FIFA Meksikada keçirilməsi planlaşdırılan qitələrarası pley-off oyunlarını və bununla bağlı 2026-cı il Dünya Çempionatına vəsiqə qazanacaq komandaları müəyyənləşdirəcək matçları təxirə salmaq imkanını araşdırır.
90deqiqe.Az xəbər verir ki, həmçinin, ABŞ, Meksika və Kanadada 11 iyun – 19 iyul tarixləri arasında keçiriləcək turnirin final mərhələsi də risk altında qala bilər. Bu barədə məlumatı "The Athletic" yayıb.
Bildirilir ki, oyunların təxirə salınması yalnız ekstremal hallarda nəzərdən keçiriləcək və bunun üçün həm təhlükəsizlik orqanlarının, həm də kommersiya tərəfdaşlarının ciddi narahatlıqları olmalıdır. Meksikada narkokartel rəhbərinin öldürülməsi səbəbilə etirazlar və qarışıqlıqlar davam edir. Cinayətkar qruplar hüquq-mühafizə orqanlarına müqavimət göstərir, nəticədə qarışıqlıq və atışmalar baş verir.
Dünya Çempionatına vəsiqə uğrunda keçiriləcək pley-off matçları Yamayka, Konqo və Yeni Kaledoniya milli komandaları arasında 26 – 31 mart tarixləri üçün nəzərdə tutulub. Məsələni mürəkkəbləşdirən amil on minlərlə azarkeşin artıq biletləri alması və hotellərdə rezervasiya etməsidir. Əgər oyunlar təxirə salınarsa, FIFA azarkeşlərə yaranan zərərləri kompensasiya etməli olacaq.