Bakı, 24 fevral, AZƏRTAC
34 il əvvəl, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə bəşəriyyət tarixinə ən qanlı səhifələrdən biri yazıldı. Xocalıda törədilən cinayət təkcə bir şəhərin məhvi deyil, bütövlükdə insanlığa, sivilizasiyaya və beynəlxalq hüququn normalarına qarşı yönəlmiş amansız bir terror aktı idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov səsləndirib.
Xocalı faciəsinin bir günün, bir gecənin hadisəsi olmadığını bildirən deputat qeyd edib: “Ermənistanın faşistləri və onların havadarları aylarla mühasirədə saxladıqları Xocalı şəhərini 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yerlə-yeksan etdilər. Şəhərin dinc əhalisinə amansızlıqla divan tutuldu: 613 nəfər öldürüldü, 1275 nəfər əsir və girov götürüldü. Qətlə yetirilənlərin 63-ü uşaqlar, 106-sı qadınlar, 70-i qocalar idi. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Girov götürülənlərdən 197-nin taleyi hələ də məlum deyil”.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət verildiyini vurğulayan A.Məmmədov deyib: “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət!” kampaniyası sayəsində dünya birliyi bu həqiqətləri daha yaxından tanıyır. Bir çox ölkələr və beynəlxalq təşkilatlar bu hadisəni rəsmən soyqırımı aktı kimi qəbul ediblər”.
Deputatın sözlərinə görə, Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı ABŞ-nin 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib.
“Uzun illər boyu Xocalı bizlər üçün həm də bitməyən bir intizar idi. Lakin 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrındakı antiterror tədbirləri tarixin gedişatını dəyişdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəşadətli Azərbaycan əsgərinin canı-qanı bahasına bu gün Xocalı azaddır.
Şəhidlərimizin qisası döyüş meydanında alındı. Bu gün Xocalıda Azərbaycanın üçrəngli bayrağının dalğalanması həm qurbanlarımızın ruhuna ən böyük ehtiram, həm də xalqımızın sarsılmaz iradəsinin təntənəsidir. Artıq Xocalı bizim üçün təkcə kədər yeri deyil, həm də milli qürurumuzun və dirçəlişimizin simvoludur.
Biz Xocalını heç vaxt unutmayacağıq və unudulmasına imkan verməyəcəyik. Bu faciə bizim həm kədərimiz, həm də sarsılmaz milli birliyimizin rəmzidir. Gələcək nəsillər bilməlidir ki, müstəqilliyimiz hansı ağır sınaqlardan keçərək qazanılıb. Biz bir millət olaraq bu qanlı dərslərdən nəticə çıxarmışıq. Güclü dövlət, güclü ordu və sarsılmaz xalq-iqtidar birliyi bizim gələcək faciələrdən sığortamızdır”, - deyən Anar Məmmədov fikirlərini yekunlaşdırıb.