçün asan olurdu.

Üçüncüsü, Ermənistan müharibə tərəfi kimi görünəndə bütün dünya Ermənistanı müdafiə edəcəkdi, kömək edəcəkdi və etdi də. Mən hələ diaspor dəstəyini demirəm.

Təsəvvür edin: dünyanın aparıcı dövlətləri, böyük güclər otuz il ərzində Ermənistanın adı altında əslində Rusiyaya kömək göstərirdilər. Bu gün həmin güclər Ukraynaya kömək edirlər. Ermənistan Rusiyanın maraqları üçün Azərbaycanla vuruşanda ABŞ sanksiyanı Rusiyaya, Ermənistana deyil, Azərbaycana tətbiq edirdi. Hələ də o məlum-məlun 907-ci düzəliş ləğv edilməyib.

Bunları, bilirsiniz, niyə yazıram?! Baxın, Avropa İttifaqı Ukraynaya 90 milyard avro ayırıb (Macarıstan və/və ya Slovakiya bloklamasa, bu pullar Ukraynaya gələcək). Eyni zamanda Aİ Rusiyaya qarşı 20-ci sanksiya paketini də təsdiqləyib (Macarıstan və/və ya Slovakiya bloklamasa bu paket qüvvəyə minəcək). ABŞ-ın, Böyük Britaniyanın və sair dövlətlərin indiyədək və indinin özündə göstərdiyi, Aİ-nin və üzv ölkələrin daha əvvəl ayırdığı yardımları da hesaba alsaq, bu, ümumilikdə yüz milyardlarla dollar (təxminən 400 milyard dollar civarında) vəsait deməkdir.

Bəs Azərbaycana hansı xarici yardım olmuşdu?! Heç nə.

Bununla belə Azərbaycan öz ərazilərini öz gücü ilə işğaldan azad elədi. Öz ordu gücü ilə, öz iqtisadi gücü ilə, öz mənəvi gücü, milli iradəsi ilə. Heç kimdən yardım almadan, hər hansı belə yardım gözləmədən, əslində real sanksiya altında, ABŞ-ın silah embarqosu, maliyyə dəstəyi embarqosu altında, Avropa İttifaqının qadağaları, təzyiqləri şəraitində Azərbaycan öz torpaqlarını işğaldan azad edib, öz suverenliyinin bərpasına özü nail olub. Bunlar dünyanın Ukrayna "güzgüsündə" gördüyü indiki Azərbaycandır.

Azərbaycanın özündə olan (eləcə də, özündən kənarda özündən olan) xeyli tənqidçisi, təftişçisi, təhrifçisi var. Həm də təhqirçisi var, nə yazıq ki! Bu təhrifçilər Azərbaycanın tarixi uğurunun əhəmiyyətini azaltmağa, hətta heçə endirməyə çalışırlar. Həm hərbi uğurları, həm siyasi uğurları ictimai rəydə sıfırlamağa cəhd göstərənlər var. Özü də kənar dairələrin marağı üçün, xarici kəşfiyyatların diqtəsi ilə.

Elə bilirsiniz, Azərbaycana, dövlətə, dövlət başçısına qarşı informasiya hücumları, mənəvi terror cəhdləri, nəhayət, Vaşinqtonda məlum hadisə - fiziki terror təhlükəsi səbəbsizdir?! Xeyr!

Bu işin arxasındakılar da dərhal məlum oldu: Amerika Erməni Milli Assambleyası (ANKA). Əlbəttə, o, tək deyil, həm də şirmadır. Rusiya faktoru da var.

Diqqətlə baxın: Azərbaycanla Ermənistan arasında sülhü kimlər istəmir?! Rusiya da istəmir, ANKA da. Çünki Cənubi Qafqazda sülh, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsi, bu ölkələrlə normal qonşuluq və ticarət qurması Rusiyanın təsirindən uzaqlaşması ilə yanaşı xarici ölkələrdəki erməni diasporunun da qazanc qaynaqlarını itirməsi deməkdir. Ən azı yüz ildir, xaricdəki erməni diaspor təşkilatları, erməni lobbiçiləri məhz bu xalqın "əzabkeş" obrazından maddi, siyasi qazanc əldə edirlər "erməni soyqırımı"ndan pul qırırlar. Varlı, imkanlı erməniəsilli insanların və olduqları ölkələrdə dövlətlərin cibinə girirlər, parazit kimi gün keçirirlər. Belə bir şəraitdə birdən Azərbaycanla Ermənistan arasında sülh yaranır, "əzabkeş" obrazı dağılır, "erməni soyqırımı" nağılı bitir və pul da kəsilir. Bu zaman həmin o parazit təşkilatlar, qruplar nə edəcək?! Əlbəttə, mane olmağa çalışacaq. Birbaşa və ya öz "siyasi podratçı"ları vasitəsilə.

Dünən özü müharibə vəziyyətində olan, işğalçı müharibənin qurbanı olan Azərbaycan dövləti bu gün Sülh Şurasında qurucu dövlət statusu ilə iştirak edir. Bunu həmin adlarını çəkdiyim dairələr həzm edərmi?! Etməzlər, etmirlər, edə bilmirlər. Bölgəmizdə sülhün olmasını istəməyənlərin isə birinci düşməni, təbii ki, bölgənin birinci dövlətinin birinci şəxsidir. Burda təəccüblü bir şey yoxdur. Ancaq təəssüfləndirici bir şey var, o da bu hücumların piyadaları kimi öz millətimizdən olanların irəli cummasıdır. Həm informasiya cəbhəsində, həm fiziki anlamda.

Sosial şəbəkədə bir hesabda Azərbaycan hakimiyyətinin tənqidçiləri ölkə prezidentinin mühafizəsini əks etdirən bir epizodu, bir görüntünü yayıb, bunu başqa dövlət rəhbərləri ilə müqayisə edirlər, aşağılayıcı şərhlər yazırlar. Bunun özü onu göstərir ki, Azərbaycan dövlət başçısının, sadəcə, siyasi profilini, təmsil etdiyi dövlət gücünü deyil, artıq fiziki varlığını özünə maneə kimi görən qüvvələr var. Buna görə onun - Prezidentin həmişəkindən, yəni əvvəlkindən və indikindən daha çox qorunmasına ehtiyac duyulur. Həm siyasi baxımdan, həm fiziki baxımdan. Müharibədə qələbə qazanmaq üçün cəmiyyət necə bir araya gəlmişdisə, sülh quruculuğu üçün, yəni yeni müharibə təhlükəsinin bloklanması üçün də dövlətə öz dəstəyini göstərməlidir və göstərir də.

P.S. Kim bəyənir, kim bəyənmir, öz işidir, kim razılaşar, kim razılaşmaz, onlar da yenə özləri bilər, ancaq bu, bir həqiqətdir: Prezident İlham Əliyev bölgədə təkcə "köhnə" müharibəyə son qoyan dövlət rəhbəri deyil, həm də yeni müharibənin qarşısını alan bir faktora çevrilib. Sülh quruculuğunda əsas lokomotivə çevrilib. Cənubi Qafqazda sülh istəməyənlər üçün, müharibədə maraqlı olanlar üçün İlham Əliyevin fiziki-siyasi varlığı əsl əngəldir artıq.

Eləcə də, ölkənin içərisi ilə bağlı dağıdıcı planların qarşısında tormozlayıcı gücdür, bunu anlamağa nə var ki?!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
icma.az

1Mənbələr