AZ

Məişət və kənd təsərrüfatında suya necə qənaət edə bilərik? - AÇIQLAMA

Su həyatın əsas mənbəyidir, lakin mövcud ehtiyatlar sonsuz deyil. İqlim dəyişiklikləri və artan tələbat fonunda suya qənaət artıq seçim yox, zərurətə çevrilib. Hər damcıya məsuliyyətlə yanaşmaq həm bu günümüz, həm də gələcək nəsillər üçün strateji əhəmiyyət daşıyır.Məişət və kənd təsərrüfatında suya qənaətlə bağlı ekoloq Rövşən Abbasov Missiya.Az-a danışıb.

"Həm içməli, həm də suvarma suyundan səmərəli istifadə üçün əsas istiqamətlər müasir suvarma üsullarına keçid və az su tələb edən bitkilərin becərilməsidir. Damcı (damlama) suvarma üsulunda su birbaşa bitkinin kök zonasına verilir və itkilər minimuma enir. Ənənəvi selləmə suvarmada isə su sahəyə axıdılır və bu zaman itkilər 60–70 faiz, bəzən daha çox olur",-ekoloq bildirib.

Rövşən Abbasovun sözlərinə görə, kənd təsərrüfatında yüksək su sərfiyyatı tələb edən bitkilərin əvəzinə daha az su ilə yetişdirilə bilən məhsullara üstünlük verilməsi su ehtiyatlarının qorunmasına xidmət edir. Bu yanaşma həm ekoloji, həm də iqtisadi baxımdan daha dayanıqlı model yaradır.Məişətdə suya qənaət etmək üçün isə suyun təzyiqinin azaldılması, kranların açıq saxlanmaması və suya qənaət edən avadanlıqlardan istifadə effektiv tədbirlərdir. Təzyiqin azaldılması ümumi sərfiyyatın da azalmasına səbəb olur."Su istehlakında məsuliyyətin artırılması üçün balanslı qiymət mexanizmləri və maarifləndirmə vacibdir. İnsanlar istifadə etdikləri suyun dəyərini dərk etdikcə, qənaət davranışı daha da güclənir. Bağ və parklarda texniki sudan istifadə genişləndirilməlidir. Məsələn, Hövsan aerasiya stansiyasından axıdılan suların yaşıllıq sahələrinin suvarılmasında istifadəsi içməli suya qənaət etməyə imkan verə bilər. Eyni zamanda, Xəzər dənizi suyunun duzsuzlaşdırılması kimi texnologiyalar alternativ mənbə kimi suvarmada tətbiq oluna bilər. Suya qənaət yalnız texniki məsələ deyil, həm də cəmiyyətin ortaq məsuliyyətidir",- R.Abbasov əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
13
missiya.az

1Mənbələr