ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hər il Ramazan ayı ərəfəsində cəmiyyət arasında eyni sual yenidən müzakirə mövzusuna çevrilir: imsak və iftar vaxtı dəqiq nə zaman başlayır və bitir? Xüsusilə bəziləri imsakın sübh azanı ilə başladığını deyir, bəziləri təqvimlərdə göstərilən vaxtdan 5-10 dəqiqə əvvəl yeməyi dayandırmağın daha doğru olduğunu bildirir. Hətta azan bitənə qədər yeyib-içməyin mümkün olduğunu iddia edənlər də var.
Oxşar vəziyyət iftar vaxtında da müşahidə olunur. Müxtəlif təqvimlər, fərqli hesablamalar və coğrafi amillər səbəbindən iftarın dəqiq vaxtı ilə bağlı da suallar yaranır. Bəzən eyni şəhərdə belə bir neçə dəqiqəlik fərqlər diqqət çəkir və bu da insanlarda tərəddüd yaradır.
Bəs dini baxımdan bu məsələ necə tənzimlənir? Əsas meyar nədir - azan səsi, təqvimdə göstərilən vaxt, yoxsa ehtiyat prinsipi?
Mövzu ilə bağlı Oxu.Az-a danışan Şəhidlər məscidinin imamı Mirzahid Qənbərov bildirib ki, sahur yeməyi azana qədər yeyilə bilər, amma bir çox insanın ehtiyat tədbiri olaraq 5-10 dəqiqə əvvəl yeyib-içməyi dayandırır:

"Bu da şübhəli vaxt olduğundan irəli gəlir. Amma Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı təqvimdə Azərbaycanda həm azan, həm də imsak və iftar vaxtları var. Bu təqvimlər həm də Şamaxı rəsədxanası ilə dəqiqləşdirilib".
Sualları Oxu.Az-a cavablandıran ilahiyyatçı Ağa Hacıbəyli isə imsak və iftar vaxtlarının Ramazan məktəbinin iki əsas dərsi olduğunu xatırladıb:
"Hər ikisinin də öz-özlüyündə şərtləri və fəzilətləri var. Həmin şərtlərə əməl etmək də daha doğrudur".

"Əvvəlcə onu demək lazımdır ki, bununla bağlı Peyğəmbər əfəndimizin hədisi var. Allah rəsulu buyurur ki, sahur yeməyini bir az uzadın, iftara da tələsin. Lakin bu ölçüləri biz 21-ci əsrdə düzgün təyin edə bilmirik. Bunun üçün də müəyyən təqvimlər var, azan vaxtı əsas götürülür və adamlar da çaş-baş qalırlar ki, görəsən, azan vaxtını, yoxsa təqvimdə təyin olunan zamanı əsas götürsünlər? Hər halda, hər biri doğrudur, sadəcə sahur yeməyini təqvimlərdə görürük ki, azana qədər bir neçə dəqiqə ehtiyat vaxt götürülüb. Həmin ehtiyat vaxt da çox yaxşıdır. Çünki bir insan ehtiyat vaxtdan istifadə edirsə, etsin, yox, etməsə, azan veriləndə artıq oruc başlamış sayılır. Ən yaxşısı isə ehtiyat vaxta əməl etməkdir", - deyə ilahiyyatçı fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.