İsveç hökuməti Ukraynaya 230 milyon kron (təxminən $25,31 milyon) həcmində humanitar yardım ayrılması barədə qərar qəbul edib. Bu barədə hökumət kanselyariyası məlumat yayıb.
“Bu gün hökumət 2026-cı il üçün Ukraynaya 230 milyon kron məbləğində yeni humanitar yardım paketini təqdim edir. Dəstək BMT-nin Ümumdünya Ərzaq Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Uşaq Fondu, Beynəlxalq Qızıl Xaç Komitəsi və “Uşaqları xilas edin” təşkilatı arasında bölüşdürüləcək. Yardım paketi Ukraynanın isitmə, su, yaşayış yeri və ərzaq sahəsində təcili ehtiyaclarını qarşılayacaq”, – deyə press-relizdə qeyd olunub.
İnkişaf sahəsində əməkdaşlıq məsələləri və xarici ticarət naziri Benyamin Dusanın sözlərinə görə, İsveç “Ukraynanın dayanıqlığını qoruyacaq və ən həssas əhali qruplarına ümid işığı verəcək tədbirlər paketi” təqdim edir.
Hökumətin məlumatına əsasən, İsveçin Ukraynaya göstərdiyi hərbi dəstəyin ümumi həcmi 103 milyard kron ($11,37 milyard), mülki dəstəyin həcmi isə 24,7 milyard kron ($2,7 milyard) təşkil edir.