ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Bakıda lombarda qızıl-zinət əşyaları qoyub pul götürən bir qrup sakin aldadıldığını bildirir.
Onların içərisində Türkiyə vətəndaşları da var. Müştərilər aldıqları pulları və faizini tam şəkildə geri qaytarsalar da, girov qoyduqları qızıllarını ala bilməyiblər.
Paytaxtın Səbail rayonu, Əhəd Yaqubov küçəsi 14 ünvanında fəaliyyət göstərən lombarda qızıl-zinət əşyalarını girov qoyub pul götürən bir qrup vətəndaş belə bir iddia ilə “Xəzər Xəbər”in qaynar xəttinə müraciət edib. Zərəçəkmişlərin içərisində Türkiyə vətəndaşları da var.
Xatırladaq ki, bir müddət əvvəl, vətəndaşların qızıl-zinət əşyalarını mənimsəməkdə təqsirləndirilən “Lombard Xəyal”ın sahibi Xəyal Abdullayev və onun köməkçisi Fərid Abuzərli barədə də məhkəməyə şikayət olunmuşdu.
Bununla bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, bu gün lombardların fəaliyyətinin tənzimlənməsi istiqamətində mövcud nəzarət mexanizmi yoxdur:

“Xatırladım ki, 10 il əvvəl lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı "Lombardlar haqqında" yeni qanun layihəsi hazırlanıb. Amma hələ də bu qanun layihəsi qəbul olunmayıb”.
Onun sözlərinə görə, bu gün ölkədə lombardlarla bağlı ciddi problemlər var:
“Lombardlar faktiki olaraq qanunsuz bank fəaliyyəti ilə məşğuldurlar. Əslində lombardlar kreditləri öz pulları hesabına verməlidirlər. Amma onların büdcəsi yoxdur və nizamnamə kapitalları da çox aşağıdır. Lombardlar çox vaxt ya banklardan borc alırlar, ya da vətəndaş hesabına maliyyələşirlər. Yəni lombardların haradan maliyyələşməsinə nəzarət olunmalıdır.
Lombardlarla vətəndaşların problemi ondan ibarətdir ki, vətəndaşların verdiyi zinət əşyalarının eyniləşdirilməsi lazımi səviyyədə olmur. Vətəndaş isə borcunu bağlamağa gələndə lombard onlara başqa qızıl verir və bu sübut oluna bilmir.
Bu gün ölkədə fəaliyyət göstərən lombardlar tez-tez yerlərini dəyişirlər, nəticədə isə onları tapmaq müşkülə çevrilir. Bu halda vətəndaşların lombardda olan qızıl-zinət əşyaları da batmış olur. Məlumdur ki, vətəndaşların verdiyi qızıl-zinət əşyaları onların qarşılığında lombarddan götürdükləri puldan bir neçə dəfə çox olur”.
Ekspert qeyd edib ki, bəzən vətəndaş krediti vaxtında bağlaya bilmədikdə lombard qızıla “əl qoyur” və geri qaytarmır:
“Bu da qanunsuzluqdur, nəticədə həmin lombarddan məhkəməyə şikayət edilməli və hərrac həyata keçirilməlidir”.
Aişə Abdulova
“Cebheinfo.az”
Açar sözlər:
Lombard Əkrəm Həsənov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.